Vətən müharibəsinin qalib şəhidi - 19 sentyabr Sadiq Zeynalovun doğum günüdür        

2023-09-19 14:50:10

Vətən müharibəsinin qalib şəhidi - 19 sentyabr Sadiq Zeynalovun doğum günüdür        

Astara rayonunun Ərçivan qəsəbəsində dünyaya göz açan Sadiq Kamal oğlu Zeynalov  İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqla sözün əsl mənasında tarix yazdı. Bununla da  canından artıq sevdiyi Vətən, torpaq naminə  etdikləri onu ömrünün ən mənalı, gözəl cağında - 22 yaşında ölümsüzlüyə qovuşdurdu. İndi cismən aramızda olmasa da, ucaldığı şəhidlik zirvəsindən bizlərə öz yurdunu sevib şərəflə, qeyrətlə yaşamağın yollarını göstərir.

 Sadiq orta məktəbi bitirib, müstəqil həyata  qədəm qoyanda artıq onun torpağa bağlılığı, Vətən üçün yaşaması el-obaya  yaxşı bəlli idi.  Necə deyərlər, xeyirxah məqsədlər naminə çalışmaq, millətinə səmimi xidmət etmək  Sadiqin iç dünyasından qaynaqlanırdı. 

Yaxşılıq gözündə yaşa dolan Sadiqi  Ərçivan camaatı 2016-cı ildə  əsgərliyə  Vətənə sədaqətli, layiqli bir vətənpərvər kimi yola salırlar. Naxçıvan Muxtar Respublikasında tank  batalyonunda  xidmət edən Sadiq  Vətənin müqəddəsliyinə tapınmaqla verilən bütün tapşırıqların öhdəsindən layiqincə gəlir. Mərdliyi, bacarığı hərbi hissədə ona böyük etimad qazandırır. Bir sözlə, layiqli bir  övlad olaraq  həmişə can dediyi  doğma  Azərbaycan qarşısında oğulluq borcunu şərəflə verib evinə qayıdır.

Qaldı ki, düşmən tapdağında olan Qarabağın  taleyini düşünən Sadiq öz yerini hərbiçi sənətində görür.  Əsas  istəyi də   döyüş meydanında yağı düşmənin başını əzib Vətən torpaqları azad etmək olur.

Sadiq cəbhə bölgəsində nümunəvi xidməti ilə seçilir, həm də  erməni faşistləri məhv etməkdən ötrü  bir daha peşəsinə mükəmməl yiyələnir.  Bütün bunlarla bərabər, həmişə silaha sarılıb düşməndən  işğal etdiyi Azərbaycan torpaqların intiqamını  almaqdan ötrü məqam axtarır.

İkinci Qarabağ müharibəsi başlananda  elə Vətənin harayına birinci gedənlərdən biri Sadiq olur.  Özü də  qalib gəlmək istəyi ilə döyüş meydanına atılır. Və neçə-neçə qeyri-bərabər savaş meydanında erməni dığalarına  od qoyur. Qəlbi Vətən sevdalı qəhrəman 30 il işğal altında olan doğma torpaqların hər qarışı uğrunda mərdliklə, ürəklə  mübarizə aparır. Sərasər 28 gün odun-alovun içində vuruşan Sadiq Vətən torpaqların azadlığını  düşünməklə erməni faşistlərinin çoxlu canlı qüvvəsini məhv edir, döyüş texnikasını sıradan çıxarır. Füzulidə, Cəbrayılda  xüsusi şücaət göstərir. 25 oktyabrda şəhid olan günü də ürəyindən keçən qisası yağılardan ala bilir. Onun şərəfli ölümü  isə zəfərə gedən yolu  bir qədər də  Ordumuza yaxın edir.

 Astaralılar indi öz qəhrəman oğlu ilə qürur duyur,  onu şanlı tariximizin hünər, igidlik rəmzi kimi ürəyində yaşadırlar. Qərinələr boyunca da belə olacaq.  Çünki Sadiq Vətən naminə öz canından keçib. Dövlət tərəfindən layiq görüldüyü  “Vətən uğrunda”, eləcə  də Füzulinin, Cəbrayılın azad olmasına  görə medalları  Sadiqin igid adına yaraşır.

 Zəfər ORUCOĞLU,  

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.185190