Saat:02:42
Haqqımızda

“VÜQAR MƏMMƏDOVUN HƏBSİ TAMAMİLƏ QANUNSUZDUR” – Vəkil Bəhruz Bayramov: “Verilişdə heç bir hərbi sirr açılmayıb”

2023-07-26 13:12:00

“VÜQAR MƏMMƏDOVUN HƏBSİ TAMAMİLƏ QANUNSUZDUR” – Vəkil Bəhruz Bayramov: “Verilişdə heç bir hərbi sirr açılmayıb”

Xəbər verdiyimiz kimi, “Hürriyyət” qəzetinin, eləcə də eyniadlı “Hurriyyet TV” və Hurriyyet.az saytının baş redaktoru Vüqar Məmmədov və istefada olan polkovnik, hərbi ekspert Elnur Məmmədov iyulun 24-də, axşam saat 18:00-da Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qanunsuz və əsassız olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388.1.1.1-ci maddəsi ilə (İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizə edilməsi qaydaları əleyhinə olan inzibati xətalar) 1 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Baş redaktorun vəkili Bəhruz Bayramov hesab edir ki, V.Məmmədov tamamilə qondarma ittihamlar əsasında həbsə atılıb. Hurriyyet.az vəkillə müsahibəni təqdim edir.

- Bəhruz bəy, Vüqar Məmmədovun həbsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərarla tanışsınızmı və konkret ittihamlar nələrdir?

- Xeyr, qərar hazır olmadığı üçün bizə verilməyib. Bu səbəbdən, biz şikayət verib, sonra qərarı alacağıq.

- Bəs, qətnamə ən geci neçə gün ərzində təqdim olunmalıdır?

- Biz 20 gün ərzində şikayət verməliyik. Qərarı isə həmin gün təqdim etməliydilər, amma hələ də təqdim etməyiblər.

Bəhruz Bayramov

- Vüqar Məmmədovun qeyd olunan ittihamlarla həbsi nə dərəcədə hüquqidir?

- Qanuna görə, hər hansı bir şəxs canlı yayım zamanı digər şəxslərin dediyi hər hansı bir fikrə görə heç bir məsuliyyət daşımır. Orada da ümumi danışılan, hər kəsə məlum olan bir mövzu olub. Hər kəsə məlum olan faktlardan söhbət gedib, gizlin heç bir hərbi sirr açılmayıb.

- Ümumiyyətlə, qanunda yayılması qadağan edilən məlumatların siyahısı mövcuddurmu və Vüqar Məmmədov konkret hansı informasiyanı ictimailəşdirdiyi üçün Baş Prokurorluğun “qəzəbinə gəlib”?

- Bir daha deyirəm, veriliş zamanı heç bir sirr açılmayıb, qanun pozuntusu olmayıb. Hər kəsə bəlli olan mövzu ətrafında danışılıb. Bəli, belə bir siyahı var. Bəzi qanunlar var, amma bu məsələdə nə dövlət sirrindən, nə də hərbi sirrdən söhbət gedə bilməz, ümumi, hər kəsə məlum olan faktlardan söhbət gedib. Onu da qeyd edim ki, o fikirləri də şəxsən Vüqar Məmmədov səsləndirməyib, onun müsahibi səsləndirib. Elnur müəllimin səsləndirdiyi fikrə görə jurnalistin həbs olunması qanunsuzdur.

Jalə FAMİLQIZI,

Hurriyyet.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.172785