XANKƏNDİ YOLUNDA BAŞ VERƏN İNSİDENTİN PƏRDƏARXASI

2023-03-07 09:58:00

XANKƏNDİ YOLUNDA BAŞ VERƏN İNSİDENTİN PƏRDƏARXASI

ADP bu hadisənin Lavrovun səfərindən dərhal sonra meydana gəlməsini təsadüf hesab etmir...

Partiya “Bravo” hipermarketdə baş verən cinayət faktının arxasında da hansısa xarici ölkənin əlinin olması ehtimalını önə çəkir…

Dünən ADP İdarə Heyətinin ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Rusiya Xarici İşlər Naziri S.Lavrovun Azərbaycana səfərinin nəticələrinə münasibət bildirib.

İdarə Heyəti Rusiya dövləti tərəfindən reallaşan bu səfərin ABŞ və Avropa İttifaqının son vaxtlar Cənubi Qafqaz regionunda nüfuz dairəsinin genişlənməsinin, Ermənistan və Azərbaycan arasında keçirilən görüşlərlərin əsas təşəbbüskarı rolunda çıxış etməsinin qarşısını almaqla, bölgədə itən nüfuzunu bərpa etmək amacı daşıdığını bildirib və hakimiyyəti ölkənin beynəlxalq çıxarlarına uyğun müstəqil siyasət izləməyə çağırıb.

Lavrovun görüş zamanı dövlət başçısı İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında Laçın və Zəngəzur dəhlizlərində sərhəd buraxılış məntəqələrinin yaradılması barədə səsləndirdiyi bəyanatın əksinə olaraq mesajlar verməsinə, bu addımın guya 10 noyabr üçtərəfli sazişin müddəları ilə ziddiyyət təşkil etməsi barədə fikirlər səsləndirməsinə diqqət çəkən partiya yetkililəri Rusya rəsmisinin bu cəhdlərini Azərbaycanın suveren hüquqlarına müdaxilə, daxili işlərinə qarışma faktı kimi dəyərləndirib. Qeyd olunub ki, Azərbaycan öz daxili və xarici siyasətini həyata keçirməkdə suveren hüquqa malik dövlətdir və bu sahədə atdığı addımlar beynəlxalq hüquq normalarına, ölkə Konstitusiyasına uyğun olaraq tənzimlənir.

İdarə Heyəti həmçinin Lavrovun Azərbaycanda rusdilli təhsilin yüksək səviyyədə təmin edilməsi barədə fikirlərə, Xarici İşlər naziri Ceyhun Bayramovun öz çıxışını rus dilində aparması faktını qətiyyətlə pisləyib və hakimiyyəti bütün rəsmi görüşlərin dövlət dilində aparılması, dilimizi işğal cəhdindən qorunması üçün təsirli tədbirlər görməyə çağırıb.

İdarə Heyəti “Bravo” hipermarketdə baş verən və bir nəfər mühafizəçinin ölümü ilə nəticələnən cinayət hadisəsinə münasibət bildirib və hakimiyyət orqanlarını bu işdə hər hansı xarici ölkənin əlinin olması ehtimalının, işin kökündə terror faktının durub-durmamasını incələməyə, baş verən hadisənin təfərrüatları barədə ictimaiyyətə geniş məlumat verməyə çağırıb. Qeyd olunub ki, təhlükəsizlik orqanları işin araşdırılmasında yaxın keçmişdə Azərbaycanın ayrı-ayrı yerlərində törədilən terror hadisələri ilə analogiyalar aparmalı və ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində preventiv addımlar atmalıdır.

İdarə Heyəti ABŞ-ın Cənubi Qafqaz danışıqları üzrə baş müşavirinin Azərbaycana səfərini təqdir edib və ölkəmizin Avroatlantik məkana inteqrasiya olunmasında, Qarabağ məsələsinin Rusiyanın təsir dairəsindən çıxarılaraq mütərəqqi Qərbin münaqişənin həllində iştirakının təmin edilməsində bu cür əlaqələrin önəmli əhəmiyyət daşımasını diqətə çatdırıb.

İdarə Heyəti ölkə prezidentinin təyin etdiyi səlahiyyətli nümayəndə ilə Qarabağda yaşayan erməni əhalisinin nümayəndələri arasında keçirilən görüşə münasibət bildirib və hazırkı şəraitdə orada yaşayan erməni vətəndaşlarımızın reinteqrasiya olunması, uzun müddətli sülhün əldə edilməsi, beynəlxalq təzyiqlərin neytrallaşdırılması baxımından bu görüşü təqdir edib və bu cür görüşlərin davamlı olmasının vacibliyini diqqətə çatdırıb. Lakin Xocalıda keçirilən bu görüşün Azərbaycanın işğalında, ilhaqında, parçalanmasında, maddi, mənəvi irsimizin dağıdılmasında, İran və Türkiyə ərazisindən yüz minlərlə erməni əhalisini tarixi torpaqlarımıza köçürərək tarixi torpaqlarımızı ermənilərə bəxşiş edilməsində əli olan, knyazların, canişinlərin portretinin asıldığı bir otaqda keçirilməsi faktının yolverilməz olduğuna diqqət çəkən partiya rəsmiləri növbəti görüşlər üçün daha məqbul variantlar planlamağı, imperiya ambisiyalı Rusiyanın iştirakı olmadan görüşlər keçirməyi məqbul hesab edib.

İdarə Heyəti Xankəndi-Xələfli-Turşsu yolunda baş verən insident nəticəsində şəhid olan hərbçilərimizin doğmalarına dərin hüznlə başsağlığı ünvanlayıb, şəhidlərimizə uca Allahdan rəhmət diləyib. Baş verən hadisənin Lavrovun səfərindən dərhal sonra meydana gəlməsinə diqət çəkən patiya yetkililəri faktın arxasında Rusiyanın durduğunu qeyd edib. Rəsmilər hadisənin məhz rus sülhməramlı kontingentinin nəzarət zonasında baş verməsinə baxmayaraq, onlar tərəfindən heç bir ciddi tədbir görülmədiyini və bu cür insidentlərin dəfələrlə təkrar olunduğunu qeyd edib və Müdafiə Nazirliyinin baş verən hadisədə erməni hərbi-siyasi qüvvələri ilə yanaşı, Rusiyanın da məsuliyyət payı olmasına dair açıqlamasını təqdir edib. Partiya yetkililəri bu cür hadisələrin törədilməsində Rusiyanın maraqlı olduğunu, əsas məqsədinin iki ölkə arasında sülh sazişinin imzalanmasını əngəlləmək, Qarabağda yerləşən rus sülhmərəmlı qüvvələrinin qalma müddətini uzatmaq və bölgədə qalıcı təsirini artırmaq olduğunu bildirib və hakimiyyəti adıçəkilən ölkə ilə siyasətində daha incə, daha uzaqgörən siyasət izləməyə çağırıb.

İdarə Heyəti tanınmış din xadimi Hacı Şahinin ölümündən kədərləndiyini bildirib və onun doğmalarına başsağlığı ünvanlayıb. Eyni zamanda H.Şahinin ölümündən sui-istifadə edərək İranda və Azərbaycanda olan bəzi dini kəsimlərin bu hadisəni siyasiləşdirməsi və mistifikasiya edilməsi faktını pisləyib, xalqımızı bu cür məsələlərdə başqa ölkələrin apardığı məqsədyönlü təxribatlara qarşı ayıq-sayıq olmağa çağırıb.

İdarə Heyəti son zamanlar ölkədə əksər sahələrdə bahalaşmanın durmadan davam etməsi və ölkə iqtisadiyyatının Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə geriləməsi faktına da diqqət çəkib. İdarə Heyəti baş verənləri hakimiyyətin yürütdüyü yanlış iqtisadi siyasətinin nəticəsi kimi dəyərləndirib, bu yanlış siyasətin arzuolunmaz nəticələrə gətirib çıxaracağını nəzərə alaraq, hakimiyyəti ölkədə baş-alıb gedən süni bahalaşma ilə bağlı qanuni tədbirlər görməyə çağırıb.

Hazırladı: KƏNAN


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000877