Saat:13:20
Haqqımızda

Vətəndaş cəmiyyətinin əsas prinsipləri…

2023-09-12 14:24:33

Vətəndaş cəmiyyətinin əsas prinsipləri…

Və yaxud vətəndaşı olan hər cəmiyyət “vətəndaş cəmiyyəti” hesab olunurmu?

İlk öncə ondan başlayaq ki, “Vətəndaş cəmiyyəti” anlayışı yaşadığımız XXI əsrin ən çox maraq dairəsində olan dəyərlərdən biridir. Çünki, ötən əsrlərdən fərqli olaraq, XXI əsrdə sosiallaşma, dövlətlər və millətlər arasında əlaqələrin dərinləşməsi qaçılmaz proseslər olaraq qəbul edilir. İnformasiya əsrinin sürətli şəkildə hər an dəyişməsi də vətəndaş cəmiyyətinin daha fəal mövqe tutması ilə müşahidə olunur.

“Vətəndaş cəmiyyəti” dedikdə cəmiyyətin inkişafının müəyyən mərhələsində formalaşan insanların birliyi, bu birliyin özündə cəmiyyətin siyasi, sosial, iqtisadi, mədəni sferalarında könüllü yaranan qeyri-dövlət strukturları nəzərdə tutulur. Vətəndaş cəmiyyəti qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, milli və b. münasibətlərin məcmusu olub azad vətəndaşların və könüllü formalaşmış təşkilat və assosiasiyaların dövlət-hakimiyyət orqanları tərəfindən onların fəaliyyətlərinə birbaşa müdaxilələri və özbaşına reqlamentləşdirmələri qanunla məhdudlaşdıran özünümüdafiə sferasıdır.

Ümumiyyətlə, elmi ədəbiyyatda "vətəndaş cəmiyyəti" anlayışı öz xüsusi məzmununu müəyyən edib və müasir şərhində cəmiyyətin vəziyyətini, xarakterini, onun sosial-iqtisadi, siyasi və hüquqi təbiətini, inkişaf və yetkinlik səviyyəsini ifadə edir. Başqa sözlə, bu anlayış altında tarixi təcrübə ilə əldə edilmiş, müəyyən meyarlara cavab verən cəmiyyət başa düşülür. Bu, sosial cəmiyyətin inkişafında daha yüksək pillədir.

Vətəndaş cəmiyyətinin mahiyyəti çoxtərəfli, müxtəlif mənalıdır və alimlər tərəfindən müxtəlif cür şərh edilir. Lakin bir şey də aydındır ki, vətəndaşlardan ibarət hər cəmiyyət vətəndaş cəmiyyəti deyil.

Vətəndaş cəmiyyəti haqqında təsəvvürlər uzun tarixi təkamül yolu keçib. Onun əlamətləri haqqında ilkin fikirləri Platonun, Aristotelin, Siseronun və digər yunan-roma mütəfəkkirlərinin əsərlərində görmək olar. Bu ideyaların inkişafı intibah dövründə də davam etmiş və H. Qrotsinin, T. Hobbun, C. Lokkun, Ş. Monteskyenin əsərlərində öz əksini tapmışdır. Lakin "vətəndaş cəmiyyəti" termini yalnız XVIII əsrdən indiki mənada istifadə edilməyə başlanıb. Buna baxmayaraq sonralar da cəmiyyətlə dövlət arasında prinsipial fərqlər göstərilmirdi. Onları ayırmaq elə də asan deyildi. Çünki dövlət cəmiyyətin təşkilat formasıdır. Amma bu o demək deyil ki, cəmiyyət və dövlət strukturları və mexanizmləri bütövlükdə və bütün hallarda üst-üstə düşdü. Yeni dövr mütəfəkkirləri "şəxsiyyət" anlayışını yaratmaqla yanaşı şəxsiyyətlə cəmiyyət arasında qəti ziddiyət olduğunu da dərk edirdilər. Antik və orta əsrlər ideyası olan "şəxsi və ictimai"-nin eyniliyi fikri inkar edilir və dövlətə münasibətdə cəmiyyətin birinciliyi qəbul edilirdi. Artıq V. Humbolt, İ. Kant, G. Hegel, Karl Marks, M. Veber və başqa mütəfəkkirlər bu təzahürləri hüdudlaşdırırdılar, lakin bu barədə dəqiq nəzəriyyələr yox idi. Filosoflara müəyyən qədər vaxt lazım idi ki, dövlətlə cəmiyyət arasındakı fərqləri görsünlər və anlasınlar ki, onlardan biri digərini tamamlayır.

Əlbəttə, vətəndaş cəmiyyəti burjua dövrünün məhsulu olub insanların təhkimçilikdən azad edilməsi, onların dövlətin təəbəsindən şəxsi ləyaqət hisslərinə malik olan təsərrüfat və siyasi məsuliyyət götürməyə hazır vətəndaş-mülkiyyətçilərə çevrilməsinin nəticəsi kimi başlıca olaraq aşağıdan formalaşır. Vətəndaş cəmiyyəti adı altında münasibətlərin - başlıca olaraq əmlak, bazar, ailə, əxlaqi münasibətlərin xüsusi sferasını anlamağa başladılar ki, bunlar məlum dərəcədə dövlətdən ayrı, müstəqil olsunlar. Burada söhbət hakimiyyətin şəxsiyyətin "vətəndaş işinə", insanların şəxsi həyatına qarışmamasından gedirdi.

Onu da qeyd edək ki, vətəndaş cəmiyyətində dövlət strukturlarından fərqli olaraq vertikal əlaqələr yox, horizontal əlaqələr üstünlük təşkil edir. Horizontal əlaqələr - hüquqca azad və bərabərhüquqlu fərdlərin rəqabət və əməkdaşlıq münasibətləridir. Vətəndaş cəmiyyəti sırf bazar münasibətlərinin və rəsmi hakimiyyətlə eyniləşdirilməyən digər fəaliyyət formalarının sinonimi kimi dərk olunur. Vətəndaş cəmiyyəti o insanların demokratik cəmiyyətidir ki, orada insanlar nəyəsə malik olsunlar. Məsələn, istehsal vasitələrinə, pul kapitalına, aksiyalara, insanlara gərəkli olan informasiyaya, intellektə və nəhayət işçi qüvvəsinə. Beləliklə, vətəndaş cəmiyyəti məsələsi insan cəmiyyətinin daha şüurlu və məqsədəuyğun quruluşu kimi qaldırılıb.

Vətəndaş cəmiyyətinin prinsiplərindən danışarkən, aşağıdakıları qeyd etmək yerinə düşər. İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri; İnsan və vətəndaşların təbii hüquqlarının qeyd-şərtsiz tanınması və qorunması; Qanun və ədalət qarşısında hamının bərabərliyi və şəxsiyyətin etibarlı hüquqi müdafiəsi; Hakimiyyətin legitimliyi və demokratik xarakteri; Hakimiyyətin bölünməsi və qarşılıqlı fəaliyyətinə əsaslanan hüquqi dövlət; Siyasi və ideoloji plüralizm, leqal müxalifətin mövcudluğu; KİV-in müstəqilliyi, fikir, söz, mətbuat azadlığı; Dövlətin vətəndaşların şəxsi həyatlarına qarışmaması, onların qarşılıqlı vəzifələri və öhdəlikləri; Sinfi sülh, əməkdaşlıq və milli barışıq; İnsanların layiqli həyat şəraitini təmin edən effektli sosial siyasət. Vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkişaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar hakimiyyətə, sinfi düşmənçiliyə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Burada əxlaq və humanizm prinsiplərinə, qanunlara, və əxlaqa hörmət edilir. Bu cəmiyyət demokratik rejimdə dövlətlə sıx qarşılıqlı əlaqədə olur, totalitar və avtoritar rejimlərdə isə dövlətə qarşı ya aktiv ya da passiv müxalifətdə olur. Vətəndaş cəmiyyətinin formalaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu o demək deyil ki, onun dövlətə ehtiyacı yoxdur. Sadəcə olaraq burada dövlət necə deyərlər öz yerini tapmalı və tutmalı, bütün problemlərin həllində totalitar nəzarətdən və cavabdehlikdən əl çəkməli və yalnız o istiqamətə yönəlməlidir ki, orada onun iştirakı qaçılmaz olsun. Xüsusən müdafiə, qanunvericilik, ekologiya, xarici siyasət, büdcə, rabitə, nəqliyyat, vətəndaşların hüquqlarının müdafiəsi sahəsində. Yəni burada dövlət cəmiyyətin xidmətçisi, onun inamlı nümayəndəsi kimi çıxış edir. Qısa desək cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçündür.

Yeri gəlmişkən, inkişaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkişaf strategiyasının işlənməsinə yönəlir. Yəni cəmiyyətin sosial və iqtisadi inkişafının prioritetlərinin müəyyən edilməsi və əsaslandırılması; vətəndaşların ictimai faydalı fəaliyyətlərinin stimullaşdırılması və onların hüquqlarının, əmlaklarının və şəxsi ləyaqətlərinin qorunması; cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsi; sərhədlərin qorunması və daxili qayda-qanunun təmin olunması. Sonda vətəndaş cəmiyyəti haqqında deyilənlərə yekun vuraraq demək lazımdır ki, bu cəmiyyətin mahiyyəti odur ki, o, hakim elitanın, hakimiyyətin, dövlətin iradəsinin ifadəçisi yox, hər şeydən əvvəl vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini birləşdirir və ifadə edir.

Onu da qeyt etmək yerinə düşər ki, vətəndaş cəmiyyəti və hüquqi dövlətin bağlılığı onların şəxsiyyətin hüququnu müdafiə etməsində də özünü göstərir. Vətəndaş cəmiyyəti insan hüququnu, hüquqi dövlət isə vətəndaş hüququnu təmin etsə də, burada insanın təbii, fərdi və siyasi hüquqları nəzərdə tutulsa da, əslində, burada şəxsiyyətin hüququndan söhbət gedir. Vətəndaş cəmiyyəti və hüquqi dövlətin bağlılığının mühüm şərti kimi iqtisadi, siyasi, mədəni və mənəvi potensiyasını özünüreallaşdırma hüququna malik şəxsiyyət çıxış edir. Vətəndaş cəmiyyətinin özünün legitimliyi əsas məsələlərdən biridir. Bu cəmiyyətin özü məhz hüquqi dövlətdəki siyasi qüvvələrin legitimliyinin mənbəyi kimi çıxış edir. Vətəndaş cəmiyyəti siyasi sistemin əsası olduğu kimi hüquqi dövlət də vətəndaş cəmiyyətinin inikasıdır. Bu cəmiyyət inkişaf etdikcə, hüquqi dövlətin demokratikliyi daha da genişlənir.

Hüquqi dövlət qanun vasitəsilə vətəndaş cəmiyyətinin mövcudluğu və fəaliyyəti üçün şərait yaradır. Bu tip dövlətdə demokratiyanın ümumiliyi hakimiyyətin səmərəliliyi, qanundan asılılığı cəmiyyətin hüquqi əsası kimi çıxış etmək imkanı qazanır. O, həm də ümumbəşəri və birləşdirici xarakter kəsb edir. Vətəndaş həmrəyliyinin, milli barışığın, konsensus və kompromisin bərqərar olması, demokratik, sosial-siyasi təsisatların təkmilləşdirilməsi, sağlam rəqabətə əsaslanan liberal iqtisadiyyatın yaradılması, milli xarakter kəsb edən mədəni-mənəvi mühitin yaradılması da cəmiyyət və dövlətin qarşılıqlı əlaqəsində əsas rol oynayır. Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının formalaşmasında hüquqi dövlət həlledici rol oynayır.

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun vəhdətdə formalaşmasında mühüm xidmətləri olmuş ulu öndər Heydər Əliyev demokratik tipli təsisatların yaradılmasını Azərbaycan xalqının həyati prinsipi hesab edirdi: "Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir".

“Hürriyyət”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.205154