Xankəndi ilə bağlı şad xəbər - Bu tarixdən qayıdacağıq!

2022-11-18 11:05:00

Xankəndi ilə bağlı şad xəbər - Bu tarixdən qayıdacağıq!

Noyabrın 16-da Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiqləyib. Dövlət proqramında bir sıra mühüm məqamlar yer alıb ki, onlardan biri də Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsidir.

Belə ki, 2025-ci ilə qədər Ağdamdan Xankəndiyə qaz kəmərinin çəkilməsi, onun üzərində qaztənzimləyici məntəqələr quraşdırmaqla kəmərin qollarının tikintisi planlaşdırılır. Tikinti işlərini Dövlət Neft Şirkəti (SOCAR) icra edəcək. Digər icraçılar isə Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsidir.

Hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Xankəndi şəhərinə qaz xəttinin çəkilməsi maraqlı müzakirələrə yol açıb. Bəzi ekspertlər və siyasi şərhçilər hesab edirlər ki, belə bir məsələnin Dövlət Proqramına salınması Xankəndinin yaxın vaxtlarda Azərbaycanın idarəçiliyinə keçəcəyinə işarədir.

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, nəzərdə tutulan qaz kəməri Xankəndinin Azərbaycanın tam nəzarəti altında olacağından xəbər verir.

Onun sözlərinə görə, bu, təbii prosesdir. Artıq dünya da qəbul etməlidir ki, Xankəndi Azərbaycanın suveren ərazisidir. Politoloq düşünür ki, təkcə Xankəndinin yox, Qarabağın dağlıq hissəsindəki bütün ərazilərin gələcək iqtisadi, sosial inkişafı ilə bağlı iri layihələrin hazırlanıb, həyata keçirilməsi nəzərdə tutulur.

Q.Hüseynlinin fikrincə, Azərbaycan Xankəndi və digər ərazilərdə öz suverenliyini 2023-cü il ərzində bərpa edəcək. Onun sözlərinə görə, gələn ildən Xankəndi Azərbaycanın nəzarətində olacaq.

“Azərbaycan Xankəndi üzərində öz suverenliyini bərpa etmək üçün hərbi və digər planlar hazırlayıb. Hesab edirəm ki, Azərbaycan uzağı 2023-cü il ərzində Ermənistanla sülh sazişi bağladıqdan sonra hərəkətə keçəcək və Qarabağın dağlıq hissəsində lazımı addımlar atacaq. Bu gün Qarabağın dağlıq hissəsindəki icma ilə müəyyən əlaqələr var, danışıqlar gedir. Gələcəkdə danışıqların daha geniş miqyasda aparılması ehtimalı istisna deyil. Əlbəttə, danışıqlarla yanaşı, hərbi həll də gündəmdədir. Xankəndi və digər ərazilər nəzarətə alınandan sonra burada da kommunal tələbat Azərbaycanın mərkəzi hakimiyyət orqanları vasitəsilə təmin ediləcək".

Q.Hüseynli onu da qeyd edib ki, azərbaycanlı sakinlər mütləq Xankəndi şəhərinə qayıdacaq, hazırda bu istiqamətdə ciddi addımların atılması düşünülür:

"Xankəndidən deportasiya edilmiş, zorla qovulmuş və bu zaman xeyli itkilər vermiş azərbaycanlı əhali geri qayıdacaq. Ümumilikdə Xankəndi, Xocalı və Xocavənd sakinləri də geriyə qaytarılacaq. Bu, hökumətin Böyük Qayıdış prosesinin mühüm tərkib hissələrindən biridir. Separatçılar əhalinin əsas hissəsindən təcrid olunacaq. Azərbaycan oradakı ermənilərin separatçılar tərəfindən aldadılıb, səhv istiqamətləndirildiyini düşünür. Həmin ermənilərin Azərbaycana inteqrasiyası üçün işlər gedəcək. Bu proses başa çatanda separatçıların çoxu cinayətkar olduğu üçün həbs ediləcək".


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.140915