Vətən şəhidinə ehtiram - FOTOLAR
Müzəffər Ordumuzun 44 günə zəfərlə bitirdiyi haqq savaşımızda 30 il düşmən tapdağına dönən Vətən torpaqların azadlığı uğrunda xüsusi qəhrəmanlıq dastanı yazan igid oğullardan biri də şəhid baş leytenant Vüsal Kazımovdur. Lənkəranın Yuxarı Nüvədi kəndində boya-başa çatan bu, Vətən sevdalısının adını özündə yaşadan yadigarlar çoxdur. Hazırda doğma kəndinin hüsnünə bəzək verən, insanların ən çox olduğu park da şəhidin şərəfinə yaradılıb. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində M .Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbin pedaqoji, texniki işçiləri və şagirdləri tərəfindən parkında genişmiqyaslı təmizlik və abadlıq işləri görülüb. İməcilik zamanı ilk öncə Vətən şəhidlərinin əziz xatirəsi yad edilib.
İməcilikdə burada təmizlik və bərpa işləri həyata keçirilib, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ağacların qurumuş budaqları budanıb, dibləri bellənib, oturacaqlar boyanıb, yaşıllıq sahələrinə qulluq göstərilib, ehtiyac olan digər işlər görülüb. Parkın ərazisinə dekorativ ağaclar və güllər kolları əkilib. Həmçinin ərazini nəzarətdə saxlamaq, salınan yaşıllıqlara mütəmadi qulluq göstərilməsi üçün müvafiq tədbirləri bundan sonra da davamlı olacaq.
Məktəbin direktoru Ramiz Ramazanov bildirib ki, illər keçsə də, Azərbaycan xalqı milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş, tarixi qələbəni bizə bəxş edən, ölkəmizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda son damla qanına qədər vuruşub qəhrəmanlıq salnaməsi yazan şəhidlərin xatirəsini hər zaman əziz tutur. Bu iməcilik də onların əziz xatirəsinə bir ehtiram əlamətidir.
Şəhid baş leytenant Vüsal Kazımovun atası - Astara Pedaqoji Kollecinin direktoru, professor K. Kazımov parkın ərazisinə baxış keçirib, aparılan geniş abadlıq işlərinə, eləcə şagirdləri milli, vətənpərvərlik ruhunda böyüməsinə, bu cür silsilə tədbirlərin məktəb rəhbərliyi tərəfindən təşkilinə görə dərin təşəkkürünü bildirib.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü