Vasif Talıbov deputatlıqdan da istefa verəcək: Ərizə Bakıda yazılıb

2022-12-21 14:43:00

Vasif Talıbov deputatlıqdan da istefa verəcək: Ərizə Bakıda yazılıb

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun istefası ilə bağlı təfərrüat üzə çıxıb.

Hurriyyet.az-ın əldə etdiyi xəbərə görə, Talıbov bu gün Ali Məclisə təqdim etdiyi ərizədə səhhəti ilə bağlı olaraq vəzifəsini icra edə bilmədiyini əsas gətirib və bu üzdən də istefa verdiyini göstərib. Eyni zamanda ərizənin hələ bir neçə gün əvvəldən yazıldığı bildirilir. Xəbərə görə bir müddət əvvəl paytaxt Bakıya gələn AM sədri ərizəni Bakıda yazıb. Lakin hava şəraiti ilə bağlı Naxçıvanla əlaqə kəsildiyi üçün o MR-ya gedə bilməyib. Hələ bir neçə gün əvvəldən mediada Naxçıvan AM-nin iclasının təyin olunması haqda xəbər yayılmışdı.  Sadəcə Talıbovun MR-yə qayıda bilməməsi bu iclası təxirə saldı.

Ötən gecə Naxçıvana qayıdan V. Talıbov ləngimədən AM-in iclasını keçirərək nəhayət bu gün qeyri-müəyyənliyə son qoydu.

Bəs sonra nə olacaq?

Naxçıvana müvəqqəti olaraq onun müavini Azər Zeynalov rəhbərlik edəcək. Sonrakı mərhələdə yeni sədr seçkisi həyata keçiriləcək. Bəs bu necə olacaq?

Əgər AM sədri Naxçıvan deputatlarının içərisindən seçiləcəksə, bu böyük vaxt aparmayacaq. Lakin kənar şəxsin MR-ya rəhbərlik etməsi nəzərdə tutulursa, bu zaman hüquqi prosedur yerinə yetirilməlidir. Bunun üçün ilk olaraq Naxçıvan AM-də yer boşalmalıdır. Yəni deputatlardan biri istefa verməlidir. Həmin boş qalan yerə isə seçki təyin olunmalı və nəzərdə tutulan  namizəd AM üzvü olduqdan sonra qurumun sədri seçilməlidir. 

Bəs AM-dən istefa verəcək şəxs kim ola bilər? Məlumatlı şəxs “Yeni Sabah”a bildirib ki, həmin şəxs elə V. Talıbovun özü olacaq. Onun eyni zamanda AM-in deputatlığından da istefa verəcəyi gözlənilir.

Qeyd edək ki, Naxçıvan MR-nın Ali Məclisinin sədri postuna namizədlər arasında Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyevin də adı çəkilir. 

Onu da bildirək ki, Naxçıvanla bağlı ikinci versiya da gündəmdədir: MR statusunun ləğv olunması. 

Hansı varianta üstünlük veriləcək, bu yaxın gələcəkdə bəlli olacaq.

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.158004