Vasif Talıbova “səs verənlər” hardadır? – “30 ildə bir dəfə də olsun...”

2023-01-10 17:00:00

Vasif Talıbova “səs verənlər” hardadır? – “30 ildə bir dəfə də olsun...”

Vasif Talıbovun Naxçıvan Ali Məclisin sədri vəzifəsindən uzaqlaşdırılması muxtar respublikada uzun illərdən bəri yığılıb qalmış sirlərin üzərindəki pərdəni götürmüş oldu. 

“Xan”ın qəfil istefası Naxçıvanın özünəməxsus şəkildə və daha çox yazılmamış qanunlarla idarə olunduğuna dair həqiqəti ortaya çıxardı. 

Hurriyyet.az xəbər verir ki, Fuad Nəcəflinin Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunması bu bölgədə yeni ab-hava yaradıb. İndi naxçıvanlılar problemlərini sərbəst şəkildə dilə gətirir, onların sosial şəbəkələr vasitəsilə ictimailəşməsindən çəkinmirlər. Naxçıvanlı taksi sürücülərinin bir neçə gün əvvəl keçirdikləri aksiya bu qəbildən sayıla bilər. 

Talıbovların “vurulması” Naxçıvandakı hakim ailəyə bəslənən “sevgi”nin saxta olduğunu üzə çıxardı. Məlum oldu ki, nəinki Talıbovların pislik elədiyi adamlar, hətta uzun illər onların “kölgəsinə” sığınmış bir çox insan da bu “kölgə”ni qamçılamağa hazırdır. 

Qeyd edək ki, Vasif Talıbov 30 ilə yaxındır ki, həm Azərbaycan Milli Məclisinin, həm də Naxçıvan MR Ali Məclisinin deputatıdır. 

O, sonuncu dəfə 9 fevral 2020-ci il tarixində 1 saylı Şərur-Sədərək seçki dairəsindən Milli Məclisə deputat seçilib. 

Rəsmi məlumatlara görə, V.Talıbov 27 712 səs alaraq 94,6 faizlə parlamentdə təmsilçilik əldə edib. 

Maraqlıdır, V. Talıbovun hücumlara məruz qaldığı bir vaxtda ona etimad göstərmiş 27 712 nəfərdən niyə birinin səsi çıxmır? 

1 saylı Şərur-Sədərək seçki dairəsində qeydiyyatda olan Naxçıvan sakinlərindən biri “Yeni Sabah”a açıqlamasında deyib ki, V.Talıbov deputat olduğu 30 ilə yaxın zaman ərzində bir dəfə belə onların problemləri ilə maraqlanmayıb. Deputat Talıbov parlamentdə təmsil olunduğu 6 çağırış ərzində bir dəfə də olsun seçiciləri ilə görüşməyib. Ümumiyyətlə, Naxçıvanda heç vaxt seçki keçirilməyib. Vasif Talıbov hər beş ildən bir seçki şousu təşkil edərək özünü Milli Məclisə, oğlu Seymur Talıbovu isə Naxçıvan Ali Məclisinə “seçilməsini” təmin edib. Maraqlıdır ki, gənc Seymur da atasının yolu ilə gedərək heç vaxt seçicilərinin ayağına getməyib. Əksinə, ayağına gələn seçiciləri saatlarla qapı arxasında gözlədərək, əliboş yola salıb. 

Şərurlu seçici bizimlə söhbət zamanı naxçıvanlıları sözü üzə deməyi bacaran, prinsipial insanlar kimi xarakterizə etdi. Bildirdi ki, naxçıvanlıların V.Talıbova və ailə üzvlərinə edilən haqlı-haqsız hücumların qarşısında səslərini çıxarmaması onların bu ailəyə bəslədikləri sonsuz qəzəblə bağlıdır.  

Həmsöhbətimiz yaxın günlərdə Vasif Talıbovun və oğlu Seymur Talıbovun deputatlıqdan geri çağırılması ilə bağlı imzatoplama kampaniyasının başladılacağını istisna etməyib.

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.235424