VAQİF AXUNDOVUN ADAMLARINDAN NAZİRLİYƏ “ƏZƏLƏ NÜMAYİŞİ” - Onlar əcnəbi turistlərə qanunsuz ovla məşğul olmağa geniş şərait yaradırlar…

2022-11-15 11:29:00

VAQİF AXUNDOVUN ADAMLARINDAN NAZİRLİYƏ “ƏZƏLƏ NÜMAYİŞİ” - Onlar əcnəbi turistlərə qanunsuz ovla məşğul olmağa geniş şərait yaradırlar…

Bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması məqsədilə Saatlı rayonu ərazisində reyd keçirib. Sarısu Ovçuluq Təsərrüfatında keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan çoxsaylı əcnəbi vətəndaş cərmələnib, eyni zamanda qanunsuz silahlardan istifadə olunması müəyyənləşdirilib və aktlaşdırılıb.

Qeyd edək ki, Sarısu Ovçuluq Təsərrüfatında reyd keçirilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyi də təsdiqləyib. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, həqiqətən də noyabrın 5-də sözügedən ovçuluq təsərrüfatında qanunsuz ovla məşğul olan şəxslərə qarşı reyd keçirilib…

General-polkovnikin hobbisi…

Azsiyaset.com saytının məlumatına görə, Sarısu Ovçuluq Təsərrüfatı bir neçə il bundan əvvəl 2020-ci ildə ləğv edilən Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) rəisi, general-polkovnik Vaqif Axundov tərəfindən bir zənglə şəxsi nəzarətə götürülüb. Nazirlər kabineti də bununla bağlı qərar verib.

Vaqif Axundov

Sayt xatırladır ki, V.Axundov istefaya göndərildikdən sonra Prezident İlham Əliyevin fərmanı ilə XDMX-nın yerində 3 qurum yaradıldı. Məhz bundan sonra Sarısu Ovçuluq Təsərrüfatı XDMX-nın yerində yaradılan 3 qurumdan birinin - Prezidentin Təhlükəsizlik Xidmətinin balansına daxil oldu. Ovçuluğa xüsusi marağı olan V.Axundov həmin vaxt həm də Azərbaycan Atıcılıq Federasiyasının prezidenti vəzifəsini daşıyır və paralel olaraq Ovçuluq təsərrüfatı da onun yaxınları tərəfindən idarə olunurdu.

Saytın redaksiyasına daxil olan məlumatlardan aydın olur ki, hazırda Sarısu Ovçuluq Təsərrüfatı Hərbi Ovçuluq Cəmiyyətinin sədri Rasim Rzayev tərəfindən istismar olunur. O, V.Axundovun yaxın adamlarından biri kimi Atıcılıq Federasiyasında da vitse-prezident postunu tutub.

Hərbi Ovçuluq Cəmiyyəti nazirlik qədər səlahiyyətə malikdir

Əlbəttə, ilk baxışdan bütün iradlar yenə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərində cəmləşir. Çünki ovçuluq biletləri vermək səlahiyyəti məhz bu nazirliyə məxsusdur. Ancaq məsələnin dərinliyinə gedəndə aydın olur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, Hərbi Ovçuluq Cəmiyyəti də ovçuluq biletləri vermək səlahiyyətinə sahibdir. Bu amil isə cəmiyyətin ovçuluq təsərrüfatlarındakı qanunsuz hərəkətlərinə geniş imkanlar yaradır.

Xatırladaq ki, əcnəbilərin Azərbaycanda qanunsuz ovla məşğul olması dəfələrlə vətəndaşlarımızın etirazına səbəb olub. Şübhəsiz, onlar bu məsələdə haqsız da deyillər. Çünki hansı ölkədən və nə məqsədlə ölkəmizə gəlmələrindən asılı olmayaraq, bütün turistlərin Azərbaycan qanunlarına əməl etməsi vacib şərtdir. Onlar qanunlarımız haqda yetərli bilgiyə sahib olmasalar belə, müvafiq qurumların bu haqda turistləri məlumatlandırması lazımdır.

Rasim Rzayev

Nazirlik qanunsuz ovların qarşısını necə almalıdır?

Xüsusən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi onlar üçün bələdçi ayırmalı, ovlanması yasaq olan quşlar və heyvanlarla bağlı yetərli məlumat verilməli, üstəlik ciddi nəzarət mexanizmi qurmalıdır. Bütün bunlara paralel olaraq Bəhreyn, Küveyt, Qatar, İraq, Oman, BƏƏ, Səudiyyə Ərəbsistanı və s. ölkələrdən ov etmək məqsədilə ölkəmizə gələn turistlərin sayını artırmaq üçün də rəsmi səviyyədə təbliğat aparılmalı, onların ölkəmizdən yüksək əhval-ruhiyyədə qayıtması təmin edilməlidir. Çünki bu turistlərin hesabına ölkəmizə külli miqdarda valyuta daxil olur ki, bu da büdcəmizin artmasında önəmli rol oynayır.

Doğrudur, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sahədə ciddi tədbirlər paketi həyata keçirir. Əslində, əcnəbi turistlərlə bağlı arzuolunmaz mənzərənin ortaya çıxması sabiq nazir Hüseynqulu Bağırovun zamanından qalan problemlərlə bağlı idi. Lakin Muxtar Babayevin kompleks tədbirlər planı, belə demək olarsa, ümumilikdə nazirliyin fəaliyyətində ciddi dönüşün əldə olunması ilə nəticələnib. Təbii ki, bu gün də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətində nöqsanlar var. Lakin bu nöqsanların aradan qaldırılacağı ilə bağlı ümidlər də az deyil.

Əcnəbilərlə dil tapmaq olar, bəs yerli məmurlarla necə...?

Ümumiyyətlə, Azərbaycanda əcnəbi turistlərlə bağlı illər öncədən mövcud olan problemin artıq həll edilmək üzrə olduğunu düşünmək olar. Lakin təəssüflə qeyd edilməlidir ki, bu gün dövlət maraqlarını ciblərinin doldurulmasına qurban verən məmurlarla dil tapmaq daha çətin olub. Əslində, Sarısu Ovçuluq Təsərrüfatında keçirilən reyd zamanı ortaya çıxan həqiqətlər də belə deməyə əsas verir ki, general-polkovnik Vaqif Axundovun himayəsi altında fəaliyyət göstərən Sarısu Ovçuluq Təsərrüfatı və Hərbi Ovçuluq Cəmiyyəti əcnəbilərin qanunsuz ov etməsinə “yaşıl işıq” yandırmaqla, yenə də öz çıxarlarını ön plana çəkiblər. Həm də dövlət maraqlarını zərbə altında qoymaq, ölkə qanunlarını tapdalamaqla. Belə olduğu halda isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ölkədə qanunsuz ovların qarşısını almaqda nə üçün çətinlik çəkdiyi aydın olur.

Xatıradaq ki, bundan əvvəl - 2021-ci ildə də Sarısu Ovçuluq Təsərrüfatında qanunsuz ov edən xarici vətəndaşlar - Aldarwish Omar, Alqadhan Mohammed, Alawjan Saad və Adil Zülfüqarov adlı şəxlər 7000 manat məbləğində cərimə olunmuşdular. Lakin nəzərə alsaq ki, cərimə olunanlar qanunsuz ov edən şəxslərin cüzi bir hissəsidir, deməli, dövlətə daha böyük zərər dəyir. Həm də hansısa məmurların qanunsuz yollarla cibini doldurması hesabına. Elə Azsiyaset.com saytı da yazır ki, Sarısu Ovçuluq Təsərrüfatının rəhbəri İsmi Atakişiyevlə Hərbi Ovçuluq Cəmiyyətinin sədri Rasim Rzayev arasındakı “ittifaq” nəticədə Azərbaycan təbiətinin, flora-faunasının məhvinə səbəb olub. Büdcəyə isə heç bir vəsait ödənilmir.

“Ümumiyyətlə, ölkədə şəxsi maraqlarının təmin olunmasına hesabına təbiətin ən çox məhv edildiyi təsərrüfatlardan biri, bəlkə də birincisi Sarısudur.

Müxtəlif səbəblər ucbatından Ekologiya və Təbii sərvətlər Nazirliyinin Sarısu Ovçuluq Təsərrüfatına müdaxilə imkanları az olduğuna görə, orada vəziyyət günbəgün daha da acınacaqlı hal alır. Son 10 il ərzində reydlərin sayına görə, təsərrüfatların siyahısında Sarısu ilk yerdə qərarlaşıb”, - deyə sayt vurğulayır.

Hazırladı: RƏŞAD

Redaksiyadan: Mövzunu diqqət saxlayacağıq. Yazıda adları qeyd olunan qurumların və şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.182790