Xankəndi Vardanyana verilir? – Rusiyanın erməni milyarderi haqda planı...

2022-10-04 12:25:00

Xankəndi Vardanyana verilir? – Rusiyanın erməni milyarderi haqda planı...

“Ruben Vardanyanın Qarabağa gəlməsində təbii ki, rusların marağı var, lakin burada təkcə bir tərəfin marağını qeyd etmək yanlış olardı. Burada erməni diasporunun və lobbisinin də marağı mövcuddur. Hazırda Amerika-Rusiya qarşıdurması dünyada olsa da, bu məsələdə maraqları sanki uzlaşır”.

Hurriyyet.az
xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Politoloq erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın Qarabağa gəlməsinin pərdəarxası məqamlarına toxunub.

Xatırladaq ki, Vardanyan ötən gün Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan Xocalı rayonunun Xanabad kəndinə səfər edib və burada kənd əhalisi ilə görüşüb.

Belə rəylər də mövcuddur ki, Vardanyanın Qarabağa qanunsuz gəlməsinin əsas səbəbi yaxın perspektivdə onun qondarma rejimdə hansısa posta yiyələnməsini istəməsi ilə bağlıdır.

Öz növbəsində. A. Nərimanlı deyib ki, Rusiyanın Vardanyanın Qarabağa gəlişində əsas marağı onun pullu şəxs olmasıdır:

“Təbii ki, Rusiya Qarabağdakı ermənilərin saxlanılması üçün daha çox pul xərcləyir. Müharibənin başa çatmasından sonra bölgəyə pul xərcləyən Rusiya hazırda erməni milyarderlərin bölgəyə cəlb edilməsinə çalışır. Vardanyan da bir növ bu işi həyata keçirir və kapital qoyması üçün bölgəyə cəlb edilib. Həmçinin, oradakı ermənilərin yaşam şəraitlərinin yaxşılaşdırılması Rusiyanın maraqlarına uyğundur. Çünki Rusiya anlayır ki, bölgədə ermənilər nə qədər yaxşı yaşayarlarsa, ruslar da bir o qədər Qarabağda qalacaq. Ermənilərin olması da Rusiyanın mövcudluğunu şərtləndirən amillərdən biridir. Yəni Vardanyanın hazırda sülhməramlıların nəzarətində olan ərazilərdə rahat hərəkət etməsi, istənilən görüşlər keçirməsi də buna hesablanıb”.

Siyasi analitik izah edib ki, Rusiyanın burada başqa bir marağı da var:

“İstisna edilmir ki, müəyyən çirkli pulların yuyulması mexanizmi də əsas hədəflərdən biridir. Təsəvvür edin, Vardanyan Rusiya vətəndaşlığından imtina edir, xüsusən də onun indiki dövrdə, Qərbin Rusiyaya sanksiyalar həyata keçirdiyi bir vaxtda Rusiya vətəndaşlığından imtina etməsi, əslində, Rusiya tərəfindən düşmən münasibəti kimi qarşılanmalıydı. Amma vətəndaşlıqdan imtina edən Vardanyan gəlir Qarabağa və orada rahat şəkildə yaşaya bilir, habelə öz fəaliyyətini yerinə yetirir.

Vardanyanın keçmişinə baxanda isə bu şəxs əsasən, çirkli pulların yuyulması mexanizmini həyata keçirib. Bu barədə Qərb araşdırma institutlarının tədqiqatlarında da göstərilir. Hazırda o, bundan imtina etsə belə, bu barədə kifayət qədər əsaslar mövcuddur. Vardanyanın özü indi də çirkli pulların yuyulması mexanizmini Qarabağ zonasında istifadə edə biləcək. Həm də bu, Rusiyanın özünə xeyirdir, çünki rus oliqarxlarının çirkli pullarının yuyulmasını da Vardanyan burada həyata keçirə bilər. Onu da deyim ki, Vardanyanın erməni lobbisi və diasporu ilə yaxşı əlaqələr var və o, ümumiyyətlə, Rusiyada Qərbpərəst kimi tanınıb”.

Siyasi tədqiqatçı əlavə edib ki, erməni lobbisi və diasporunun əsas marağı isə Qarabağa kapital yatırmaq və onların “Artsax məsələsi”nin daim ayaqda saxlamaqdır:

“Bunun üçün isə mütləq şəkildə pul lazımdır və buna görə də erməni milyarderlər məsələyə cəlb edilir. İstisna deyil ki, Vardanyanın gəlişindən sonra digər erməni milyonçu və milyarderlər də Qarabağa öz kapitallarını yönləndirsinlər. Təbii ki, Vardanyanın gəlişindən sonra onun Fransada erməni diasporunun vasitəsilə bir sıra görüşlər keçirməsi buna hazırlıqdır. Hesab edirəm ki, ümumi əsas fiqur kimi Vardanyanın üzərindən oynayacaqlar.

Lakin onun Araik Arutyunyanın yerinə gəlməsi məsələsi mənə bir qədər daha az inandırıcı görünür. Mənə elə gəlir ki, o, separatçıların başçısından çox daha hansısa “nazir” postunu təmsil edə bilər. Hətta məlumatlar var idi ki, Vardanyan qondarma rejimin “dövlət naziri” postunu belə tuta bilər. Amma hazırda o, Arutyunyanın baş müşaviri olsa belə, sonrakı dövrdə “dövlət naziri” postunda ola bilər. Çünki qondarma rejimin “dövlət nazirliyi” bir çox sahəyə nəzarət edir, o cümlədən Qərbdəki erməni diasporu da hazırda həmin “postda” çalışan qondarma rejimin sabiq ombudsmanı Artak Beqlaryanın vasitəsilə əlaqə qurmağa çalışır. İstisna deyil ki, Vardanyan da məhz həmin postda təmsil oluna və əsas əlaqələr onun üzərindən qurula bilər”.

Həmsöhbətimiz aydınlaşdırıb ki, bu, daha çox separatçı rejimin mövcudluğunu gücləndirməyə və onu qoruyub-saxlamağa hesablanmış bir addımdır:

“Rusiya, ümumiyyətlə, anlayır ki, indiki geosiyasi şərtlərdə o, Qarabağda uzunmüddətli qala bilməz. Hətta 5 ildən sonra bir qədər qalmağa çalışsa belə bu, çətin məsələdir. Lakin indiki situasiyada Rusiya üçün Qarabağ məsələsi həm bölgədə mövcudluğunu qorumaq baxımından lazımdır, həm də ki, sonrakı mərhələdə bölgədən nə isə qazanmaq üçün əsas rıçaqlardan biridir. Hələ ki proses davam etdiyi müddətdə ruslar oradakı separatçı rejimin mövcudluğunu gücləndirməyə çalışır. Vardanyana da bu prosesdə şərait yaradılması buna hesablanıb və güman ki, o yaxın gələcəkdə hansısa “nazir” postlarından birinə yiyələnəcək. Belə gözləntilər var”.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.127400