Vətəni canından əziz tutanlar...
“Canım atam, anam, bacım. 2 gündür yaralıyam, kömək də gəlmir. Bu gün 23 oktyabrdır. 21 oktyabrda yaralandım. Çoxu şəhid oldu. Mən də ayağımdan yaralıyam, yeriyə bilmirəm, qalmışam burada. Əgər şəhid olsam haqqınızı halal edin, heç vaxt pis olmayın. Başınızı dik tutun. İnşallah cənnətdə görüşərik”.
Bu ürək ağrıdan məktubu Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi İkinci Qarabağ müharibəsində torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərən şəhid Kamran Vəlizadə ömrünün son anlarında qələmə alıb. Tarix yazıb Vətən səmasının əbədi parlaq günəşinə çevrilən Kamran Vəlizadənin dünyaya gəldiyi gündən 28 il ötdü.
Qisa ömrü Vətəninə, torpağına sonsuz məhəbbət mücəssəməsi olan Kamran Əkbər oğlu Lənkəran şəhərinin Nərimanabad kəndində anadan olub. 2004-2014-cü illərdə şəhid Elmar Məmmədov adına tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirən ili Bak Neft Akademiyasının energetika fakültəsinə qəbul olub. Ailəsi onunla birlikdə Bakıya köçüb. 2018-ci ildə universiteti başa vuran Kamran hərbi xidmətə gedib. Daşkəsənin Xoşbulaq kəndində 1 il doğma Azərbaycanın keşiyində durub. Qısa zaman kəsiyində zabitlərin, əsgərlərin sevimlisi olub. Müqəddəs əsgəri borcunu şərəflə yerinə yetirib evinə qayıtdıqdan sonra fərqli işlərdə çalışıb, sonra peşəsi üzrə işə başlayıb. Lakin orada cəmi 14 gün işləyib.
2020-ci il sentyabrın 28-də Kamran Vətən Müharibəsinə yollanıb. Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. 23 oktyabrda döyüş tapşırığını yerinə yetirərkən şəhid olaraq əbədi əlçatmaz, ünyetməz göylərə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülüb.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü