Saat:19:36
Haqqımızda

VƏTƏNİN DAŞI OLMAQ… - Fuad Biləsuvarlı yazır

2022-07-02 22:57:00

VƏTƏNİN DAŞI OLMAQ… - Fuad Biləsuvarlı yazır

Ulu Dədə Qorqudun, Nizaminin, Füzulinin bizə yadigar qoyub getdiyi sözdür. Sözün keşiyində durmaq, sözün qayğısına qalmaq hər birimizin borcudur. Necə ki, ana balasına laylasını çalıb, övladının üstündə yarpaq kimi əsir sözün də üstündə yarpaq kimi əsməliyik. Yazdığımız mahnı mətnlərində, şeirlərimizdə, yazılarımızda, müsahibələrimizdə sözümüzü elə işlətməliyik ki, ulularımızın ruhu inciməsin.

Hər bir xalqın öz dili onun vəsiqəsi, onun kimliyi, onun mənliyidir. Nizaminin, Füzulinin, Nəsiminin, Xətainin, Molla Pənah Vaqifin əsərlərini oxuyanda dilimizin, sözümüzün necə də gözəl olduğunun şahidi oluruq. Hələ 2 əsr bundan qabaq Sabirin, Cəlilin, Üzeyir bəyin, Zərdabinin dilimiz naminə, sözümüz naminə canfəşanlıqla göstərdiyi xidmətlər haqda dəfələrlə oxumuşuq. Kifayət qədər məlumatımız var. Sokrat demişkən: Danış səni görüm. Əgər bir insan haqda geniş bilgi toplamaq istəyirsənsə mütləq həmin şəxsi danışdır. Danışdır ki, gör o, insan nəyə qadir, hansı potensiala malikdir.

Dilimizin təkmilləşdirilməsi üçün, formalaşdırılması üçün çoxlu kitablar oxumalıyıq. Mütaliə çox bağlı qapıları üzümüzə taybatay aça bilir. Aydın məsələdir ki, oxuduğumuz kitabların bəhrəsini görəcəyik. Oxuduğumuz kitablardan özümüzə lazım olanları əxz edəcəyik, nələrisə mənimsəyə biləcəyik. Mənə elə gəlir ki, bu gün gənclərimizə kifayət qədər imkan verilmir. Gənclərimiz özünü öz istədiyi kimi, öz bildiyi kimi göstərə bilmir. Gənclərimizə yollar açılsa onlar çox iş görə bilərlər. Hər halda onlar müasir dövrün uşaqlarıdı. Sovetdən qalma deyillər. Yaşlılar 80 yaşlarında, 90 yaşlarında tutduğu vəzifələrdən kənara çəkilmək istəmirlər. Qocaların, yaşlıların ahıl vaxtlarında elmimizə, sözümüzə, bir sözlə, mədəniyyətimizə nə töhfəsi ola bilər? Heç bir şey.

Bu gün Azərbaycanımıza düşünən başlar, fikirləşən beyinlər lazımdır. Biz 31 ildir müstəqil dövlətik. Bu cavan müstəqil dövlətin də ətrafında yan-yörəsində cavan kadrlar olmalıdır. Ölkəmizi xarici dövlətlərdə öz zəngin dilimizlə başqa-başqa ölkələrdə təmsil etmək üçün gənclərə, cavanlara iri tribunalar verilməlidir, yollar açılmalıdır. Axı, belə olmaz neçə-neçə istedadlı, ali təhsil almış cavanların diplomunu evdə toz basır. Nəticədə onların bir çoxu nicat yolunu xarici ölkələrdə tapır.

Dərdimizi kimə deyək, kimə söyləyək? Nə danışmaq olur, nə dinmək, sanki tilsimlənmişik. Dilimiz, ağızımız bağlı. Ürək, qəlb dolu. Gücümüz ancaq yazmağa çatır. Eh, yazmağa da kimdir baxan. Hərə öz işinin başında.

Normal yaşamağımız üçün biz gənclərə normal maaşlı iş lazımdır. Məsələn, mənə iş lazımdır ki, evlənə, ailə həyatı qura bilim. Həyat yoldaşımın, sonra övladlarımın arzusunu yerinə yetirə bilim. Haçana qədər mənə yaşlı nənəm dəstək, kömək olmalıdır?! Niyə bu ölkədə bizim kimi gəncləri görmürlər? Axı, nə qədər istedadlı gənclər var, işsizdir. Niyə  istedadlıları irəli çəkmək istəmirsiniz? Nəyə görə, nə səbəbə istedadlıların qarşılarını kəsirlər? Ay məmurlar, axı, o kürsülər sizə dədənizdən, babanızdan qalmayıb. Övladlarınıza, nəvələrinizə yetəcək qədər varidat toplamısınız, bir qədər də xalqı düşünün. Nefti-qazıyla, pamğıyla zəngin olan dövlətin vətəndaşları korluq çəkməməlidir. Hamımız bu ölkənin, bu dövlətin vətəndaşıyıq. Şair Məmməd Araz demişkən: "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”.  Odur ki, vicdanla hərəkətlə edin. Çalışın birinci növbədə bu vətənin daşı olun, sonra da vətəndaşı.

Fuad BİLƏSUVARLI

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR