Vitse-spikerin istefa iddialarına RƏSMİ CAVAB
“Milli Məclis sədrinin müavini Rafael Hüseynovun Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) istefa verməsi ilə bağlı məlumat doğru deyil”.
Hurriyyet.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında VHP sədrinin müavini Samir Əsədli deyib.
O, R.Hüseynovun partiyadan istefa verməsi ilə bağlı yayılan xəbərləri təkzib edib:
“Yayılan informasiya düzgün deyil. Rafael Hüseynovun istefa ərizəsi yazması barədə məlumat yoxdur və iddialar həqiqəti əks etdirmir.
Rafael bəy VHP Ali Məclisinin üzvüdür. Mən inanmıram ki, belə bir qərara görə, o, partiya üzvlüyündən istefa versin”.
Qeyd edək ki, Milli Məclis sədrinin müavini, VHPpni təmsil edən deputat Rafael Hüseynova töhmət verilib. Buna səbəb isə onun Milli Məclisdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsidir. Sözügedən məsələ ilə bağlı rayon təşkilatlarından və partiya fəallarından daxil olan müraciətlər müzakirə edilib:
MNTK sədri Zeynal Fətulla bildirib ki, daxil olan müraciətlərdə VHP üzvü olan deputatın iclasda aparıcılığından sui-istifadə edərək partiya sədrinə qarşı bu cür davranışının nə etik, nə də siyasi baxımdan yolverilməz olduğu bildirilir və Rafael Hüseynov haqqında tədbir görülməsi tələb edilir. MNTK partiya Nizamnaməsinin 9.2-ci maddəsinə əsasən, Ali Məclisin üzvü Rafael Hüseynova töhmət elan edilməsi barədə qərar qəbul edib.
