Vahid Məhərrəmli: “Subsidiyaların verilməsi ilə bağlı qayda-qanuna ciddi ehtiyac var”
Məlum olduğu kimi, Milli Məclisin dünənki iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub. Müzakirələrdə hökumət üzvləri çıxış edərək növbəti ilin büdcə zərfi ilə bağlı öz mövqelərini ifadə ediblər. Həmçinin Hesablama Palatasının sədri Vüqar Gülməmmədov da çıxış edib. O bildirib ki, dövlət büdcəsindən subsidiyanın ayrılmasının aydın və anlaşılan qaydaları olmalıdır.
Palata sədri vurğulayıb ki, qaydaların olmaması subsidiyanın yalnız əməliyyat xərclərinin (zərərinin) qarşılanması üçün verilmə meyarının gözlənilməməsi risklərini yaradır. Bundan əlavə, dəyişikliklər subsidiya və sifarişlə bağlı vergi qanunvericiliyindəki tələblərin təsirinin də diqqətdə saxlanılmasını zəruri edir.
Məsələ ilə bağlı fikirlərini bölüşən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Hurriyyet.az-a bildirib ki, subsidiyaların verilməsi ilə bağlı qayda-qanuna ciddi ehtiyac var: “Ümumiyyətlə, qanun hazırlananda Azərbaycanda strateji əhəmiyyət kəsb edən məhsulların istehsalını artırmaq, ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatını ödəmək əsas götürülməlidir. Nəzərə alınmalıdır ki, Azərbaycanda məhsuldarlıq aşağı olduğu və məhsulun satış qiyməti fermerlərimizi qane etmədiyi üçün dövlət öz üzərinə müəyyən öhdəlik götürür, o sahəyə pul şəkilində yardım edir. Və konkret olaraq istehsal olunan məhsulun dəyərinin müəyyən faizi qədər subsudiya verir”.
V.Məhərrəmli hesab edir ki, dövlət mütləq əmtəəlik məhsula görə subsidiya verməlidir: “Əgər kəndli və yaxud fermer istehsal etdiyi məhsulu özü istehlak edirsə və yalnız özünün təminatı qədər məhsul istehsal edirsə, dövlət onun üçün subsidiya ayırmamalıdır. Dövlət yalnız o sahələrə subsidiya ayırmalıdır ki, o fermerin istehsal etdiyi məhsul ölkənin ərzaq məhsullarına olan tələbatını hansısa həcmdə təmin edir. Bu, nəzərə alınmalıdır. Digər tərəfdən burada təbiət, yəni sığorta hadisələri baş verir. Belə olan halda, dövlət bu sığortanın da 80-90 faizini öz üzərinə götürməlidir. Nəyə görə, deyirəm ki, dövlət bəzi ödənişləri öz üzərinə götürməlidir?! Ona görə ki, bizim kəndlilərin indiki halda, maddi vəziyyəti çox çətindir. Birincisi, kəndlilərə ucuz kredit resursu təklif olunmur, təklif olunan kredit resursu yüksək faizlədir. O da kəndlilərimizi qane etmir”.
“İkincisi, Azərbaycanda məhsuldarlıq aşağıdır və kəndlilər nə qədər çalışsalar da, müəyyən səbəbdən aşağıdır. Suvarma suyu, keyfiyyətli toxum, gübrə və pestisidin təminatında problem var. Kəndlilərimizin özlərinin bilik və bacarıqları günün tələbinə cavab vermir. Bunu nəzərə alaraq, hökumət onlara müəyyən mərhələyə qədər dəstək verməlidir. Burada hökumət istiqamət verməməlidir ki, kəndli əldə etdiyi vəsaitin hansı hissəsinə gübrə, pestisid və yaxud toxum alacaq. O faktorları nəzərə alaraq, kəndliyə konkret müəyyən məbləğdə maliyyə resursu ayrılmalıdır, kəndli həmin resurslardan istifadə etməlidir və seçim imkanı yaradılmalıdır. Yəni gübrəni, toxumu və yaxud pestisidi hansısa monopolist ölkəyə gətirməli deyil. Bazarda imkan yaratmaq lazımdır ki, fermerlər istehsal vasitələrini ucuz və keyfiyyətli əldə etsin. Yəni belə rəqabət mühiti olsa, ölkəyə keyfiyyətli toxum, gübrə və pestisid materialları gətirilə bilər. Bu da ümumi məhsuldarlığın artmasına yardım edər. Hesab edirəm ki, subsidiyaların verilməsinə Qərb ölkələrində olduğu kimi yanaşma olmalıdır”-deyə V.Məhərrəmli əlavə edib.
CAVİD
