XALQ MUSİQİ SƏNƏTİ ALƏMİNDƏ ONUN DA MÜHÜM XİDMƏTİ VAR... - Əhsən Rəhmanlı yazır

2022-05-03 22:08:00

XALQ MUSİQİ SƏNƏTİ ALƏMİNDƏ ONUN DA MÜHÜM XİDMƏTİ VAR... - Əhsən Rəhmanlı yazır

Azərbaycan tar ifaçılığı sənətinin usta, mahir ifaçıları bütün dövrlərdə olub və bu gün də var. Haqqında mövzu başladığımız sənətkar həm ifaçılıq, həm pedaqoji sahə və həm də ansambl yönümündə mühüm işləri və zəngin fəaliyyəti ilə seçilənlərdəndir.

Ramiz Hüseyn oğlu İsmayılov 1947-ci il mayın 9-da Bakının Yeni Suraxanı qəsəbəsində anadan olub. 1954-1965-ci illərdə ümumtəhsil məktəbdə oxuyub. 1961-1965-ci illərdə 5 saylı uşaq musiqi məktəbinin tar sinfində təhsil alıb. Onun ixisas müəllimi Əmrulla Məmmədbəyli olub. Ramiz bura qədər Suraxanı mədəniyyət sarayının tar dərnəyində məşğul olub və müəllimi Sabir Ramazanovdan ifa qaydalarını mükəmməl öyrənib. Ramiz İsmayılovun xatirələrindən: “Musiqi məktəbinə qəbul üçün gedəndə tarımı da götürmüşdüm. Direktor Zülfüqar Hacıbəyov dedi ki, tarla niyə gəlmisən, burada ilk olaraq ritm və musiqi eşitmə qabiliyyəti yoxlanılır. Bu zaman Əmrulla müəllim dedi:-Bunun bir tar çalmağını dinləyin. Mən tarı köynəyindən çxarıb çalanda direktor təəccübləndi və tədris hissə müdirinə tapşırdı ki, bu oğlanı III sinfə götürün”.

Ramiz Suraxanı Mədəniyyət Sarayında Elxan Müzəffərovun rəhbərlik etdiyi “Vətən” xalq çalğı alətləri ansamblın üzvü olaraq burada püxtləşmişdi. O, burada ansamblda çalmaq qaydalarını çox yaxşı mənimsəmişdi.

Ramiz orta ümumtəhsil məktəbi yaxşı göstəricilərlə bitirir, odur ki, Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna qəbul olunur. Ali təhsil almasını ona atası da mütləq mənada tövsiyə edir. Ramiz institutda da yaxşı qiymətlərlə oxuyur və ifaçılıqdan da kənar qalmırdı. Belə ki, institutda xalq artisti, məşhur rəqqas-baletmeyster Əlibaba Abdullayevin rəhbəri olduğu rəqs ansamblında çalır. İnstitutun tələbəsi olsa da, burada ali təhsili bitirənə qədər maaşla çalışır. O, bayram konsertlərində, bütün bədii-kütləvi tədbirlərdə ifaçı kimi çıxış edir. Ramiz təhsil aldığı institutun mahnı və rəqs ansamblının tərkibində Moldav respublikasının Kişinjov şəhərində keçirilən Dünya Tələbə-Gənclər Festivalında olur. Onun xatirələrindən: “Həmin ansamblın tərkibində Bolqarıstan və Macarıstan, Rumıniyada səfərlərdə olduq, oralarda keçirilən Azərbaycan mədəniyyəti günlərində çıxış etdik. Bizim mahnı və rəqs ansamblında rəqslərin quruluşçusu, baletmeyster Əlibaba Abdullayev, xormeysterlər-Ənvər Məmmədov və Firuz Əliyev, musiqi rəhbəri Rəşid Əfəndiyev idi.

R.İsmayılov ali təhsili başa vuraraq təyinatla Olefin Elmi-Tədqiqat İnstitutunda çalışıb. 1972-1974-cü illərdə Ukraynada Sovet ordusunda leytenant rütbəsində raket hərbi hissəsində xidmət edib. Orada da tardan ayrılmayıb. Şənbə günlərində zabitlər evində konsertlər olanda R.İsmayılov “Çardaş” macar rəqsini, Oqinskinin “Polones”, Solovyov Sedoyun “Moskva axşamları” əsərini, ”Kokana” (Sevgilim) və “Mən səni axtarıram” Ukrayna xalq mahnılarını çalır, onu konservatoriyanı bitirmiş, hərbi xidmətdə olan gürcü pianoçu müayiət edirdi. Ukrayna xalq mahnılarının ifası zamanı bütün zal ayaq üstə alqışlarla musiqiyə ritm tuturdu. Konsertdən sonra səhnə arxasına gəlib zabit R.İsmayılovun ifa etdiyi alətlə maraqlanırdılar. Tarda belə musiqinin ifa edilməsi hər kəsi sehirləyirdi.

