Vasif Talıbovun kadrları yenə “altdan” satır: Naxçıvan aerokassasında problem

2023-03-06 12:05:00

Vasif Talıbovun kadrları yenə “altdan” satır: Naxçıvan aerokassasında problem

Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən uzaqlaşdırılsa da, muxtar respublika üçün xarakterik olan bir çox problemlər hələ də öz həllini tapmayıb. 

Hurriyyet.az xatırladır ki, Naxçıvan "xan"ı dekabrın 22-də könüllü şəkildə vəzifəsindən istefa verəndən sonra onun və komandasının fəaliyyəti ciddi şəkildə təftiş olunmağa başlandı. DTX-nın və digər güc strukturlarının muxtar respublikada ard-arda keçirdiyi əməliyyatlar nəticəsində bir neçə yüksək vəzifəli şəxs saxlanıldı, 100-dən çox indiki və keçmiş məmur istintaqa cəlb olundu. Aparılan genişmiqyaslı yoxlamalar saxlanılanların sayının daha da artacağını söyləməyə əsas verir. 

Naxçıvandakı mənbələrdən aldığımız məlumata görə, həbslər və ardıcıl aparılan yoxlamalar nəticəsində heç də Muxtar Respublikada bütün qanunsuzluqlara son qoymaq mümkün olmadı. Naxçıvan sakinlərindən biri saytımıza deyib ki, bəzi dövlət qurumlarında hələ də Vasif Talıbovun dövründə olduğu kimi özbaşınalıqlar davam edir. Onun sözlərinə görə, Vasif Talıbov zamanında mövcud olan idarəçilik anlayışından imtina etməyən qurumlardan biri, bəlkə də birincisi Naxçıvan aerokassasıdır. 

Müsahibimiz deyib ki, əvvəlki illərdə olduğu kimi Naxçıvan aerokassasında yenə də sərnişinlər incidilir, onlar saatlarla, bəzən günlərlə gözləməyə məcbur edilir, süni problemlərlə üz-üzə qoyulur. 

Naxçıvan sakinin dediyinə görə, aerokassada biletlər yenə "altdan" satılır. Naxçıvandan Bakıya gəlmək istəyən sərnişinlər uçuş imkanı əldə etmək üçün bəzən 48 saat gözləməli olurlar. Bilet olsa da, sərnişinlərə təyyarədəki yerlərin dolduğu deyilir, onlara 36-40 saat sonra nəzərdə tutulan reyslərlə uçmaq təklif olunur. 

Başqa bir sərnişin növbəti gün üçün bilet alsa da, bəzi hallarda əlavə ödəniş hesabına onun bileti bu günə dəyişdirilir. 

Dostbazlıq, qohumbazlıq, şəxsi əlaqələr bilet satışında hələ də başlıca amil olaraq qalır. Vəzifəli şəxslər, imkanlı adamlar əvvəllər olduğu kimi yenə növbə gözləyən sərnişinlərin "başı üstündən" bilet ala bilirlər. 

Məlumatlı şəxs hüquq-mühafizə orqanlarını Naxçıvan aerokassasına "baş çəkməyə" dəvət edib.

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.228545