Saat:15:56
Haqqımızda

Vilyam Hacıyevin arvadı milyonluq evlərini, oğlu 126 minlik maşınını geri istəyir

2022-09-30 09:48:00

Vilyam Hacıyevin arvadı milyonluq evlərini, oğlu 126 minlik maşınını geri istəyir

Sabiq başçının oğlu ilə həyat yoldaşı cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılmasına görə həbs oluna bilər

İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. Bakı Apelyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə şikayətin dəlilləri araşdırılıb. Vilyam Hacıyevin vəkili birinci instansiya məhkəməsinin çıxardığı hökmdən narazı olduğunu deyib.

Sabiq icra başçısının ailə üzvlərini təmsil edən müdafiəçi əmlaklar üzərinə qoyulmuş həbsin götürülməsini istəyib. Vilyam Hacıyevin həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyev adlarına rəsmiləşdirilmiş əmlakların müsadirə olunmasından narazıdırlar. Şikayət ərizəsində Cülyetta Hacıyeva 5 milyon 218 min manatlıq mənzil və avtomobillərin, Məhəmməd Hacıyev isə 126 min manatlıq “Land Rover” markalı avtomobilin müsadirədən azad olunmasını istəyib.

İbrahimova Cülyetta adına olan aşağıdakı əmlakları geri istəyir:

- Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində (“Milyonçular məhəlləsi”) yerləşən fərdi ev - 1 milyon 850 min manat;

- Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil - 275 min manat;

- Xırdalan şəhərində yerləşən mənzil - 67 min manat;

- Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil - 86 min manat;

- Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil - 74 min manat;

- Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil - 65 min manat;

- Nardaran-Ləhiş yolunda bağ evi - 2 milyon 626 min manat;

- “BMW X5" markalı avtomobil - 22 min manat;

- “BMW 740-İ” markalı avtomobil - 33 min manat;

- “Bentley Continental GT” markalı avtomobil - 118 min manat.

Məhəmməd Hacıyevin adına olan yalnız bir avtomobilin - 126 min manat dəyərləndirilən “Land Rover”in müsadirəsinə qərar verilib.

1957-ci il təvəllüdlü Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samux, 2012-2020-ci illərdə isə İmişli rayonunun icra başçısı vəzifəsində işləyib. O, 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Tutularkən evində və iş otağında aparılan axtarış zamanı 1 milyondan çox avro, funt-sterlinq və başqa pul əsginasları aşkarlanıb.

Vilyam Hacıyevə 2022-ci ilin iyulunda hökm oxunub və o, 12 il azadlıqdan məhrum edilib. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı), 311 (rüşvət alma) və başqa maddələri ilə təqsirli bilinib. Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu, sifarişlə həbs edildiyini deyir.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov deyir ki, Vilyam Hacıyev və ailə üzvləri şikayət vermək hüququndan istifadə ediblər: “Azərbaycanda gəlir deklarasiyası haqqında qanunun qəbulundan 17 ilə yaxın vaxt keçsə də, sənəd hələ də icra olunmur (bu qanun 2005-ci ildə qəbul olunub- E.M). Həmin qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə öz gəlirləri barədə məlumat verməlidirlər. Qanunun qəbulundan sonra prezident bəyannamə formasının hazırlanması ilə bağlı Nazirlər Kabinetinə 3 ay vaxt verib. Amma bu müddətin bitməsindən 204 ay keçsə də, bu qurum həmin formanı hazırlayıb ortalığa çıxarmayıb. Qanunun tətbiq edilməməsini də bəyannamə formasının hazır olmaması ilə izah edirlər. Bu qanuna görə Azərbaycandakı məmurlar özlərinin və ailə üzvlərinin əmlakları, maşınları və il ərzində əldə elədikləri gəlirlər haqqında rəsmi məlumat verməlidirlər. Qanunun tətbiqini əngəlləyən forma hazırlanmır deyə, məmurların və ailə üzvlərinin əmlakları, maşınları və il ərzində əldə elədikləri gəlirləri haqqında rəsmi məlumat da verilmir. Vilyam Hacıyevi, onun ailə üzvlərini ürəkləndirən də elə bu qanunun qanunsuz olaraq əngəllənməsidir. Bilirlər ki, onlara əmlaklarının mənbəyi haqda kimsə sual verməyəcək. Versə də, sualın əsaslandığı işlək bir qanun yoxdur. Odur ki, rahat şəkildə məhkəməyə şikayət verir, haqsızlığa məruz qaldıqlarını nümayiş etdirməkdən çəkinmirlər. Qanun işləsəydi, Vilyam Hacıyev hər il gəlirləri haqda deklorasiya yazmaq məcburiyyətində olacaqdı. O zaman göstərməli idi ki, - arvadı Cülyetta "Bentley Continental GT" markalı avtomobilə 118 min manatı, oğlu Məhəmməd “Land Rover”ə 126 min manatı hansı hesabdan ödəyib. Azərbaycanda icra başçıları Bakı rayonlarında 1925 manat, Gəncə və Sumqayıt şəhərlərində 1280 manat, rayon və şəhər rayonu üzrə əhalisinin sayı 100 min nəfərdən çox olduqda 1045 manat əmək haqqı alırlar. Bu məbləğin iki qatını da alsa idi, Vilyam Hacıyev maaşla nə arvadına, nə oğluna bunca bahalı maşınlar, əmlaklar ala bilməzdi".

