"Wolt"un kuryerləri tətil edir - İşçilərin hüquqlarını necə qorumalı?

2022-04-22 17:15:00

Bu gün Bakıda “Wolt” şirkətində kuryer işləyən 100-dən çox işçi tətil çağırışı edib. Onlar maaşlarının artırılmasını tələb etsələr də, şirkət bununla razılaşmır.

Hurriyyet.az xəbər verir ki, “Wolt” şirkətinin fəaliyyəti ilə bağlı Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri, sosial sahə üzrə ekspert İlqar Hüseynli öz fikirlərini Yenicag.az-la bölüşüb.

O qeyd edib ki, çatdırılma xidməti həyata keçirən əksər şirkətlərin vergidən yayınmaq üçün atdıqları addımlar şəffaf fəaliyyətə mane olmaqla yanaşı, zamanla işçilərin narazılıqla üzləşməsinə də yol açır:

“Son vaxtlar “Wolt” şirkəti ilə bağlı şikayətlər kifayət qədər artmağa başlayıb. Bu şirkətdəki işçilər olduqca riskli şəraitdə işləyirlər. Onlar qışın soyuğunda, yayın istisində motosiklet və ya kiçikhəcmli mopedlərlə xidmət yerinə yetirirlər. Bu halda onların maaşı yaxşı səviyyədə təmin olunmalıdır ki, gördükləri xidmətə adekvat olsun. Bu məsələdə əmək müqaviləsinin tələb və şərtlərinə də diqqət yetirilməlidir. Hər bir işəgötürən və işçi arasında müvafiq qanunvericiliyə uyğun olaraq elektron şəkildə əmək müqaviləsi bağlanmalıdır. Təəssüf ki, əksər şirkətlər vergidən yayınmaq və ya vergini az ödəmək üçün əmək müqaviləsində yalnız minimum əməkhaqqının baza hissəsini qeyd edir. Maaşın digər hissəsi isə nağd şəkildə ödənilir. Bu fonda işçi hüquqi baxımdan şikayət etmək hüququndan məhrum olur. İşçi yalnız əmək müqaviləsi çərçivəsində şikayət edə bilər. Nəticədə ikinci tərəf onu ya işdən azad edə, ya da əmək müqaviləsinə xitam verərək yeniləyə bilər. İşçilərin tətili o halda adekvat ola bilər ki, şirkət razılaşdırılmış əməkhaqqını verməmiş olsun.

Ümumiyyətlə, bu gün ölkə bazarında çoxlu sayda yemək çatdırılması xidməti həyata keçirən xarici şirkətlər var. Bu sahədə Azərbaycanın yerli şirkətlərinin sayı olduqca azdır. Fikrimcə, bazarda rəqabət mühitinin yaradılması qurulan yeni şirkətlərin sayı artdıqca mexaniki tənzimlənəcək”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya