Xankəndi yolunda dinc, aqressiv olmayan aksiyanı qınayanlara TUTARLI CAVAB

2022-12-22 14:14:00

Xankəndi yolunda dinc, aqressiv olmayan aksiyanı qınayanlara TUTARLI CAVAB

Natiq Cəfərli: "Bəzi beynəlxalq qurumlar, ölkələr Ukraynanın daha kəskin, daha aqressiv, amma hüquqi olaraq haqlı addımlarını alqışlayırlar, amma bizim vətəndaşların dinc aksiyasından narahat olublar"

"Eyni vəziyyətə müxtəlif cür baxanlar, münasibət göstərənlər görəndə bunu anlamıram, deməli, ya düşüncəsiz qərəz var, ya da maddi maraq"

"Krım 2014-cü ildən Rusiya tərəfindən işğal, sonra da qeyri-qanuni "referendumla" ilhaq olunmuş Ukrayna ərazisidir. Rusiya Krımı işğal edəndən sonra ora yol çəkdi, beynəlxalq hüququ tapdalayaraq Krım körpüsünü inşa etdi. İzahı da o oldu ki, orada 3 milyon insan yaşayır, Ukrayna tərəfi Krımla olan bütün quru yolları bağlayıb, Krımda humanitar böhran yaşanır. Ona görə də təhcizat üçün Krım körpüsünə ehtiyac var. Amma dünya, elə bizim ictimai rəy də bu bəhanələrə, humanitar məsələyə önəm vermədi, işğalın davamı üçün körpü tikildiyini bildirdi". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloq qeyd edib ki, Ukrayna haqlı olaraq o körpünü, quru yolu hərbi hədəf saydı: "Bir müddət öncə körpüdə qəliz, düşünülmüş, dünya hərb tarixinə düşəcək əməliyyat keçirərək körpünün bir hissəsini partlatdı. Bununla da işğal altında olan Krımda Rusiyanın təhcizatını ciddi axsatdı. Dünya ictimayyəti və bizim toplum buna necə reaksiya verdi?! Bəli, Ukraynanı haqlı saydıq, çünki bu ölkə, bu xalq işğala, separatizmə qarşı mücadilə verir! Yaxşı, o zaman körpünün partladılmasını alqışlayan, bunu haqlı sayan daxilimizdəki bəzi insanlar, bəzi beynəlxalq qurumlar indi nədən Azərbaycanın işğal altında olan Xankəndinə gedən yolda nəzarət mexanizmlərini qurmaq üçün atdığı addımlardan narahat olub?! Nədən bunu, az qala humanitar faciə kimi təqdim etməyə çalışırlar?! Axı, Azərbyacan yolu partlatmayıb, dağıtmayıb. Əksinə, Xankəndinə daha müasir və təhlükəsiz yol çəkib, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların (bir daha – azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımı, üst kimlikdir) humanitar problemlərini belə həll etmək üçün söz verir, addımlar atır. Amma bəzi beynəlxalq qurumlar, ölkələr Ukraynanın daha kəskin, daha aqressiv, amma hüquqi olaraq haqlı addımlarını alqışlayırlar, amma bizim vətəndaşların dinc aksiyasından narahat olublar?!"

"Bəzi qurum və ölkələri başa düşdük, bəs yaxşı Ukraynanın körpünü partladılıb 3 milyon insanın təminatına problem yaradılmasını alqışlayan bizim bəzi ictimai adamlar indi nədən Xankəndi yolunda dinc, aqressiv olmayan aksiyanı qınamağa cəhd edirlər, bunu humanitar problemın yaradılması kimi qələmə verməyə, bəzi beynəlxalq qurumlara "donos" yazmağa çalışırlar?!" deyən REAL-ın icra katibi əlavə edib ki, Laçın yolu ilə Xankəndinə silah-sursat daşınması faktdır və bunun qarşısını almaq üçün addımlar atılmalıdır: "Dinc yolla addımlar atılırsa, lap yaxşı, elə deyil?! Həm də o yolu Rusiya bağlayıb, bizim vətəndaşlarımızın, o cümlədən erməni əsilli azərbaycanlıların öz ərazimizdə hərəkət etməsinə məhz Rusiya mane olur! Eyni yanaşmanı bu il sentyabr hadisələrində də gördük. Ukrayna beynəlxalq hüquqla tanınan Rusiya ərazilərinə haqlı, özünümüdafiə məqsədi ilə zərbələr endirib hərbi infrastrukturu, təminat yollarını zədələyəndə hamımız bu addımı haqlı saydıq, amma Ermənistanın sentyabrda aqressiv təxribatlarına cavab olaraq Azərbaycan ordusu privintiv addımlar atanda bunu, az qala, təcavüz kimi qələmə verməyə çalışanlar oldu. Yaxşı, bunun adı nədir?! Əgər kimsə əqidəsinə, prinsiplərinə, ideologiyasına görə müharibəyə, yolların bağlanmasına qarşıdırsa, etnik mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq humanitar məsələlərə eyni reaksiya verirlərsə, eyvallah, ideoloji insanlara hörmətim var, amma eyni vəziyyətə müxtəlif cür baxanlar, münasibət göstərənlər görəndə bunu anlamıram. Deməli, ya düşüncəsiz qərəz var, ya da maddi maraq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.156347