Saat:03:45
Haqqımızda

Vətənin örnək götürüləcək oğlu... – MİLLİ QƏHRƏMAN ELŞAD HÜSEYNOVUN HƏYAT YOLU

2024-02-26 18:18:53

Vətənin örnək götürüləcək oğlu... – MİLLİ QƏHRƏMAN ELŞAD HÜSEYNOVUN HƏYAT YOLU

Bu günlərdə “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin kollektivi l Qarabağ müharibəsinin şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun uyduğu müqəddəs yeri ziyarət edib, əziz xatirəsinə ehtiram əlaməti olaraq məzarına təzə güllərdən çələng hörüblər.

1960-cı il oktyabr ayının 8-də Masallı rayonunun Xıl kəndində dünyaya göz açan Elşad Hüseynovun taleyinə də şəhidlik zirvəsindən boylanmaq səadəti nəsib olub. Bu Vətən sevdalısı orta məktəbdən sonra bir il zəhmət bulağından içib. 1979-cu il əsgərlik yaşına çatanda o dövrün qanunlarına uyğun olaraq Batumi şəhərində Vətənin xidmətində durub. İki ilik xidmətini üzüağ başa vurduqdan sonra, Bakı şəhəri, Səbail rayon milis şöbəsinin nəzdindəki mühafizə şöbəsində milis nəfəri  vəzifəsinə işə düzəlib. Həyatının mənasını Vətəninə, xalqına təmənnasız xidmətdə görən Elşad dörd il bu sahədə çalışdıqdan sonra N.Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbinin (indiki Polis Akademiyası) qiyabi şöbəsinə daxil olub və 1989-cu ildə oranı yüksək səviyyədə  bitirib.

Erməni dığaların Qarabağımıza təcavüzünü Elşad heç cür öz vicdanına sığışdır bilməyib, cəbhəyə getmək üçün bir neçə dəfə Daxili İşlər Nazirliyinə müraciət edib. 1991-ci ildən etibarən tez-tez cəbhə bölgələrində olub. İlk dəfə isə yağıya  qarşı Füzuli və Tərtərdə vuruşub, dığalara yaxşı dərs verməklə  ilk ciddi sınaqlardan üzüağ çıxıb. Sonra Marağa, Cuvarlı,  Ağbulaq və digər kəndlərin azadlığı uğrunda  döyüşlərdə olmaqla, hünəri hamını heyran qoyub.

15 iyun 1992-ci il. Vətənin qeyrətli oğulları Fərrux kəndini düşməndən azad etmək tapşırığı alırlar. Səhər tezdən Ağdam istiqamətində döyüşə atılan polis cəngavərləri dığaları qıra-qıra kəndin içinə doğru hərəkət edirlər.  Elşad öndə getməklə   cəsarətlə vuruşur, eyni zamanda ruhlandırıcı çağırışları ilə döyüş yoldaşlarını irəliyə aparır. Bu zaman ölümün gözünə dik baxan, özünü unudub Vətənin taleyini düşünən qəhrəman düşmən gülləsinə tuş gəlir. 32 yaşında Vətən sevgisi onu ölümsüzlüyə qovuşdurur. Bizlərə üç qız övladı yadigar qoymaqla əbədi ürəklərə köç edir.

İndi masallılar Elşadın hünərinə, qeyrətinə bələd olduqları üçün onun rayonun Xıl kəndindəki məzarına baş əyməmiş keçmirlər. Burada kiçik də, böyük də özünə bunu böyük şərəf bilir.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə ölümündən sonra Elşad Eynulla oğlu Hüseynova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Masallıda olan küçələrdən biri Qəhrəmanın adını daşıyır.  Doğma Xıl kəndində isə onun büstü qoyulub.

Bəli, Vətən, xalq yolunda candan keçənlər heç vaxt ölmürlər. Əksinə, onların saçdığı  parlaq işıq qəlb dünyamızda Günəşə çevrilir.

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.168387