"Xameneinin dedikləri tamamilə əsassızdır" - Məlahət İbrahimqızı

2022-07-22 21:19:00

“Qarabağın Azərbaycana qaytarılmasına çox sevinirik. Əlbəttə, işin içində İran-Ermənistan sərhədlərini blok etmək siyasəti varsa, İslam Cumhuriyyəti buna qarşı çıxacaq. Çünki bu sərhəd minlərlə illik əlaqə yoludur"

Bunu Rusiya və Türkiyə prezidentləri ilə görüşdən sonra İranın Ali Dini Lideri Xamenei rəsmi tvitter səhifəsində yazıb.

Bu fikirlər Azərbaycanda haqlı olaraq narazılıqla qarşılanıb.

Elə Milli Məclisin deputatı Məlahət İbrahimqızı da mövzu ilə bağlı narazılığını Redaktor.az-la bölüşdü:

“Azərbaycanın heç bir ölkənin ərazi bütövlüyünə və sərhəd toxunulmazlığı ilə bağlı qanuna müdaxilə etmək niyyəti yoxdur. Azərbaycan dünyanın nadir ölkələrindən biridir ki, istənilən dövlətlə münasibətləri yaxşıdır, başqa ölkələrin ərazi bütövlüyünə, suverenliyinə müdaxilə etməyib. Möhtərəm Prezidentimizin də məhz beynəlxalq aləmdə nüfuzu bununla əlaqəlidir.   

Tarixi qonşumuz olan İranla da münasibətlərimiz hər zaman yaxşı olub. İstər Ulu Öndər Heydər Əliyevin, istərsə də cənab Prezident İlham Əliyevin dövründə qonşu dövlətlərlə münasibətimizin yaxşı olması, yüksək mədəni əlaqələrin qurulması xarici siyasətimizin prioritetlərindən olub”.

Millət vəkili bildirib ki, min il öncə heç Ermənistan dövləti mövcud olmayıb. Necə ola bilər ki, bu sərhəd min illərdir fəaliyyət göstərir?

“İran tərəfindən nə deyilir, deyilsin. Ermənistan dövləti min il öncə mövcud olmayıb. Azərbaycanın qədim dövlətçilik ənənəsi, tarixi var, amma Ermənistanın min il nədi, heç100 illik dövlətçiliyi yoxdur. Hamı bilir ki, hər şey 1805-ci il Kürəkçay müqaviləsindən sonra başladı, Türkmənçay, Gülüstan müqaviləsi bağlandı. Bundan sonra tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda ermənilər üçün dövlət quruldu. Bundan əvvəl Ermənistan dövlətinin var olması ilə bağlı heç bir fikir hüquqi və tarixi fakta əsaslanmır”.

Söhbətimiz zamanı deputat Zəngəzur dəhlizin açılması məsələsini xüsusi ilə vurğulayıb:

“Zəngəzur dəhlizinin açılması, inşa edilməsi heç bir dövlətə qarşı deyil, əksinə qazandığımız möhtəşəm zəfərdən sonra bölgəmizdə çox gözəl yeni əməkdaşlıq platforması yaranıb. Çox gözəl yeni reallıqlar var. 3+3 , 5+1 formatda 6 dövlətin əməkdaşlığından söhbət gedir və bu platformada İran da yer alır. Ona görə də, Xameneinin dedikləri tamamilə əsassızdır”.

Nərmin Vüqarqızı


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060488