Hüquqşünas deyir ki, Azərbaycanda məmurların külli miqdarda dəyərləndirilən əmlaklarının, sərvətlərinin mənbəyi oğurlanmış büdcə vəsaitləridir: “Elə Vilyam Hacıyevin məhkəməsini götürək. Məhkəmədə üzə çıxdı ki, rayona büdcədən ayrılan milyonlarla manat vəsait Vilyam Hacıyevin "sığal"ından keçib. Məhkəmədə də bu bir daha təsdiqləndi. Bu günə qədər 10-a yaxın icra başçısı həbs olunub. Hər birinin məhkəməsində də ittiham külli miqdarda büdcə vəsaitinin oğurlanmasını əhatə edib. Vilyam Hacıyev məhkəməsində deyirdi ki, guya baş verənlərdən xəbəri olmayıb, işçilərə nəzarət etməyib. Əslində isə hər kəs bilir ki, icra hakimiyyətlərində əli büdcə vəsaitinə çatan çox məhdud sayda şəxs var. İcra başçısı izn verməsə, 1 manat belə xərclənə bilməz. Yəni bu gün Vilyam Hacıyevin, həyat yoldaşı ilə oğlunun məhkəməyə üz tutmaları onların hüququdur. Bununla belə, şikayətləri təmin edilməsə, məhkəmə onlar barəsində də tədbir görə bilər. Məhkəmə xüsusi qərardad çıxara bilər ki, Vilyam Hacıyevin hər iki ailə üzvü cinayət yolu ilə əldə olunmuş vəsaitin leqallaşmasında iştirak ediblər. Məhkəmə hökmü ilə Vilyam Hacıyev büdcə vəsaitlərini mənimsəməkdə suçlu bilinib. Həmin vəsaitlər hesabına alınan və istintaqla müəyyən edilmiş əmlaklar, maşınlar da müsadirə edilib. Yəni Vilyam Hacıyev mənimsədiyi büdcə vəsaitlərinin izini itirmək, həmin vəsaitləri leqallaşdırmaq üçün yaxınlarının adına mal-mülk alıb. Onlar bu haqda məlumatlı olublar və ya olmayıblar, bu, məsələnin mahiyyətini dəyişmir, onların məsuliyyətdən azad etmir. Bakı Apelyasiya Məhkəməsi şikayətə baxıb nəticəyə gələrsə ki, Vilyam Hacıyevin və yaxınlarının  adına olan və müsadirəyə götürülmüş əmlaklar mənimsənilmiş büdcə vəsaiti hesabına alınıb, bu halda hər iki şəxsin əməlində cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşdırılmasında iştirak etmə cinayətinin tərkibi yaranır. Hakim müvafiq olaraq xüsusi qərardad çıxarıb tədbir görülməsi üçün Baş Prokurorluğa göndərməlidir. Bundan sonra heç bir korrupsioner məmurun yaxınları belə bir cinayətdə iştirak etməyəcək və müvafiq olaraq məhkəməyə şikayət verməyə də lüzum olmayacaq".

Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR