“Validə nənə” guya Roma meri ilə evliymiş... - Bakıda ana və qızının inanılmaz dələduzluğu

2022-05-09 13:25:00

“Validə nənə” guya Roma meri ilə evliymiş... - Bakıda ana və qızının inanılmaz dələduzluğu

Bakı Ağır Cinayətlər Məhkəməsində İtaliyada çoxsaylı mülklərə, daşınmaz əmlaklara, restoranlara sahib olduğunu, anasının Roma meri ilə evləndiyini deyərək dələduzluq etmiş 51 yaşlı İlahəxanım Məmmədova və ahıl anasına hökm oxunub.

Hurriyyet.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, məlumatına görə, İlahəxanım və anası Validə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham ediliblər.

Araşdırmalar zamanı məlum olub ki, İ.Məmmədova bir neçə il əvvəl Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində avtomobil ustası Kamil Babayevlə tanış olub. Avtomobilini bir neçə dəfə K.Babayevin yanına aparan qadın onunla yaxın münasibət quraraq etibarını qazanıb. O, həmçinin yəhudi milliyətindən olmasını, məşhur iş adamı Qod Nisanovun qohumu olduğunu, ailəsinin İsrail, Rusiya və İtaliyada böyük biznes şəbəkəsinə sahib olduğunu, anasının isə Roma şəhərinin meri ilə evli olmasını deyərək K.Babayevi inandırıb.

2019-cu ildə pandemiyanın başlaması ilə İlahəxanım Məmmədova K.Babayevə İtaliyada olduğunu, lakin ölkələrarası uçuşun olmadığına görə Bakıya qayıda bilmədiyini deyərək ondan pul istəyib.

O, bildirib ki, Xəzər rayonundakı bağ evlərini təmir etdirir, buna görə də ona təcili pul lazımdır. Əvəzinə isə İlahəxanım Kamilə İtaliyada pandemiyaya görə mülklərin ucuzlaşdığını deyərək ona 25 min avroya ev, 27 min avoya isə restoran alacağını deyib. İ.Məmmədova Kamilə pulları hissə-hissə Yasamal rayonunda yaşayan və qulluqçusu kimi təqdim etdiyi "Validə nənə”yə, (əslində anası olan Validə Məmmədova. Red.) verməsini deyib. Kamil də özündə olan bütün pulları, eləcə də qardaşından və qonşusundan borc aldığı 6450 manatı və 51850 dolları (ümumilikdə 94595 manat) 2019-cu ilin sentyabrından 2020-ci ilin dekabrına kimi hissə-hissə qulluqçu kimi təqdim edilən ahıl qadına verib.

Sonradan o, qulluqçu kimi tanıdığı İlahəxanımın anası Validəni həmin evdə tapa bilməyib, məlum olub ki, qadın həmin evdə kirayə yaşayırmış. Həmçinin onlar mobil nömrələrini dəyişərək Kamili "qara siyahı”ya salıblar.

Məhkəmədə ifadə verən Kamil Babayev uzun müddət İlahəxanımın dediklərinə inandığını, son olaraq 2020-ci ilin dekabrında onun qulluqçusu kimi təqdim etdiyi anası "Validə nənə”yə pul verərkən qadının əlinin əsdiyini və qorxduğunu görərək übhələndiyini deyib. O, mülki iddia qaldıraraq dələduzluq yolu ilə alınmış 100 min manata yaxın pulu geri tələb edib.

O da məlum olub ki, İ.Məmmədova ömür boyu İtaliyada olmayıb. O, Kamildən pulları aldığı dövrdə Bakıda olub və Kamillə yalnız votsap proqramı vasitəsilə əlaqə saxlayaraq internetdən götürdüyü Roma şəhərinin fotolarını, eləcə də restoran şəklini ona göndərib. Bu müddət ərzində İlahəxanım və anası Kamildən aldıqları pulların hesabına dəfələrlə Türkiyəyə gedib-qayıdıblar.

Məhkəmədə çıxış edən İ.Məmmədova törətdiyi əməlləri etiraf edib və biznes qurmaq istədiyini, buna görə də Kamili aldadıb pul aldığını deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədovaya 7 il azadlıqdan məhrumetmə cəzası verilib. Onun 70 yaşlı anası Validəyə isə 5 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin Validə Məmmədovanın cəzası 3 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib və o azadlıqda qalıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya