Workshop, gənclərin musiqisi və solçu üsyanı - FOTOLAR

2022-07-29 11:55:00

Workshop, gənclərin musiqisi və solçu üsyanı - FOTOLAR

22 iyul tarixində paytaxtımızın məşhur konsert salonlarından biri - Beynəlxalq Muğam Mərkəzində “Cadenza” kamera orkestrinin təqdimatında mövsümün son konserti baş tutdu. Sıradan olmayan bu konsert təxminən iki ay öncə orkestrin bədii rəhbəri, bəstəkar Türkər Qasımzadənin təşkilatçılığı ilə baş tutmuş Bəstəkarların Workshop-u ilə əlaqəlidir və bir növ onun nəticəsidir.

Bir qədər Workshop haqqında.

Workshop  (vörkşop) qərbdə hələ ötən əsrdə yaranmış, günümüzə qədər davam edən bir təcrübədir. Sözün ingilis dilində ilkin mənası “emalatxana”dır. Avropada və qərbdə hələ Sənaye İnqilabı dövründə yaranmış bu kəlmə günümüzdə müxtəlif sahələrdə istifadə edilir.

Bəstəkarlıqda bu “emalatxana” çəkic, mişar və s. kimi məişət ləvazimatlarının küyü deyil, yaylıların, nəfəslilərin, royalın, insan səsinin incə və ifadəli çalarlarının səsləndiyi, dirijor çubuğunun havada bəzən iti, kəskin, bəzən də quş qanadlarının pərvaz etdiyi tək axıcı hərəkətlərindən şəffaf cizgilərin yarandığı məkandır. Bura həm də qızğın müzakirələrin aparıldığı yerdir.

Xüsusən XX yüzilliyin sonlarında aktuallıq tapan Bəstəkar Workshop-larının yaranmasının hədəflərindən bəziləri, zənnimcə, gənc bəstəkarların əsərlərinin geniş yayılması, dünyada müəyyən bir durğunluq yaşayan bəstəkarlıq sənətinin təbliği, orkestrlərin, ansamblların repertuarlarına müasir müəlliflərin əsərlərinin salınması idi. Yeni yaranmasına rəğmən, artıq Azərbaycan musiqi mədəniyyətinin dünya musiqisində baş verən proseslərdən uzaq qalmaması üçün çaba göstərən “Cadenza” kamera orkestrinin bədii rəhbərliyinin bu layihəni ölkəmizdə keçirməyi təqdirəlayiq haldır və çağdaş Azərbaycan bəstəkarlığının buna həqiqətən ehtiyacı var.

Günümüzdə müasir, xüsusən gənc bəstəkarların əsərləri səhnələrdə az-az səslənir. Azərbaycan ifaçısının da bu əsərlərlə bir o qədər də yaxından tanış olmadığını qeyd etsək, yanılmamış olarıq. Bu tanışlıq tələbə vaxtlarında təhsil ocağının divarları arasında yaşanan bir neçə əməkdaşlıq təcrübəsindən savayı bir şey deyildir və tələbəlik bitdikdən sonra bu kimi əlaqələr yox dərəcəsinə çatır.

Belə layihələrin verdiyi daha bir fayda isə ingilis bəstəkarı Con Kaskenin (John Casken) 1996-cı ildə rəhbəri olduğu workshop-da qeyd etdiyi problemlə bağlıdır:

“Bir çox bəstəkar üçün orkestrin qarşısında dayanmaq məcburiyyətində qalmaq dəhşətli bir şeydir və bəziləri bundan qorxur. Mən hətta çox görkəmli bəstəkarları nəzərdə tuturam ki, onlar bunu heç bacarmır. Ancaq düşünürəm ki, bu, həm ictimaiyyətdə, həm də böyük bir ifaçı kütləsi qarşısında necə davranmağın vacib bir dərsidir.”

Workshop-da ifa olunan əsərlər və müəllifləri bunlardı: Əli Cəfərzadə - “Dörd paradoks”, Kendra Satyavan (Candra Setyawan, İndoneziya) - “Hidden phrases” (“Gizli frazalar”), Xəqaniqızı Afaq - Sekstet, Süleymanova Nigar - “Objet petit a” (“Kiçik “a” obyekti”). Hər dörd müəllifin əsərləri, həmçinin gənc bəstəkar Vüqar Məmmədzadənin  Kvarteti (II hissə) və dünyaca məşhur holland bəstəkarı Lui Andrisenin (Louis Andriessen) “Workers` union” (“Həmkarlar ittifaqı”) bəstələri konsert proqramına daxil edilmişdir. Orkestrə Samir Əsədov dirijorluq edirdi.

Əli Cəfərzadənin müxtəlif paradoksal isimli əsərləri bəstəkarın təxəyyülünün zənginliyindən xəbər verir: “Ucadan susmuş”, “Saçsız qızın hörükləri”, “İyunda qar üçün bir cüt əlcək”, “Bir qaşıq suda gəmi”. Xüsusən yadda qalan “şəffaf hörükləri olan saçsız qız” Romen Rollanın romanındakı “soyuq rütubətli Paris küçələri”ndə “Louis Vuitton”un (“Lüi Vitton”) 2014-cü il payız-qış göstərisindəki şəffaf ətəkdə üşüyərək yeriyir, Bernard Mari Koltesin qəhrəmanı tək sevgisizlikdən və yalnızlıqdan darıxır... bəlkə də iyunda əlcəkləri üşüdüyündən geyinir...

Süleymanova Nigarın workshop-da təqdim etdiyi fleyta, klarnet, viola və violonçel üçün “Objet petit a” “ixtirası” diqqətçəkən əsərlər sırasında oldu. Əsəri ixtira adlandırmağımın səbəbi müəllifin düşüncəsini bir formul şəklində ifaçılara təqdim edərək təyin etdiyi beş dəqiqəlik sürəci məhz musiqiçilərin təxəyyül gücünə və improvizə ustalığına həvalə etməsidir. Bəstəkarın özünə əsərlə bağlı sorduq:

““Objet petit a” Lakanın (red. Jak-Mari-Emil Lakan) fəlsəfəsinə uyğun olaraq qurulmuşdur: baş verənlər, hər nə olur olsun, öz başlanğıcına qayıdır. Buna görə burada “a” hərfindən istifadə edilir. Belə ki, “a” hərfinin quyruğu hərfin ətrafında dövr edərək ona birləşir. Bu bir simvolik təsvirdir. Amma əsərdə təsvir etmək üçün dörd alətin hər birinin tutduğu səs var, səslər alətdən alətə ötürülür və sanki növbələşərək sonda öz səslərinə qayıdırlar. İfaçılara burada sərbəstlik verilir ki, bütün bu səsləri öz fantaziyalarına uyğun olaraq dəyişdirsinlər”.

Bu eksperimentin konsertdə baş tutacağına ümid edirdik, amma nə yazıq ki, konsertdə bəstəkarın başqa əsəri – “Dekateksis” ifa edildi. Bunun səbəbini bəstəkar əsərin konsepsiyasından qaynaqlandığını qeyd etdi: “Çünki o tərz əsərlər hər dəfə ayrı cür ifa olunur. O dərəcədə ki, onun məşqi belə mümkünsüzdür. Məhz bu səbəbdən hazırki konsert üçün (proqrama da uyğun olaraq) başqa əsər təqdim etdim. “Objet petit a”dan fərqli olaraq “Dekateksis” dəqiq not yazısına əsaslanır. Lakin bu əsər də özündə fəlsəfi məna daşıyaraq Z.Freydin kateksis və dekateksis anlayışları üzərində qurulub. Freyd öz “Mourning and Melancholia” əsərində bu barədə məlumat verir. Burada bir obyekt və ya hadisə üzərinə duyğuların təcrid edilməsini eqo ilə birləşdirib. Mən də əsərimdə bunu təsvir etməyə çalışmışam.” Nigar Süleymanovaya yönləndirdiyimiz “Ən sevdiyiniz bəstəkar?” sualına isə o, “Ən sevdiyim demək çətindir, çünki hər bəstəkar musiqiçiyə nə isə öyrədir. Amma seçməli olsam, Stravinski deyərdim,” – cavabını verdi.

Konsert Lui Andrisenin “Workers` union” (“Həmkarlar ittifaqı”) əsəri ilə yekunlaşdı. İfadan öncə səhnəyə çıxan musiqişünas Şəfagət Məmmədovanın da qeyd etdiyi kimi, ötən il dünyadan köçən L.Andrisen XX əsrin ən üsyankar və siyasi baxışlarını kəskin ifadə edən, meydanlardan çıxmayan bəstəkarıdır. Onun solçu təfəkkürü yaradıcılığında özünü büruzə verir. Belə ki, “Reconstructie” (“Yenidənqurma”) operası “marksist opera” adlandırılır, bəstəkar özü isə musiqidə janr, alət və orkestr iyerarxiyasını rədd edirdi.

“Həmkarlar ittifaqı” fəhlə üsyanının təzahürüdür. “Ucadan səslənən hər hansı bir alət qrupu üçün” qeydi, həmçinin əsərin partiturunda alətlərin səs yüksəkliyinin deyil, yalnız ritm və konturlarının həkk olunmasını, həmçinin səhnəyə bilgisayarın çıxarılmasını nəzərə alsaq, Şəfagət Məmmədovanın ifadan əvvəl çıxış edərkən “bunu musiqi əsəri kimi qəbul etməyin” xəbərdarlığı yerinə düşür. Orkestrə kamançanın əlavə edilməsi də maraq doğurdu...

Performans da adlandıra biləcəyimiz “musiqi”ni bəzi dinləyicilər təbəssümlə, digərləri pıçıltılarla, bir başqaları isə sükutla dinləyirdi. Onların marağının əsas göstəricisi isə, sözsüz ki, əsərin bitməsi ilə qopan gurultulu alqışlardı.

Konsert sonrası orkestrin bədii rəhbəri Türkər Qasımzadə bəzi suallarımızı cavablandırdı.

- Türkər bəy, öncə mövsümün uğurla yekunlaşması ilə sizi təbrik edirəm.

- Təşəkkür edirəm.

- Bir mərhələ keçdiniz. Bədii rəhbər kimi hədəflərinizə, istəklərinizə çata bildinizmi? Bu barədə fikirlərinizi almaq istərdim...

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəznində fəaliyyət göstərən Cadenza Orkestri (Cadenza Contemporary Orchestra) Azərbaycan musiqisi və ictimaiyyətinə iki istiqamət üzrə xidmət etməyi özü üçün məqsəd qoymuşdur.

Birinci istiqamət musiqi maarifçiliyidir. Orkestr ölkəmizin şəhər və rayonlarında mütəmadi olaraq müxtəlif auditoriyalar üçün izahlı konsertlər təşkil etməyi, musiqi tarixinin bütün dövrlərində (Renessans, Barokko, Klassisizm, Romantizm, Modernizm və Post-modernizm) yazılmış əsərləri səsləndirməyi, auditoriya ilə interaktiv təmaslar qurmağı nəzərdə tutur. Həmçinin buraya Azərbaycanın bütün təhsil müəssisələrində və təhsilin bütün pillələrinə uyğun təşkil olunan tədbirlər də daxildir.

İkinci istiqamət Azərbaycanda müasir musiqi ifası və çağdaş dünya musiqisi ilə təmaslar qurmaq ənənəsini yaşatmaqdan ibarətdir. Bunun vacibliyi Azərbaycan musiqiçilərinin dünya görüşünün zənginləşməsi, ümumi musiqi savadının artırılması, dünyada müxtəlif, eləcə də ən yeni estetik cərəyanların təsiri və tərzi ilə yazılan musiqi,  müasir musiqinin ifaçılıq prinsipləri ilə tanışlığı üçün orkestr fəaliyyətinin açacağı imkanlarla sıx bağlıdır. Cadenza Azərbaycan bəstəkarları üçün musiqi laboratoriyası kimi fəaliyyət göstərməkdən əlavə, məşhur beynəlxalq müasir musiqi festivalları və mərkəzləri ilə yaradıcılıq əlaqələrinin yaranması və bu minvalla ən yeni peşəkar musiqimizin təbliğatı ilə də məşğul olmaqdadır.

Bu mövsümdə də orkestr olaraq çalışdıq ki, çağdaş bəstəkar musiqisinin tanınması sahəsində yerində addımlayan, dünyadakı trendlərdən, cərəyanlardan, canlı orqanizm kimi daim dəyişən və yenilənən dinləmə bacarıqları və metodlarından kifayət qədər uzaq musiqi ictimaiyyətimizə bir canlanma gətirək, onu maarifləndirək, bəzi qəlibləşmiş anlayışları “yerindən tərpədək”, bu minvalla özümüz də öyrənək, inkişaf edək, keyfiyyət və məzmunca dəyişək. Kollektivimiz bu qısa zaman müddətində qarşısına qoyulmuş hədəflərə yetişdi, bundan daha da artığına nail oldu, hər ay ifa etdiyi konsertlərlə ən yeni musiqi tariximiz üçün maraqlı və zəngin səhifələr açdı. Zənnimcə, orkestr gözləntilərdən daha yüksək nəticələr sərgilədi.

Bu mövsümdə on bir konsertimiz oldu. Hər dəfə tam yeni proqramla çıxış etdik. Bu proqramlarda heç bir əsər təkrar ifa edilmədi. Əllidən artıq əsər ifa etdik, bunların bir çoxu ölkəmizdə ümumiyyətlə ilk dəfə ifa olunan əsərlər idi. Bu, qısa zaman ərzində öyrənilmiş və yüksək peşəkarlıqla ifa olunmuş böyük bir repertuar və müəlliflər siyahısı deməkdir. Ölkəmizin musiqi həyatı üçün qürurverici məqamdır. Buna görə bir musiqiçi, bəstəkar olaraq orkestrimizin hər bir üzvünə dərin minnətdarlıq edirəm.

Bu mövsümün musiqi həyatımız üçün digər bir əhəmiyyətli hadisəsi isə Cadenza orkestrinin məktəb ziyarətləri oldu. Bakı şəhəri və ətrafında 27 məktəb və 4000-dən çox şagirdlə interaktiv konsert-görüşlər keçirmiş Cadenza şagirdlərin ümumi dünyagörüşünün, musiqi biliklərinin, zövqlərinin inkişafına öz töhfəsini vermiş oldu, uşaqlarda Azərbaycan və dünya bəstəkar musiqisi nümunələrinin interaktiv təqdimatları ilə canlı və unudulmaz təəssüratlar yaratmağı bacardı. Milli özünüdərkdə rol alan vacib musiqi əsərlərinin şagirdlərə qeyri-ənənəvi tərzdə, yeni öyrətmə metodları ilə təqdimatı, bu əsərlərin mahiyyətini onlara yaşlarına uyğun oyunlar quraraq, onlarla söhbətlər edərək aşılanması çox vacibdir. Bu proses davam etməlidir, və sevinirəm ki, Cadenza cəmiyyətimiz üçün bu ilki böyük uğurla başlatmışdır. Məqsədimiz ölkənin bütün məktəblərini dediyim məzmunda ziyarət etməkdir.

- Uşaqlarla işləmək necədir? Çətindirmi?

- Çox maraqlıdır. Onlar yuxarıda qeyd etdiyim interaktiv konsert-görüşlərdə gözlədiyimizdən dəfələrlə artıq şövqlə iştirak edirdilər. Biz sadəcə musiqi əsəri ifa edib və əsər barəsində danışıb işimizi bitmiş hesab etmirik. Çalışırıq ki, şagirdlər bu əsərlərlə birbaşa təmasda olsunlar. Onlar bu prosesdə musiqi alətlərinə toxunur, hətta ifa prosesində iştirak etməyə çalışırdılar. Məktəb ziyarətlərimizin mövsüm üçün son görüşündə məktəbliləri öz görüşümüzə, Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalına çağırmışdıq. Bu görüşümüzdə Üzeyir bəyin “Cəngi”sinə zala yığışmış bütün şagirdlər dirijorluq etməyə çalışdı. Bu, yuxarıda qeyd etdiklərimə bir nümunədir.

Bundan əlavə, biz ingiliscə “audience building” adlandırılan auditoriya düzəltmək, yaratmaq, maarifləndirmək - onu sıfırdan qurmaq kimi məqsədləri həyata keçirməyə çalışırıq. Düşünürəm ki, bu mövsümdə Cadenza bununla da bağlı kifayət qədər uğurlu addımlar atdı. Biz bu qısa zaman kəsiyində artıq öz auditoriyamızı formalaşdırıb onu genişləndirə bilmişik. Çağdaş Azərbaycan musiqisini dünya kontekstində təqdim etməyə, Azərbaycan bəstəkarlarının bütün nəsillərinin nümayəndələrinin əsərlərini ifa etməyə çalışmışıq. Bugünkü konsertdə isə siz musiqimizin ən yeni isimlərinin əsərlərini dinlədiniz. Əlbəttə, mövsüm sona yetir, amma işlərimiz qabaqdadır. Yeni mövsümə Cadenza Üzeyir Hacıbəyli festivalında iştirakı ilə başlayacaq. Daha şövqlə çalışacağımıza və cəmiyyətimizə musiqi yenilikləri gətirəcəyimizə əminəm.

- Bu sonuncu konsert, bildiyim qədər workshop-un nəticəsi idi...

- Bəli.

- Sizcə, gənc bəstəkarlar ifaçılarla iş birliyində, özlərini ifadə etməkdə müvəffəq oldularmı? Layihə düşündüyünüz kimi baş tutdumu?

- Məncə, yetərincə uğurlu oldu. Bizim Bakı Musiqi Akademiyasında təhsil aldığımız illərdə bəstəkar olaraq orkestrlərlə təmasımız olmurdu, bərabər iş prosesində olmaq şansı yaranmırdı. Bəstəkar üçün bu, çox önəmlidir, çünki musiqi həm də ifaçılarla müzakirə edilərək yaranır, dəyişir, redaktə edilir, forma alır. Gənc bəstəkarlar üçün keçirilən belə bir qiraət vorkşopu da bir ilk idi. Biz bu layihəni davam etdirəcəyik. Onu da deyim ki, vorkşop yerli bəstəkarlarımız üçün nəzərdə tutulsa da, ona beynəlxalq reaksiya da oldu. Əsər göndərənlər arasında İndoneziyalı bir gənc bəstəkarın əsəri ifa üçün seçilənlər arasına Cadenza Orkestrinin Bədii Şurası tərəfindən daxil edildi. Bu gün bu konsertdə həmin əsər də digər gənc bəstəkarlarımızın əsərləri ilə birlikdə səsləndi.

- Workshop üçün əsər seçərkən nələrə diqqət edirdiniz, hansı kriteriyalara üstünlük verirdiniz?

- Cadenza Orkestrinin dörd bəstəkar və bir musiqişünasdan təşkil olunmuş Bədii Şurası var. Bu bəstəkarlar Ayaz Qəmbərli, Tahir İbişov, Səid Qəni, mən və musiqişünas Sara Timurovadır. Dünyanın bir çox önəmli təhsil ocaqlarında təhsil almış və fəaliyyətlərini Azərbaycanda uğurla davam etdirən şura üzvləri göndərilən əsərlərin partituralarına yalnız peşəkarlıq baxımından yanaşmış və seçimlər də buna uyğun olmuşdur.

- Son sualım var. Müsahibənin əvvəlində Azərbaycan dinləyicisi haqda danışarkən müəyyən daşlaşmış və ya qəlibləşmiş anlayışların olduğunu qeyd etdiniz. Bunlar nələrdir və bu baxımdan nələri dəyişməyin zəruri olduğunu düşünürsünüz?

- Biz istəyirik ki, Azərbaycan dinləyicisi keyfiyyətli musiqi dinləsin, dünyadakı bütün musiqi proseslərinə daha açıq olsun. Bəzən cəmiyyətdə bir neçə klassik bəstəkarımızın adları hallanır və Azərbaycan dinləyicisinin düşüncəsində belə bir fikir formalaşır ki, bəstəkarlığımızda 70-ci illərdən sonra heç bir hərəkət olmayıb və musiqimiz üç-dörd müəllifin ətrafında bitir. Bu baxımdan musiqi həyatımızda müəyyən durğunluq yaşanmaqda idi. Biz Cadenza olaraq bu sükutu pozmaq istəyirik, ənənəvi düşüncələrdə dəyişiklik baş verməsini zəruri sayırıq. Belə dəyişiklik həm təhsilin ilkin pilləsindəki şagirdlərdən başlamalı, həm də ən yaşlı nəsil dinyəlicilərimizə də şamil olunmalıdır. Azərbaycan musiqisi daima ifa olunmalı, və bu, peşəkarlıqla, yüksək səviyyədə həyata keçirilməlidir. Zaman-zaman qeyri-peşəkar ifalar kifayət qədər yuxarıda qeyd etdiyim durğunluq məsələsinə də yol açmışdır. Qeyd edim ki, yeni yaranmış Cadenza orkestri kamera tərkibli orkestrdir, amma buna baxmayaraq, bütün Azərbaycan bəstəkarlarının bizimlə əməkdaşlığa böyük marağı var, hər kəs əsərinin orkestrimiz tərəfindən ifasını istəyir və biz də buna görə çox sevinirik.

- Biz də sizə uğurlar arzulayırıq.

- Çox sağ olun.

Gələn görüşlərədək, Cadenza!

Leyla Həmid Əhməd Xan

23 iyul 2022

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.093088