“Xanımım fevralın 11-də vəfat etsə də, ölüm kağızına tarixi səhv yazıblar”

2022-04-22 11:22:00

“Xanımım fevralın 11-də vəfat etsə də, ölüm kağızına tarixi səhv yazıblar”

Bir müddət əvvəl həyat yoldaşı vəfat edən sığorta üzrə ekspert İlkin İbrahimov ölüm kağızının başqa tarixdə yazılmasından şikayətçidir. 

“Qafqazinfo”ya müraciət edən İ. İbrahimovun sözlərinə görə, xanımı Pərvanə Muradi fevralın 11-də vəfat etsə də, ölüm kağızında bu tarix fevralın 16-sı kimi göstərilib.

O, həmçinin bildirib ki, həmin gün evə çağırdıqları təcili yardım mərhumdan COVID-19 analizi götürsə də, nəticə ilə bağlı arayış bir gün sonraya verilib: “Həyat yoldaşım Pərvanə Muradi fevralın 11-də ağır xəstəlikdən sonra vəfat edib. Axşam saat 7-də təcili yardım çağırdıq, saat 11-də gəldilər. Onlar gəlincə artıq yoldaşım vəfat etmişdi, bildirdilər ki, mərhumdan COVID-19 analizi götürülməlidir. Biz bir neçə gün əvvəl koronavirusdan, həmçinin “Omicron” ştamından analiz versək də, nəticə neqativ çıxmışdı. Lakin razılaşdıq və test götürdülər. Vəfat etməsi ilə bağlı fakt təsdiqləndi, sənəd verib getdilər. Fevralın 12-də mərhumu dəfn edib qayıdan zaman yolda telefonuma SMS gəldi. Bildirilirdi ki, analizin nəticəsi pozitivdir və xəbərdarlıq olunurdu ki, evdən çıxmayaq. 

Zəng edib araşdırdım, dedim həyat yoldaşım fevralın 11-də vəfat edib, necə COVID-19-la bağlı fevralın 12-də analiz verə bilərik? Dedilər ki, cavab nə vaxt çıxırsa, o tarixdə yazılır. Sonra təcili yardımın sənədi əsasında ölüm kağızı almaq üçün 9 saylı Poliklinikaya müraciət etdim. Poliklinikadan verilən ölüm kağızında isə ölüm tarixini fevralın 16-sı yazıblar. Bu insan taleyidir, necə belə səhv edə bilərlər? Əgər COVID var idisə, bizə anında məlumat verilərdi, dəfni xüsusi olaraq icra edərdilər. Əgər bu texniki səhvdirsə, buna görə kimisə cəzalandırıblarmı?”

Hurriyyet.az xəbər verir ki, İ. İbrahimov bildirib ki, bu sənəd digər sənədlərlə uyğun gəlmir. Çünki mərhum iş yerindən ölümü ilə bağlı fevralın 12-də işdən çıxarılıb, ölümünün fevralın 16-da yazılması digər sənədlə də üst-üstə düşmür: “Digər tərəfdən, bu gələcəkdə DSMF-də də problem yaradacaq. Çünki ödənişlərlə bağlı məsələ necə olacaq? Biz tək deyilik, bilirəm ki, belə hallar çox baş verir. Bu məsələlərlə bağlı heysiyyatımızla oynadıqlarına görə üzr istəməlidirlər”. 

Problemlə bağlı TƏBİB-ə müraciət etdik. Qurumdan bildirildi ki, sözügedən məsələ texniki səbəbdən baş verib. Şikayətlə bağlı vətəndaşla bir neçə dəfə əlaqə saxlanılıb. Ona ölüm kağızındakı tarixi dəyişdirmək təklif olunsa da, özü bundan imtina edib.  

 




Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya