Saat:20:04
Haqqımızda

VÜQAR MƏMMƏDOVUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ – Məhkəmə baş redaktoru ev dustaqlığına buraxmadı

2025-12-01 18:14:06

VÜQAR MƏMMƏDOVUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ – Məhkəmə baş redaktoru ev dustaqlığına buraxmadı

Bu gün saat 16:00-da Bakı Apellyasiya Məhkəməsində “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) apellyasiya şikayətinə baxılıb.

Hurriyyet.az-ın xəbər verdiyi kimi, baş redaktorun vəkili Aqil Layıc Vüqar Məmmədovun səhhətində yaranmış problemlə əlaqədar onun ev dustaqlığına buraxılması ilə bağlı Səbail Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Vəkil Aqil Layıc bildirib ki, baş redaktorun sağlıq durumunda ciddi problem var, son zamanlar səhhətinin ağırlaşması, tez-tez ürək ağrılarının güclənməsi, təzyiqinin düşməsi səbəbindən onun ev şəraitində müalicə alması vacibdir.

Lakin bu gün Bakı Apellyasiya Məhkəməsində Emin Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində V.Məmmədovun vəkilinin müraciəti qəbul edilməyərək, Səbail Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) barəsində oktyabrın 31-də Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Belə ki, məhkəmə Vüqar Məmmədovun 3 ay 13 gün müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib. Noyabrın 7-də isə Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

“Hürriyyət” V.Məmmədov barəsində çıxarılan qərarın sifarişli və ədalətsiz olduğunu bəyan edir.

Hurriyyet.az