Valideynə yaxşılıq etmək ruzinin bol, ömrün uzun olmasına səbəb olur

2022-06-18 22:41:00

Valideynə yaxşılıq etmək ruzinin bol, ömrün uzun olmasına səbəb olur

Valideynə yaxşılıq etməyin əməli təsirlərindən biri ruzinin bol, ömrün uzun olmasıdır. Valideynin razılığı və onların duaları nəticəsində axirət mükafatı və səadətindən əlavə, əməlisaleh və yaxşı əməl sahibi olan övladlar da bu dünyada müvəffəqiyyət qazanaraq səadətə çatır, öz ömür və mallarından bəhrələnirlər. Bunun nəticəsində də özlərindən sonra yüzlərlə xeyir-bərəkət nümunələri qoya bilərlər. İndi bu barədə olan bəzi rəvayətlərə işarə edirik.

Rəsuli-Əkrəm (s) buyurur: "Hər kəs ömrünün uzun, ruzisinin bol olmasını istəyirsə, ata-anasına yaxşılıq etsin. Çünki, valideynə yaxşılıq və xidmət etmək Allaha ibadət etmək Ona tabe olmaqdır."

"Gördüyünüz kimi, Rəsuli-Əkrəm (s) bu dəyərli kəlamında ata-anaya yaxşılıq və ehsan etməyi ruzinin artması və uzun ömür amili kimi təqdim edir.

Həzrət İmam Məhəmməd Baqir (ə) buyurur: "Riyasız və gizli ehsan Allahın qəzəb odunu söndürür, sileyi-rəhim və valideynə məhəbbət göstərmək övladların ömrünü uzadır."

Burada Həzrət valideynə hörmət və ehtiramı ömrün uzanmasının mühüm amillərindən biri kimi göstərmişdir.

Burada münasib görürük ki, iki ibrətamiz Qurani-kərim buyurduğunu və bir tarixi hadisəni əziz oxuculara təqdim edək:

1. Zalım Abbasi xəlifələrindən olan Mütəvəkkil İslam tarixində ən ağır cinayətlər törədən və ən çox qan tökən zalım bir padşah idi.

O, Peyğəmbər (s) Əhli-beytinə (ə) qarşı ən kinli adamlardan biri idi. O, dəfələrlə İmam Hüseynin (ə) şərif qəbrini dağıtmış, o Həzrətin ziyarətinə gələnlərə qarşı hörmətsizlik etmişdi. O, tarix cinayətkarı Həccac ibn Yusif kimi "Kaş Hüseyn ibn Əlinin qətlində iştirak edəydim!" deyə arzu edirdi.

Mütəvəkkil Əhli-beytə (ə) qarşı kin-küdurət saxlamaqda, hörmətsizlikdə o həddə çatmışdı ki, öz təlxəyi Übadət ibn Məxnəsi vadar edirdi ki, birinci İmam Həzrət Əmirəl-möminin Əli ibn Əbutalibin (ə) yüksək məqamını təhqir edib alçaltsın, Mütəvəkkil və onun ətrafında olanları güldürsün.

Onun oğlu Müntəsir isə Əmirəl-möminin Əli ibn Əbutalibin (ə) şiələrindən, onu sevənlərdən idi. O, atasının Əhli-beytə (ə) qarşı bəslədiyi kin və ədavətdən və onun həyasızcasına etdiyi hərəkətlərdən ruhən vicdan əzabı çəkir, qəlbində atasına qarşı kin bəsləyirdi. Onu öldürmək barəsində ustadı Əbu Übeydə ilə məşvərət etdi.

Ustadı dedi: Atan bir nasibi, Əhli-beyt (ə) düşmənlərindəndir. Onu öldürmək İslam nöqteyi-nəzərindən vacibdir. Amma bunu da bilməlisən ki, atasını öldürən şəxsin ömrü qısalır.

Müntəsir bu barədə qəti qərara gəldi və öz dinini atalıq təəssübündən qabağa saldı, öz dini vəzifəsini, hətta atası barəsində belə icra etdi. O, Həzrət Əmirəl-möminin Əli ibn Əbutalibin (ə) yüksək məqamına qarşı edilən hörmətsizliklərin intiqamını atasından və onun təlxəyindən, habelə, ətrafındakılardan aldı. Onların hamısı şərab içərək sərxoş halda ikən, hamısını qılıncdan keçirdi, amma Mütəvəkkil kimi cinayətkarı öldürən bu imanlı şəxs atasının ölümündən sonra 6 aydan artıq yaşamadı.

2. Xudavəndi-aləm "Bəqərə" surəsinin 67-ci ayəsindən başlayaraq buna oxşar bir hadisəni bəyan etmişdir və Əllamə Məclisi də "Biharül-ənvar"ın 74-cü cildinin 68-ci səhifəsində "Üyunü-əxbarir-Rza" kitabının 2-ci cildinin 13-cü səhifəsindən nəqlən İmam Rzadan (ə) nəql edir.

Hadisənin xülasəsi belədir: Bəni-İsrail tayfasında varlı bir şəxs var idi ki, öz əmisi oğlundan (başqa bir rəvayətə görə isə qardaşı oğlundan) başqa heç bir varisi yox idi.

O da ona çatacaq irsi tez əldə etmək üçün o kişini öldürdü. Sonradan özü şikayətçi kimi Həzrət Musanın yanına gəlib əmisinin qatilini tapmasını istədi. Allah-taala Musaya əmr etdi ki, Bəni-İsrailə məxsus bir inəyi kəssinlər, bir üzvünü öldürülənin bədəninə vursunlar, o da dirilib öz qatilini tanıtdırsın.

Belə bir məxsus əlamətlərə malik olan inək yalnız bir nəfər layiqli oğlanda var idi ki, atasına çox gözəl ehsanlar və yaxşılıqlar etmişdi. Həmin oğlan çox gəlirli bir al-veri danışıb, amma pulunu vermək üçün pul sandığının yanına getdi, amma gördü ki, atası yatmış, sandığın açarını da başının altına qoymuşdur.

Oğlan ədəbli və mərifətli bir insan olduğundan, atasını oyatmadı, onun rahatlığını dünyanın fani mənfəətindən üstün hesab etdi. Atası yuxudan oyandıqda məsələdən agah oldu və oğluna təşəkkür ünvanı ilə o inəyi oğluna bağışladı. Allah-taala da bu gözəl əməlin dünyəvi əvəzi kimi Bəni-İsrailə əmr etdi ki, həmin inəyi alsınlar və əvəzində həmin inəyin dərisi tutan qədər qızıl versinlər. Bu, Quranın "Bəqərə" surəsində təfsilatı ilə gəldiyindən, həmin surə "Bəqərə" (yəni inək) adlandırılmışdır.

Bu iki hekayəyə diqqət yetirməklə nəticə almaq olar ki, Mütəvəkkilin oğlu Müntəsir heç də dinin, Allahın buyurduğunun əleyhinə bir iş görməmiş, heç bir xilaf işə mürtəkib olmamışdır.

Çünki Əhli-beyt (ə) düşmənlərinin (nasibilərin) İslamda heç bir dəyəri yoxdur, hətta ata olsa belə, imkan daxilində onu cəhənnəmə vasil etmək vacibdir, xüsusilə cinayətlərinin sayı-hesabı olmayan Mütəvəkkil kimi bir məlunu. Lakin o, Müntəsirin atası və atalıq haqqına malik olduğuna görə, bu əməlin vəzi (təbii) təsiri o qədər sürətlidir ki, cavan Müntəsir atasını öldürdükdən qısa müddət sonra dünyadan gedir.

Belə olan halda, övladların öz dindar və ürəyiyanar valideynləri qarşısındakı vəzifələri aydın olur. Mütəvəkkil kimi fəsadçı və murdar bir atanın qətlə yetirilməsi cavan oğluna öz təsirini göstərirsə və onun vaxtsız ölümü ilə nəticələnirsə, şübhəsiz, əməlisaleh ata-anaya qarşı hər növ səhlənkarlıq və təhqir dözülməzdir və ziyanı da daha ağır olacaqdır. \\Milli.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya