VÜQAR MƏMMƏDOV EV DUSTAQLIĞINA BURAXILMADI – Hakim Ülviyyə Şükürova vəsatəti təmin etmədi
Bu gün Səbail Rayon Məhkəməsində “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) növbəti məhkəmə prosesi keçirilib.
Hurriyyet.az xəbər verir ki, prosesdə baş redaktorun vəkili Aqil Layıcın Vüqar Məmmədovun səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması ilə bağlı müraciətinə baxılıb.
Təxminən saat 11:30-da keçirilən məhkəmə prosesi zamanı baş redaktorun ev dustaqlığına buraxması ilə bağlı vəkilin vəsatəti hakim Ülviyyə Şükürova tərəfindən təmin edilməyib.
Bu haqda Hurriyyet.az-a açıqlama verən vəkil Aqil Layıc hakim Ülviyyə Şükürovanın V.Məmmədovla bağlı məlum qərarını ədalətsiz hesab edir. Onun sözlərinə görə, məhkəmə prosesi zamanı Vüqar Məmmədovun yenidən halının pisləşməsi, ürək ağrılarının güclənməsi, təzyiqinin düşməsi səbəbindən davamlı qaytarması bir daha sübut edir ki, baş redaktorun sağlıq durumunda ciddi problem var.
Xatırladaq ki, oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan “Hürriyyət” qəzeti və “Hürriyyət TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) barəsində oktyabrın 31-də Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Belə ki, məhkəmə Vüqar Məmmədovun 3 ay 13 gün müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib. Noyabrın 7-də isə Apellyasiya Məhkəməsi Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
“Hürriyyət” V.Məmmədov barəsində çıxarılan qərarın sifarişli və ədalətsiz olduğunu bəyan edir.
Hurriyyet.az