R.İsmayılovu dinlərkən: “Hərbi xidmətdən sonra Bakıda istehsalatda çalışdım, Oksigen və Asitilen zavodunda nəzarət şöbəsinin baş mühəndisi vəzifəsində işlədim. Burada çox olmadım, işləməyim heç yarım il də çəkmədi.

Onu da xatırlayıram ki, Neft və Kimya İnstitutunda təhsil alanda, konsertin birində “Orta mahur” muğamını ifa etdim. Konsertdən sonra rektor İsmayıl İbrahimov mənə dedi ki, bura niyə gəlmisən, hazır ifaçısan, get tar çal”.

R.İsmayılov mahir tarzən olaraq toylara da gedirdi. Artıq Ağaxan Abdullayevlə sənət yoldaşlığı başlanmşdı. Onlar uşaqlıq illərində “Vətən” ansamblında yanaşı əyləşərək tar çalmışdılar. Yoldaşlıqları yaxşı tutur, çalıb-oxumaları bir-birini tamamlayırdı. Onun müşayiəti Ağaxanı tam qane edir, bu müşaiətlə rahat, ilhamlı oxuyur və o, artıq başqa tarzənlə çalışmaq istəmirdi.

R.İsmayılov: “1975-ci ildə Ağaxan mənə dedi ki, işdən çıx, toylarımız çoxdur. Axı mən axşama qədər iş yerində olmalıydım, vaxtında toylara getməyi çatdırmırdım, odur ki, öz ərizəmlə zavoddan çıxdım. Qaraçuxur qəsəbəsindəki mədəniyət evində özfəaliyyət xalq çalğı alətləti ansamblına rəhbərlik etməklə yanaşı, oradakı musiqi kurslarında 1982-ci ilə qədər tardan dərs dedim”.

R.İsmayılov 1975-1982-ci illər arasında M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, virtuoz tarzən Hacı Məmmədovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çalışıb. O, ansamblın əsas tarzəni olaraq filarmoniyada, Bakının və əyalətlərin mədəniyyət müəssisələrində, kolxoz və sovxozlarda konsertlərdə olaraq məşhur xanəndələri müşayiət edib. Ramizin həmin ansambl və Hacı Məmmədov haqqında xoş xatirələri qalıb. Ansamblda tarzən, A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Məmmədağa Məmmədov da çalışırdı. Ramiz onu da daim yada salaraq deyir: “Gözəl musiqiçi olmaqla bərabər, çox mötəbər, alicənab şəxs idi. Ondan daim hörmət görmüşəm, mənə çox köməyi dəyib. Ruhu şad olsun”.

R.Ismayılov H.Məmmədovun ansamblı ilə Orta Asiya Respublikalarında 40 günlük səfərdə olaraq müğənnilər Tamilla Məmmədzadə və Anatollu Qəniyevi müşayiət edib. Həmin respublikalarda Azərbaycan musiqi xadimlərini dərin sevgi və hərarətlə qarşılamışdılar.

R.İsmayılov 1982-1987-ci illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tar sinfində təhsil alıb. Hələ H.Məmmədovun ansamblında çalanda xalq artisti, görkəmli bəstəkar, dirijor Səid Rüstəmov (1907-1983) onun ifasını dəfələrlə görüb dinləmiş və yüksək fikir bildirmişdi. Odur ki, Ramiz konservatoriyaya qəbul imtahanı verəndə münsiflər heyətinin sədri S.Rüstəmov ondan soruşmüşdu: “Sən bəyəm konservatoriyanı bitirməmisən?”

R.İsmayılov konservatoriyaya tələbə kimi qəbul olunarkən tam peşəkar musiqiçi və mahir tarçalan idi. Odur ki, bu təhsil ocağında sayılıb-seçilmiş və buranı yüksək göstəricilərlə başa vurmuşdur. Konservatoriyada Ramizin ixtisas müəllimi Afət Novruzov olub.

Ramiz ən yaxşı, usta tarçalanlardan biri kimi Bakı toylarında çalışırdı. O, illərlə Hacıbaba Hüseynov, Sabir Mirzəyev, Sabir Novruzov, Razi Şükürov və başqalarını toy-büsatda müşayiət edirdi. Onun yanında kamança ifaçıları Hilal Məmmədov, Adıgözəl Əliyev və Amil Aslanov olub. Onun fikirlərindən: “Ağaxanla Şüvalanda toyda idik. Qonaqlar arasında A.Zeynallı adına Musiqi Məktəbinin şöbə müdiri Adil Babayev də var imiş. Mən onu tanımırdım. “Şahnaz” sfiariş verildi. Bir nəfər yaşlı kişi diqqətlə bizə baxırdı. O, Adil müəllim imiş. Həmin qonaqlar durub gedəndə onlardan biri, Adil müəllim bizim masaya yaxınlaşıb məni sentyabr ayndan A.Zeynallı adına məktəbdə dərs deməyə dəvət etdi. O, məni o günə qədər tanımırdı, səbəbə o idi ki, mən oranın tələbəsi olmamışdım. Həmin zaman Ağaxan Abdullayev artıq orada xanəndəlik sinfində müəllim idi. Mən ora getmədim. Adil müəllim qışda evimə adam göndərdi ki, Ramizə deyin məktəbə gəlsin, getdim. Öz iş otağında məni qəbul etdi. Otaqda müəllilərdən tarzənlər Akif Novruzov, Faiz, kamança sənətindən dərs deyən Mütəllim Novruzov və başqaları əyləşmişdi. A.Babayev otaqdakılara dedi:

-Bunu tanyırsınız?

-Xeyr.

-Bu canavar tarçalandır. Mənə üz tutdu, Ramiz, sabahdan gəl işə başla. Xanəndə Nəriman Əliyevin sinfində tələbələri müşayiət edəcəksən. 1986-cı ildən xalq artisti, xanəndə Əlibaba Məmmədovun sinfində də işlədim. Çalışdığım dövrdə müşayiət edib yetişdirdiyimiz uğurlu xanəndələrdən Eyyub Aslanov, Zahid Quliyev, Səbinə İlyasova, Sabir Abdullayev, Qəzənfər Abbasov, Maşallah Əhmədov. Nəzakət Teymurova, Gülyanaq və Gülyaz Məmmədovalar və başqalarını dərin hörmətlə xatırlayıram.

Mən o məktəbə gələndən həm də tar sinfində muğamı tədris etmişəm. Muğam dərslərimdə başqa müəllimlərin tələbələri də gəlib mənim sinfində əyləşib dinləyir və çox şey öyrənirdilər. Bu sırada hazırda fəxri adlar alıb məşurlaşanlar Ələkbər Ələkbərov, Əliağa Sədiyev, Elçin Həşimov da olub.

Nəriman Əliyev hazırladığı bacarıqlı tələbələri radionun səsyazma studiyasına aparır və onların ifasında muğamları fond üçün yazdırırdı. Qəzənfər Abbasov “Şüştər”, Səbirə Niftəliyeva “Qatar”, “Rahab”, Ruzə İbişova “Kəsmə şikəstə”, Gülyaz Məmmədova “Mahur-hindi” oxudular və lentlərə yazlaraq fonda qəbul olundu. Qəzənfərin ifasında “Şüştər” səs-səda yaratdı və bu ifanı YUNSESKO yazıb apardı”.

Ramiz müəllim öz solo ifasını radioya təqdim etməsə də, bu təşkilatın fondu üçün xanəndə Maşallah Əhmədovla “Şahnaz”, “Çahargah”, “Bayatı-Şiraz” muğamlarını, xalq mahnıları və təsnifləri yazdırıb. AzTV-də xalq artistləri Yaqub Məmmədov, Canəli Əkbərov və Arif Babayevin ifasında lentlərə yazılan muğamların müşayiətini yüksək səviyyədə yerinə yetirib. Belə müqtədir sənətkarları yalnız R.İsmayılov kimi ustad tarzənlər müşayiət edə bilər.

Harada çalışmasından asılı olmayaraq Ramiz müəllim hər yerdə məhsuldar iş görüb. O, 2001-2005-ci illərdə Dövlət Muğam Teatrının tarzəni olub. O, illərdə bu teatrda muğam axşamları, görkəmli sənət adamlarının yaradıcılıq və yubiley gecələri keçirilirdi. Nümunə olaraq bəstəkarlar Səid Rüstəmov, Fikrət Əmirov, Ələkbər Tağıyev, şair Adil Babayev, xanəndələr Malıbəyli Həmid, Şövkət Ələkbərova və Yaqub Məmmədovun yaradıcılıq gecələrini qeyd edə bilərik. Tədbirləri Speca televziyası çəkilişlərə götürüb. R.İsmayılovun burada çalışarkən 1 saat zaman üçün hazırlanan “Rast” muğam kompozisiyası samballı və zəngin olaraq böyük maraq doğurmuşdu. Bu əsl muğam-tamaşa idi və Lider TV çəkmişdi.

R.İsmayılov xanəndə, xalq artisti Baba Mahmudoğlunun rəhbəri olduğu “Dastan” foklor ansamblda 1 il musiqi rəhbəri kimi çalışarkən radioya lent yazılarında və AzTV çəklilişlərində iştirak etmişdir. 1990-cı ilin noyabr ayında “Dastan”ın xanəndəsi Səfa Qəhrəmanovun ifasında “Çahargah” muğam dəstgahı AzTV-nin Teleteatr zalında lentə alınıb. Burada Əhsən Rəhmanlının yeni, ilk dəfə səslənən dəramədi və rəngləri çalınıb. Muğamın şöbə və guşələrini tarzən R.İsmayılov və kamanzən Amil Aslanov müşayiət edib. Yeri gəlmişkən qeyd edək ki, Ramiz bəy Baba Mahmudoğlu və Səfa Qəhrəmanovla əyalətlərdə konsertlərdə və toy məclislərində çox olub.

R.İsmayılov 1998-ci ildən 2012-ci ilə qədər T.Quliyev adına 11 illik uşaq musiqi məktəbində əvəzçiliklə işləyib və çox yaxşı şagirdlər hazırlayıb. O, məxsusi dəvət alaraq 2002-2012-ci illərdə Nizami rayon uşaq-gənclərin inkişaf mərkəzində məktəblilərdən ibarət xalq alğı alətləri ansamblına rəhbərlik edərək buradakı kollektivə baş ucalığı, şan-şöhrət gətirib və rəğbət bəxş edib. Onun iki məşqdən sonra AzTV ansamblı çəkib maraqlı veriliş hazırlamşdı. Ramiz müəllimin bu uşaqlar və yeniyetmələrdən ibarət öffəaliyyət ansamblı H.Əliyev sarayında keçirilən konserlərə də cəlb edilirdi. Ramiz müəllim bu ansamblda Murad İbrahimovu 4 yaşından hazırlayararaq səhnəyə çıxarıb. Murad prezident təqaüdünə layiq görülüb və bu vəsaitlə 25 yaşına qədər təmin olunacaq. O, hazırda AMK-nın xanəndəlik sinfində təhsil alır.

2012-ci ildə ölkəmizdə yaş həddi ilə bərabər insanların iş yerindən çıxarılması ilə əlaqədar Ramiz müəllim təqaüdə çıxsa da, Bakı Musiqi Akademiyasının prorektoru fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə onu muğam bilicisi, ustad tarzən kimi musiqi məntiqi kafedrasına işə qəbul edib. Burada muğamlar araşdırılır, ifa olunaraq nota yazılırdı. Nota yazan Fərəc Qarayevin tələbəsi, kafedranın və elmi laboratoriyanın əməkdaşı Elnur Xəlilov idi. Burada muğamlardan “Qatar”, “Şahnaz”, “Bayatı-kürd”, zərbli muğamlardan “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə”, “Arazbarı” və “Mənsuriyyə” notlaşdırılıb.

Xalq artisti, professor Ramiz Quliyev, xalq artisti Ağacəbrayıl Abasəliyev də BMA-nın həmin kafedrasının əməkdaşı olub. R.İsmayılov BMA-da 2016-cı ilə qədər çalışıb.

R.İsmayılov hazırda təbabətlə məşğul olur. Dərin ağlı, həyat təcrübəsi, fəhmi, kimyaçı olması, üzvü və qeyri üzvü maddələrin tərkibini bilməsi, bitkilərin xüsusiyyətlərini bilməsi bu işdə ona kömək edir. İndi elə orta yaşlı və ahıl adam tapılmaz ki, onun təzyiqi yuxarı olmasın. R.İsmayılov hazırladığı dərmanlarla öz orqanlarını, təzyiqini və şəkərini inormallaşdırır. Bəli, 75 yaşlı ahıl musiqiçi özünə və dost-qohuma dərmanlar hazırlaya bilir.

Əhsən RƏHMANLI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya