"Vətəndaş ekoloji problemi dərk etməsə, 3-5 qəpiyə görə polietilen torbalardan imtina etməyəcək" - NATİQ CƏFƏRLİ

"Azərbaycanda düşünürlər ki, xaricdə polietilen torbalar pullu olduğuna görə ondan imtina edirlər, halbuki, bu, tamamilə yanlışdır"
"Polietilen torbaların ödənişli olmasının ekoloji problemlərin həllində ciddi rol oynayacağını düşünmürəm"
Bu gündən etibarən ölkənin bütün ticarət şəbəkələrində və marketlərdə polietilen torbalar ödənişlidir. Hurriyyet.az xəbər verir ki, bununla bağlı göstəriş Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ticarət şəbəkələrinə göndərilən məktubda bildirilib.
Qeyd olunub ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulla satılır.
Onu da nəzərinizə çatdıraq ki, artıq ticarət şəbəkələri və mağazalarda iri ölçülü polietilen torbalar 5 qəpiyə, daha kiçik ölçülü torbalar isə 3 qəpiyə satılır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən yaydığı məlumatda isə deyilir ki, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, sahibkarlar Azərbaycan qanunvericiliyinə əməl etməklə öz malları (məhsulları, işləri, xidmətləri) üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdir: "Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 saylı qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilib: "Polietilen torbaların qiymətləri həmin siyahıya daxil edilmədiyi üçün onun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır. İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə mal və xidmətlər təklif olunur. Mövcud qanunvericiliyə əsasən istehlakçı onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı və ya xidməti öz ehtiyacına və zövqünə görə sərbəst seçərək ala bilər.
Bildirilir ki, "Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 28 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir. Əks halda bunu etməyən ticarət obyektlərini 6 min manata qədər cərimə gözləyir".
Beləliklə, mövzu ilə bağlı Hurriyyet.az-a açıqlama verən Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların ödənişli olmasının büdcə ilə heç bir əlaqəsi yoxdur: "Belə ki, polietilen torbaları kommersiya müəssisələri satır və onlar bundan ancaq vergi verə bilər. Odur ki, bunun birbaşa büdcəyə aidiyyəti yoxdur. Sadəcə, Azərbaycan da dünyada gedən trendlərə ayaq uydurmağa çalışır. Əslində, dünyada belə bir yanaşma çoxdan var ki, polietilen torbalar ekologiyaya çox ciddi ziyan vurduğundan ondan imtina etmək lazımdır. Lakin həmişə olduğu kimi bu dəfə də Azərbaycanda axırda görülməli olan işi əvvəldə görürlər. Yəni, Avropa ölkələrində və ABŞ-ın bəzi ştatlarında belə qaydalar var və onlar illərlə bununla bağlı təbliğat aparıb, sosial çarxlar hazırlayıblar. Bundan başqa, parça torbaların pulsuz paylanılması ilə bağlı aksiyalar keçirib, maarifləndirmə işləri aparıblar. Ancaq bundan sonra polietilen torbaların pulla satılması ilə bağlı qərar veriblər. Amma bizdə hansısa bir təbliğat, təşviqat, sosial çarxlar, maarifləndirmə işləri aparmadan birdən-birə polietilen torbaların pulla satılması ilə bu problemi həll edəcəklərini düşünürlər. Səhv yanaşma məhz bundan ibarətdir. Azərbaycan alıcısının davranışlarını bilərək, 3-5 qəpiyə görə onlar bundan imtina etməyəcəklər. Yəni, 3-5 qəpiyə görə heç kəs marketə cibində torbayla gəlməyəcək. Azərbaycanda düşünürlər ki, xaricdə polietilen torbalar pullu olduğuna görə, ondan imtina edirlər. Halbuki, bu, tamamilə yanlışdır. Çünki ekologiyaya vurulan ziyanın insanlar tərəfindən qəbul olunmasına görə, polietilen torbalardan imtina edilir".
Ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların ödənişli olmasının ideya olaraq anlaşılan olduğunu vurğulayan iqtisadçı ekspertin fikrincə, bunun Azərbaycanda tətbiqi, reallaşdırılması ciddi problemlərə səbəb olacaq: "Odur ki, mən bunun ekoloji problemlərin həllində ciddi rol oynayacağını düşünmürəm. Yəni, polietilen torbalardan imtina insanların könüllü davranışından doğmalıdır. Daha yaxşı olardı ki, marketlərin qarşısında aksiyalar təşkil olunsun, pulsuz parça torbalar paylanılsın. Hətta, dövlət heç olmasa 1 illik bunun üçün ekoloji təşkilatlara vəsait də ayıra bilərdi. Vətəndaş ekoloji problemi dərk etməsə, 3-5 qəpiyə görə polietilen torbalardan imtina etməyəcək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya