VÜQAR TOFİQOĞLUNUN QANUNSUZ HƏBSİ İLƏ BAĞLI AVROPA MƏHKƏMƏSİNƏ MÜRACİƏT OLUNACAQ – Vəkilindən açıqlama
“Hürriyyət” qəzetinin və “ Hurriyyet TV” – nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) qanunsuz həbsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunacaq.
Hürriyyet.az xəbər verir ki, bu haqda Vüqar Tofiqoğlunun vəkili Aqil Layıc məlumat verib.
Xatırladaq ki, dünən Bakı Apellyasiya Məhkəməsində baş redaktorun səhhətində yaranmış problemlə əlaqədar olaraq ev dustaqlığına buraxılması ilə bağlı müraciətə baxılıb, Hakim Emin Əliyevin sədirliyi ilə keçirilən məhkəmə prosesi zamanı müraciət qəbul edilməyərək, Səbail Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Vəkil Aqil Layıc bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarını əldə etdikdən sonra “Hurriyyet TV” – nin baş redaktorunun qanunsuz həbsi ilə bağlı Avropa İnsan Haqları məhkəməsinə müraciət olunacaq.
Xatırladaq ki, oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) barəsində oktyabrın 31-də Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Belə ki, məhkəmə Vüqar Məmmədovun 3 ay 13 gün müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib. Noyabrın 7-də isə Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
“Hürriyyət” V.Məmmədov barəsində çıxarılan qərarın sifarişli və ədalətsiz olduğunu bəyan edir.
Jalə FAMİLQIZI
