Saat:04:19
Haqqımızda

Vahid Azərbaycan uğrunda mübarizə

2021-08-10 10:49:00

Vahid Azərbaycan uğrunda mübarizə

Fətəli Xan Qubalı bütün xanlıqları vahid dövlət ətrafında birləşdirmək istəyirdi...

Uzaq və yaxın keçmişimizin hər bir dövrü özünəməxsusluğu, rəngarəngliyi, hadisələrin zənginliyi ilə fərqlənsə də, onları bir-birinə bağlayan, birləşdirən əsas qayə siyasi cəhətdən müstəqil, vahid Azərbaycan dövlətinin yaradılması və inkişafı uğrunda mübarizə olmuşdur.

Əsrlər boyu qəsbkarların, zəngin Azərbaycan torpağına göz dikən yadellilərin işğalına, həmləsinə məruz qalan xalqımız həmişə öz ərazi bütövlüyünü, siyasi mənliyini, iqtisadi müstəqilliyini qoruyub saxlamaq üçün mübarizə meydanından geri çəkilməmişdir. Bu baxımdan Azərbaycan xanlıqları da çoxəsrlik tariximizdə müsbət və mənfi yöndə dərin izlər buraxmışlar. Feodal pərakəndəliyinə xas olan xüsusiyətlərinə baxmayaraq, Azərbaycan xanlıqlarının bir neçəsi ərazi müstəqilliyini qorumaq, vahid dövlətdə birləşmək meylləri ilə fərqlənmişlər (Bu cəhətdən Quba xanlığı daha çox müstəsnalıq təşkil edir).

XVIII əsrin ortalarında Nadir şah Əfşarın öldürülməsindən sonra (1747-ci il 9 iyun) onun yaratdığı dövlət əsl mənada dağılmış, Azərbaycan xalqı və ölkəsi üçün çətin dövrlər yenidən başlamış, hər tərəfdən şah taxt-tacına iddiaçılar baş qaldırmışlar. O zaman ölkənin tərkibindəki ətraf vilayətlərin nüfuzlu feodalları da sərbəstliyə can atırdılar. Taxt-tac uğrunda mübarizənin qızışdığı bir dövrə Azərbaycan ərazisində müstəqil feodal dövlətləri - xanlıqlar yarandı. O dövrdə xanlıqların yaranmasında xalq kütlələrinin azadlıq mübarizəsi, natural təsərrüfatın hələ də mövcudluğu, eyni zamanda beynəlxalq şərait əsas rol oynayırdı.

Azərbaycanda İran mərkəzli səltənətlərin təsiri zəiflədikdən sonra  ərazisində 20 (H.Abdullayev – 18, İ. Petruşevski – 14) xanlıq meydana gəlmişdi. Onların 11-i Azərbaycanın şimalında (Gəncə, Bakı, Quba, Dərbənd, Şəki, Şamaxı, Talış, Qarabağ, Cavad, İrəvan, Naxçıvan), 9-u isə Azərbaycanın cənubunda (Təbriz, Urmiya, Xoy, Sərab, Qaradağ, Ərdəbil, Maku, Marağa, Gilan) yaranmışdı. Bunlardan əlavə 6 sultanlıq (Qazax-Şəmşəddil, Borçalı, İlisu, Ərəş, Qutqaşın, Qəbələ) və 5 məliklik (Dizak, Vərəndə, Xaçın, Ciləbört, Gülüstan) da meydana gəlmişdi. Sultanlıqların əksəriyyəti, məlikliklərin isə hamısı bu və ya digər xanlıqdan asılı idilər. Azərbaycanda (həm şimal, həm də cənubda) belə pərakəndəliyin yaranmasının əsas səbəbi ölkədə iqtisadi əlaqələrin zəif olması, təsərrüfatın natural xarakter daşıması, feodalların hər birinin müstəqil hakimiyyətə can atması idi.

Parçalanmış Azərbaycanı vahid dövlətdə birləşdirmək niyyəti şimalda Şəki, Qarabağ və Quba xanlıqlarını, cənubda isə Urmiya xanlığını daim düşündürmüş və həqiqətən bu sahədə onların hər biri müəyyən addımlar atmışlar. Lakin onların içərisində son nəticədə ən çox iş görən Qubalı Hüseynəli xanın (h.d. 1726-58) oğlu Fətəli xan (h.d. 1758-89) olmuşdur.

Quba xanlığının yaranmasının maraqlı tarixi vardır. Belə ki, Quba xanlığının tarixinə nəzər salsaq görərik ki, bu xanlıq XVII əsrin 80-90-cı illərində yaranmış və ilk Quba xanı da 1689-cu ildə vəfat etmiş Hüseyn xan olmuşdur. Digər xanlardan fərqli olaraq, Quba xanları böyük hüquqlara malik idilər. Belə ki, hələ Səfəvilər dövründə Dağıstan hakimlərinin Qaytaq Usmisinə məvaciblə yanaşı, Şirvandan bir sıra kəndlərin gəlirləri və idarəçiliyi də verilmişdir. O zaman Qaytaq Usmisinin nəsli iki xəttə bölünürdü. Böyük xətt  Məcalisdə, kiçiyi isə Yengikənddə yaşayırdı. Növbə ilə gah bir, gah da o biri qolun nümayəndəsi Usmi vəzifəsini tuturdu. Qaynaqlarda göstərilir ki, Yenikənddəki qol Məcalisə basqın edərək, azyaşlı Hüseyndən başqa buradakı qolun bütün kişi üzvlərini qırır. Aydə bəy Hüseyni  xilas edir və Tarkı Şamxalının yanına aparır. Buradan da Hüseyn öncə Salyana, sonra İsfahana aparılır, orada təhsil alır və Qacar tayfasından varlı bir əyanın qızı ilə evlənir. Bu nikahdan da Əhməd xan dünyaya gəlir. Arvadının vasitəçiliyi ilə Süleyman şah (1666-1694) onu (Hüseyni) Quba və Gülhanın xanı təyin edir. Beləliklə də, Quba xanlığının əsası qoyulur. 1725-ci il İstanbul müqaviləsinə görə, Quba əyaləti Rusiyanın tərkibində qalmışdı. Hüseynəli xan isə Quba hakimi təyin edilmişdi. Onun iqamətgahı əvvəl Xudat, 1735-ci ildən (başqa mənbədə 1947-dən) isə Quba şəhəri olmuşdur. Burada zərbxana və silah emalatxanaları vardı. O zaman Quba xanlığının sahəsi 10. 500 kvadrat verst idi. Şimalda Dərbənd və Qazıqumuq, qərbdə Şəki, cənubda Bakı və Şamaxı xanlıqları, şərqdə Xəzər dənizi ilə əhatə olunurdu. Quba xanlığı hərbi-müdafiə cəhətdən güclü idi. Ona görə ki, xanlığın ərazisində çoxsaylı müdafiə qalaları ilə yanaşı əhalisi də döyüşkən və cəsur idi.

Quba xanlığı əlverişli coğrafi mövqedə yerləşməklə yanaşı, münbit torpağı, şəfalı iqlimi əkinçilik, bağçılıq və maldarlıq təsərrüfatını inkişaf  etdirməyə imkan verirdi. XVIII əsrin ortalarında Quba xanlığını Hüseyn xanın nəvəsi - Sultan Əhməd xanın (h.d. 1709-21) oğlu Hüseynəli xan (1725-1758) idarə edirdi. XVIII əsrin 47-ci ilindən bəri Hüseynəli xan Quba əyalətini müstəqil elan xanlıq etmişdi. O, 1756-cı ildə Salyan xanlığını yenidən Quba xanlığına qatdı. Onun dövründə Dağıstanın cənubundakı Axtıpara, Altıpara, Doqquzpara mahalları da Quba xanlığına birləşdirildi. 1770-ci ildə Azərbaycanda olmuş S.Qmelinin məlumatına görə  Qulqan, Şabran, Rüdbar da Quba xanlığının himayəsində idi.

1758-ci ildə Hüseynəli xan vəfat etdi və hakimiyyətə onun oğlu 22 yaşlı Fətəli xan keçdi. Fətəli xanın hökmranlığı dövründə (1758-89) Quba xanlığının mövqeyi daha da möhkəmləndi. 1736-cı ildə doğulan Fətəli xan  öz dövrünün görkəmli dövlət xadimi, mahir diplomat və qəhrəman sərkərdə, tariximizin və milli dərketməmizin ən parlaq simalarından biri idi. O, 31 illik hakimiyyəti zamanı Azərbaycan torpaqlarını birləşdirib vahid və güclü dövlət yaratmaq arzusu ilə yaşayıb və bu yolda nə mümkünsə etmiş və çox şeyə də müvəffəq olmuşdur.

A. Bakıxanov “Gülüstani-İrəm” əsərində yazırdı: “Fətəli xan tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məmləkəti idarə etmək işlərində mahir bir adam idi. O, könülləri almaq və düşməni aldatmaqda xüsusi bir məharətə malik idi”. Görkəmli ictimai və hərbi xadim kimi xalqın rəğbətini qazanmış Fətəli xan həm də dövrünün ziyalı və savadlı şəxslərindən olmuşdur. Ana dili ilə yanaşı fars və rus dillərini də bilirdi. Onun tapşırığı ilə bir sıra məşhur elm, sənət əsərləri ərəbcədən və farscadan Azərbaycan türkcəsinə tərcümə olunmuşdur.

Fətəli xan məqsədyönlü və suveren xarici siyasət yeridirdi. Türkiyə və İranın təkidinə baxmayaraq, o, Rusiya imperiyasına qarşı düşmənçilik siyasəti yeritməmiş, eyni zamanda öz torpaqlarının Rusiya tərəfindən zəbt edilməsinə imkan verməmişdir. Azərbaycanın feodal pərakəndəliyi vəziyyətində olduğunu görən Fətəli xan bütün xanlıqları vahid dövlət ətrafında birləşdirməyi qərara alır. Bununla əlaqədar olaraq, Quba xanı Dağıstan hakimləri - Tarxu Şamxalı Murtuzəli, Qaraqaytaq Usmisi Əmir Həmzə və Tabasaran hakimi ilə əlaqəyə girib, dağlar ilə Xəzər dənizi arasında Samur çayının cənubundakı - Müşkür, Niyazabad, Sabran, Rustov və Beşbarmaq torpaqlarını ilkin mərkəz qərar verərək 1759-cu ildə Dərbənd xanlığı da Quba xanlığına birləşdirdi. Xəzər dənizində mühüm qala və ticarət limanı olan Dərbənd Quba xanlığının daha da möhkəmləndirilməsi üçün əsas amil oldu. 1767-ci ildə isə Bakı xanlığı Quba xanlığına birləşdirildi. Azərbaycanın şimal-şərq torpaqlarını Quba xanlığı ətrafında birləşdirmək uğrunda mübarizə aparan Fətəli xan, Bakı xanlığını özündən tam mənasında asılı vəziyyətə salmaq məqsədilə bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məmmədxana (h.d. 1768-84) ərə verdi. Beləliklə, Fətəli xan öz məqsədini həyata keçirmək üçün bəzi hallarda güc tətbiq etmədən feodalizm dövründə dövlət siyasətində mühüm rol oynayan nikah diplomatiyasından da istifadə edirdi. Məsələn, öncə Qaraqaytaq Usmisi olan qaynı Əmir Həmzəyə vəd etdiyi bacısı Xədicə Bikəni ilk Bakı xanı I Mirzə Məhəmmədxanın oğlu Məlik Məhəmməd xana (1758-84) ərə vermişdi. Həyat yoldaşı Tutu Bikə bütün həyatı boyu Fətəli xana sədaqətli olmuş, ağıllı Xədicə Bikə isə qardaşının məsləhəti ilə Bakı xanının daxili işlərinə müdaxilə etməyə və onları Quba xanlığının xeyrinə istiqamətləndirməyə nail olurdu. Rus tarixçisi R. Butkov yazır ki, “Bakı xanı bütün həyatı boyu Quba xanlığına sadiq oldu. Çünki Fətəli xanın bacısı öz ərini tamamilə ələ almışdı…”  Məlik Məhəmməd xan olmayanda Xədicə Bikə xanlığı özü idarə edirdi. Əri iki il Qarabağda əsirlikdə olanda, iki dəfə Məkkə və Kərbəlanın müqəddəs yerlərinə ziyarətə gedəndə, həmçinin hərbi yürüşləri dövründə xanlığı Xədicə Bikə idarə etmişdi.

Dərbənddən Salyana qədər Xəzər sahilindəki bütün torpaqlar Quba xanlığı tərkibinə daxil edildi. 1767-ci ildə Fətəli xan Şəki xanlığı ilə sazişə girib Şamaxı xanlığını da ələ keçirdi. Həmin il Gəncə xanı Cavad xan da Fətəli xana tabe olduğunu bildirdi. Beləliklə, XVIII əsrin 60-cı illərində Dərbənddən Cavad xanlığına qədər Azərbaycanın şimal-şərq torpaqları Quba xanlığının hakimiyyəti altına keçdi. 1768-ci ilin iyununda Şamaxı tam təslim oldu, ilin sonunda isə Cavad xanlığı da qəti olaraq Quba xanlığına qatıldı. Beləcə Şərqi Azərbaycanın ən zəngin torpaqları Quba xanlığına birləşdirildi.

Dərbənddən başlayaraq, bütün Azərbaycan torpaqlarını bir dövlət tərkibində birləşdirən Fətəli xan hərbi qüvvə, ticarət və iqtisadi əhəmiyyət baxımından çox uğurlar qazanmış, ölkədə əmin - amanlıq yarada bilmiş, Cənubi Azərbaycan xanlıqlarının da həmişəlik İran təsirindən qurtarıb öz himayəsinə götürməyə cəhd göstərmişdi. Fətəli xan əqidəsi möhkəm, amalı yüksək, məqsədi ali, bütün varlığı ilə torpağına, xalqına bağlı dövlət başçısı idi. Xalqımızın cəsurluq rəmzi sayılan Cavad xan Fətəli xanın Gəncə şəhərinə yürüşü zamanı yolda pişvazına çıxıb özünün rəğbət və itaətinin nişanəsi olaraq Gəncə qalasının açarını ona təqdim etmişdi. Azərbaycanın bəzi cənub xanlıqlarının sakinləri Fətəli xandan onları himayəyə götürməyi xahiş etmişlər. Fətəli xan öz məqsədinə çatmaq üçün Rusiya ilə dostluq əlaqəsi saxlayırdı. 1782-ci ildə Quba xanlığı ilə Rusiya arasında bağlanmış müqavilə hər iki dövlətin ticarət əlaqələrinin genişləndirilməsi üçün şərait yaratdı. Quba xanlığının qüdrətinin artmasından ehtiyat edən Qarabağ, Şəki xanları və Dağıstan hakimləri birləşmiş qüvvələrini Quba xanlığı üzərinə yeritdilər. 1774-cü ildə Xudat yaxınlığında Gavduşan çölündəki döyüşdə Fətəli xanın qoşunları məğlub olub Salyana çəkildilər. Quba və Şamaxı tutuldu. Dərbənd isə mühasirəyə alındı. Dərbəndin müdafiəsinə Fətəli xanın arvadı Tutu Bikə rəhbərlik edirdi. Fətəli xan Rusiyaya müraciət edərək kömək istədi. 1775-ci ilin martında general de Medemin başçılıq etdiyi rus qoşunları Dərbəndə yaxınlaşdılar. Bundan istifadə edən Fətəli xan düşmənin silahlı qüvvələrini darmadağın etdi. Quba və Dərbənd azad edildi.

Tuti Bikə Quba xanı Fətəli xanın həyat yoldaşı, Qara-qaytaq hakimi Əmir Həmzənin bacısı və dövlət xadimi olub. 1776-cı ildə Dərbənd şəhərini idarə etmək Tuti Bikəyə tapşırılır. O, ərinin döyüşdə öldürüldüyü haqqındakı şayiələrə inanmayaraq, şəhəri axıra qədər müdafiə edir və 9 ay düşməni Dərbəndə yaxın buraxmır. Hətta bəzi müəlliflərin yazdığına görə, Tuti Bikə qala divarının üstünə çıxıb onu aldatmağa çalışan qardaşına demişdi: «Sən yalanı da düz-əməlli danışa bilmirsən. Fətəli xan sənin düzəltdiyin bu kiçik tabuta sığışa bilməz». Həqiqətən Dərbəndin alınmaz qalması Azərbaycan tarixində adı əfsanəyə çevrilən Tuti Bikənin qəhrəmanlığı ilə bağlanmalıdır. O, 1786-cı ildə dünyasını dəyişir və Dərbəndin "Qırxlar qəbiristanlığı"nda, səkkizguşəli məqbərədə dəfn edilir. Fətəli xanın arvadının şərəfinə tikdirdiyi türbə bu gün də ziyarət olunmaqdadır..

(Ardı var)

Əkrəm Zeynalov,

Əməkdar elm xadimi, t.e.d. prof.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR