Saat:19:29
Haqqımızda

Xalq artisti adı verilmədiyi üçün insult keçirtdi

2023-03-21 19:57:00

Xalq artisti adı verilmədiyi üçün insult keçirtdi

Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin keşməkeşli ömür yolu olub.

Hurriyyet.Az Kulis.az-a istinadən Tahir Əkbər haqqında on maraqlı faktı təqdim edir.

Tahir Əkbər 34 yaşına qədər Özbəkistanda yaşayıb. O, Üzeyir Hacıbəylinin yetirməsi, tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. Özbəkistanda ondan özbək mahnıları bəstələməsini istəyiblər. Amma o buna razı olmayıb. Buna görə Özbəkistanda sıxışdırılan bəstəkar birdəfəlik Azərbaycana köçməyə qərar verib.

İki dəfə ailə həyatı qurub. İlk dəfə Özbəkistanda eyni qrupda oxuduğu musiqişünas xanımla ailə quran bəstəkarın ailə həyatı uğurlu alınmır. Cütlüyün bu evlilikdən bir qız övladı dünyaya gələndən sonra, xanımın öz istəyi ilə onlar ayrılmalı olurlar. Bu ayrılığa səbəb isə xanımın ağır xəstəlikdən əziyyət çəkməsi olub. Bəstəkar ikinci dəfə ailə həyatı qurmaq qərarına gəlir. Aybəniz adlı xanımla evlənən sənətkarın ikinci evliliyindən Bəhriyə adlı bir qızı dünyaya gəlir.

***

“Gecə yağışı” mahnısını gənclik illərində aşiq olduğu rus qızına həsr edib. Müsahibələrindən birində bu barədə danışan bəstəkar deyir: “Cavan vaxtlarımda bir qıza aşiq olmuşdum, Rusiyada yaşayırdı. O mənə söz vermişdi ki, gələcək. Həmin gün də möhkəm yağış yağırdı. Mən də çox həyəcanla ondan bir xəbər gözləyirdim. Bir də gördüm qapının zəngi vuruldu, poçtalyon qadın mənə teleqram gətirdi. Qadının üzünə baxanda hiss etdim ki, nəsə yaxşı xəbər deyil. Teleqramı açan kimi gördüm: “Məni gözləmə, əlvida…” Poçtalyon qadın da pis olmuşdu. Elə tez uzaqlaşdı ki, sanki harasa yox oldu. Ondan sonra leysan yağış yağdı. Bu əhvalatı şairə Rəsmiyyə Davudqızına danışdım, o çox gözəl şeir yazdı. Dedim: “Rəsmiyyə, gəl bunun adını “Gecə yağışı” qoyaq”.

Çox acınacaqlı bir ömür sürən bəstəkarın həssas ürəyi gizli həsədlərdən doğan qərəzli təzyiqlərə dözə bilmirdi. Onunla bağlı qəribə paradokslar var idi. Konsertlərini televiziyalar çəksə də, efirə verilmirdi. Bəstəkarlar İttifaqı tərəfindən adı Prezident təqaüdü alacaq sənətçilərin siyahısına salınsa da, rəsmi xəbər yayılandan sonra məlum olub ki, adı siyahıdan çıxarılıb. Qızı Bəhriyə müsahibələrinin birində deyir:

“Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə zəng vurub atamı təbrik etdi, dedi, adın fəxri ad alanların siyahısına salınıb. Atam uşaq kimi sevinirdi. Hətta sevincindən ağlayıb anama dedi, Aybəniz, axır ki, məni də gördülər. Bu adın atam üçün mənəvi əhəmiyyəti var idi. Axşam xəbərlərində atam oturub həmin siyahıya qulaq asırdı, adı çıxmadı. Atam çox pis olmuşdu. Sınmışdı. Ondan sonra ağır iflic keçirtdi”.

Ən böyük arzusu Azərbaycanda ev almaq olan bəstəkar atasının Daşkənddən Bakıya dəyişdirdiyi ikiotaqlı evdə yaşayırdı. Sonralar qızının təhsil haqqını ödəyə bilmədiyi üçün həmin ikiotaqlı mənzili satıb birotaqlı mənzilə köçüb.

***

Doğum günü 20 yanvarda olduğu üçün 1990-cı ildən sonra heç vaxt ad gününü qeyd etməyib.

Özünə qarşı biganəlikdən inciyən bəstəkar son vaxtlar yazdığı mahnıları heç kimə vermir. Ölümündən sonra həyat yoldaşı Aybəniz xanım onun məzar daşını hazırlatmaq üçün bəstələrini satışa çıxarır.

***

Bir çox sənətçiləri Xalq artisti tituluna qədər ucaldan mahnıların müəllifi ömrünün son illərini çox acınacaqlı yaşayıb. Beyin insultu keçirən bəstəkarın dərman almağa belə pulu olmayıb. Həyat yoldaşı bəstəkarın ölümündən sonra verdiyi müsahibələrinin birində qeyd edir: “Tahir dünyasını dəyişəndə əlimdə iki şey vardı, biri onun nəşi, o biri isə cəmi yüz manat pul…”

Son günlər yaddaşını itirən Tahir Əkbərin yaddaşında təkcə musiqi və ritmlər qalır. Onun bu vəziyyəti həkimləri heyrətə gətirir. Öz vətənində sayılıb seçilməyən bəstəkarın əsərini, Rastropoviç öz repertuarına salaraq, dünyanın böyük konsert salonlarında ifa edir.

***

Ölməmişdən əvvəl həyat yoldaşına və qızına vəsiyyəti bu olub: “Məni dəyərsiz şəkildə dəfn etsələr, atamın üstündə basdırın və mahnılarımın oxunmasına qadağa qoyun”.

2018-ci il, martın 2-də vəfat edən 72 yaşlı Tahir Əkbər Fəxri Xiyabanların heç birində dəfn olunmur. Ona “Qurd Qapısı”ndakı zibilliyin yanında məzar yeri ayrılır. Dəfndən bir neçə gün sonra həyat yoldaşı bəstəkarın vəsiyyəti üzrə onun nəşini məzardan çıxardaraq atasının üstündə dəfn etdirib. Həmin ərəfədə Türkiyədən ailəsinə zəng edib Tahir Əkbərin nəşini istəyirlər. Bildirirlər ki, icazə verin, biz onu Türkiyədə layiqli şəkildə dəfn edək. Amma ailəsi buna razı olmur.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR