Vüqar Məmmədovun həbsindən 53 gün keçir
“Hürriyyət”in baş redaktoru heç bir hüquqi əsas olmadan 53 gündür həbsdə saxlanılır
“Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) qanunsuz həbsindən 53 gün keçir.
Xatırladaq ki, oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Vüqar Məmmədov barəsində oktyabrın 31-də Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Məhkəmə V.Məmmədovun 3 ay 13 gün müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib.
Dekabrın 1-də isə Bakı Apellyasiya Məhkəməsində baş redaktorun apellyasiya şikayətinə baxılıb. Belə ki, onun vəkili Aqil Layıc Vüqar Məmmədovun səhhətində yaranmış problemlə əlaqədar onun ev dustaqlığına buraxılması ilə bağlı Səbail Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Vəkil Aqil Layıc bildirib ki, baş redaktorun sağlıq durumunda ciddi problem var, son zamanlar səhhətinin ağırlaşması, tez-tez ürək ağrılarının güclənməsi, təzyiqinin düşməsi səbəbindən onun ev şəraitində müalicə alması vacibdir.
Lakin Bakı Apellyasiya Məhkəməsində Emin Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində V.Məmmədovun vəkilinin müraciəti qəbul edilməyərək, Səbail Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
“Hürriyyət” V.Məmmədov barəsində çıxarılan qərarın sifarişli və ədalətsiz olduğunu bəyan edir.
“Hürriyyət”
