Xalqımızı birləşdirən MİLLİ İDEOLOGİYA...

2023-02-21 10:57:00

Xalqımızı birləşdirən MİLLİ İDEOLOGİYA...

Azərbaycançılıq ölkədə milli, dini, irqi və cinsi mənşəyindən asılı olmayaraq, hər kəsi bir araya gətirməyə, milli maraqlar üçün səfərbər etməyə qadirdir

Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada hər kəs, istənilən dinin, millətin və irqin nümayəndəsi özünü güvəndə hiss edir. Yəni, hansı dildə danışırsan danış, hansı dinə sitayiş edirsənsə et, hansı millətin nümayəndəsi olursan ol, istər avropoid, istər neqroid, istərsə də monqoloid ol, bunun heç bir fərqi yoxdur. Əsas odur ki, hamı kimi sən də ölkə qanunlarına əməl et. Bax, o zaman heç bir problemin olmayacaq. Bax, bu ideologiyanın adı azərbaycançılıq, onun banisi isə ümummilli lider Heydər Əliyevdir.

Azərbaycançılıq milli və dövlətçilik maraqlarını, vətəndaşların təməl hüquqlarını özündə birləşdirən ideyadır

Belə ki, məhz Heydər Əliyevin banisi olduğu azərbaycançılıq bu gün Azərbaycan xalqının, ölkə vətəndaşlarının hərmrəyliyini təmin edən əsas ideologiyadır. Bu ideyanın qayəsini Azərbaycanda yaşayan bütün vətəndaşların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi prinsipi təşkil edir. Onu da vurğulamaq lazımdır ki, ümummilli liderin banisi olduğu sözügedən ideologiya ölkə Konstitusiyanın əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Bu, yəni azərbaycançılıq məhz Heydər Əliyevin uğurlu, məqsədyönlü, uzaq gələcəyə hesablanmış siyasəti nəticəsində dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı vahid amal uğrunda birləşdirən ideologiya halına gəlib. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" deyən Heydər Əliyevin azərbaycançılığı dövlət ideologiyası səviyyəsinə yüksəltməsi bunun bariz sübutudur.

Bu arada, ümummilli liderin əsasını qoyduğu azərbaycançılıq ideologiyasından danışarkən onu da qeyd etmək lazımdır ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi də Heydər Əliyevin tarixi xidmətidir. Belə ki, 1991-ci il dekabrın 16-da ümummilli liderin təşəbbüsü əsasında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" qərar qəbul etdi, bu hadisə Azərbaycanlıların mənəvi birliyinin rəmzinə çevrilərək əlamətdar bayram kimi ilk dəfə Naxçıvanda geniş qeyd olundu. Elə həmin andan etibarən azərbaycançılıq xalqımızı birləşdirən milli ideologiya kimi geniş yayılmağa və inkişaf etməyə başladı. Artıq bu gün heç kimə sirr deyil və insafı olan hər kəs təsdiqləyə bilər ki, azərbaycançılıq dövlət ideologiyası kimi ölkədə milli, dini, irqi və cinsi mənşəyindən asılı olmayaraq, hər kəsi bir araya gətirməyə, Azərbaycanın milli maraqları üçün səfərbər etməyə qadirdir. Çünki möhkəm təməllərə dayanan bu ideologiya vətəndaş həmrəyliyi missiyasını təbliğ edir. Odur ki, artıq hər kəs anlamalı və qəbul etməlidir ki, azərbaycançılıq heç də coğrafi anlayış deyil. Bu, milli və dövlətçilik maraqlarını, vətəndaşların təməl hüquqlarının özündə birləşdirən ideyadır.

Mövcud olan sabitliyin, milli, dini, irqi cə cinsi ayrıseçkiliyin olmamasının, dövlət-vətəndaş münasibətlərindəki vəhdətin təməlində ümummilli liderin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dayanır

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, hazırda Azərbaycanda mövcud olan sabitliyin, milli, dini, irqi cə cinsi ayrıseçkiliyin olmamasının, dövlət-vətəndaş münasibətlərindəki vəhdətin təməlində məhz ümummilli liderin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dayanır. Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, bu il mayın 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 29 sentyabr 2022-ci il tarixdə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi haqqında sərəncam imzalayıb. Söz yox ki, bu sərəncam ümummilli liderin şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Danılmaz faktdır ki, məhz ümummilli liderin uzaqgörən siyasəti və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində Azərbaycan bu gün dünya miqyasında sivil, hüquqi, demokratik, dünyəvi bir respublika kimi tanınır və böyük perspektivlərə malik bir ölkə kimi qəbul edilir. Artıq o da öz təsdiqini tapıb ki, Heydər Əliyevin birbaşa rəhbərliyi və qayğısı sayəsində Azərbaycanda XX əsrin 70-80-ci illərində milli özünüdərkin yüksəlişi başlanıb, Azərbaycan dili ilə bağlı məsələlərə önəm verilib, dünya azərbaycanlılarının təşkilatlanması, soydaşlarımızla Azərbaycan arasında əlaqələrin qurulması istiqamətində xeyli işlər görülüb. Məhz bu siyasətin uğurla tətbiqi nəticəsində Azərbaycan dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının vətənidir. Odur ki, çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Lakin azərbaycançılıq Azərbaycan ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Azərbaycançılığın mahiyyəti ilə bağlı ümummilli liderin bir fikrini heç vaxt unutmaq olmaz. Belə ki, Ulu öndər Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında "Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər", deyə qeyd edib. Buradan da aydın şəkildə görünür ki, azərbaycançılıq dövlət ideologiyası kimi bütün vətəndaşların bərabərliyinə, insan haqlarına, cəmiyyətin dinclik və əmin-amanlığa, yüksək mədəniyyətə, ölkədə tarixən formalaşmış maddi-mənəvi dəyərlər sisteminə hörmət deməkdir. Yəni, bu ideya insan haqlarını yüksək tutan, dövlətçiliyə xidmət edən və bu istiqamətdə bütün resursları səfərbər edən ən səmərəli siyasi xətdir. Ölkəmizdə bu cür dəyərli, milli maraqların qorunması baxımından olduqca əhəmiyyətli olan ideologiyanın formalaşdırılması və inkişafı üçün ümummilli lider Heydər Əliyevə minnətdar olmalıyıq!

"Hürriyyət"

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyəsi əsasında çap olunur.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.132347