Saat:07:20
Haqqımızda

Üzü bəri baxan Vedi dağları...

2021-07-23 11:36:00

Üzü bəri baxan Vedi dağları...

Qərbi Azərbaycanın Dərələyəz-Vedi dağlıq sistemi Zəngəzur mahalını şimaldan əhatə etməklə, həm də Vedi çayı (58 km, Araz çayının sol qolu) hövzəsini tutur. Qədim tarixi-coğrafi Vedibasar mahalında Böyük Vedi yaşayış məntəqəsi (şəhəri) bu çayın sağ sahilində yerləşir. Qafqaz Statistika İdarəsinin rəsmi məlumatına görə Böyük Vedi kəndində 1879-cu ildə 1743 nəfər, 1893-cü ildə 2110 nəfər, “Qafqaz təqvimi” isə bildirir ki, 1912-ci ildə 2501 nəfər, yalnız Müsəlman-Türk əhalisi yaşamışdır.

Doğma və qonşu Qars mahalı ilə Araz çayı boyunca həmsərhəd olan Vedibasar mahalı (Vedi və Əzət çayları hövzəsi) dağlıq-düzənlik (Ağrıdağ vadisi, Qaralar düzü) əraziləri, çay vadilərini-yataqları (Küysüzçay, Xosrov, Dərbənd, Çığın, Xırdaçay, Böyükçay, Ağsu, Dəvəgözü, Milliçay) əhatə etməklə, həm də Qərbi Azərbaycanda qədim tarixə, zəngin milli-mənəvi, maddi-mədəni irs, e.ə. III-I minilliyə malik əski Müsəlman-Türk mənşəli yaşayış məntəqələri ilə (Reyhanlı, Ağkənd, Bayburt, Vedi Sofulu (Kiçik Vedi), Avşar, Qədirli, Çimənkənd, Qaralar, Şirazlı, Dəvəli, Gölaysor, Gölkənd, Əzizkənd...), mürəkkəb oroqrafik-hidroqrafik relyef strukturları ilə (Zarıncı dağı, Dərbənd dağı, Kilsə dərəsi, Milli dərə, Xosrov dərəsi, Baba qayası, Quş qayası, Çığın gölü, Əzət su anbarı...) tanınır.

Ümumiyyətlə, Müsəlman-Türk dünyası hüdudlarında ən qədim insan yaşayış ocaqları Qərbi Azərbaycanda geniş şəbəkəyə malikdir, xüsusilə Vedi çayı hövzəsində, Vedibasar mahalında.

Belə ki, 1975-1978-ci illərdə rus tədqiqatçısı, tarixçi-arxeoloq B.B.Piatrovckinın (1908-1990) Vedibasarda arxeoloji qazıntılar aparması nəticəsində Böyük Vedi yaşayış ərazisində e.ə. III minilliyə aid saxsı-keramika nümunələrinin, artefakların, yaşayış ocaqlarının, məişət alətlərinin aşkar edilməsi elmi ictimaiyyət arasında böyük maraq doğurmuş, coğrafi ərazinin həm də qədim yaşayış məskəni olduğunu sübut etmişdir.

Vedibasar mahalının əlverişli təbii-coğrafi şəraiti ərazinin daha çox məskunlaşmasını şərtləndirmiş, Qərbi Azərbaycanın strateji əhəmiyyətli siyasi-hərbi, ictimai-iqtisadi mövqeyini gücləndirmiş, Araz çayı hövzəsini beynəlxalq əhəmiyyətli bölgəsinə çevirmişdir. Bu baxımdan, Dərələyəz dağlıq silsiləsi bölgənin Naxçıvan MR və Türkiyə Cumhuriyyəti ilə birbaşa əlaqələrinin yaranmasını təmin edir. Çünki mahalın bütün yaşayış məntəqələri kökənli Oğuz-Türk tayfalarının doğma ocağı, əski ictimai-təsərrüfat yerləri olmuş, bütöv milli-etnik coğrafi məkan yaratmışdır. Minilliklər boyunca əhali və demoqrafik tərkibcə də bölgənin yaşayış məntəqləri bu xüsusuyyətləri qoruyub saxlamışdır.

Bu barədə 1880-ci ildə hazırlanmış “Qafqaz  məlumat toplusu”nun 1873-cü ilə aid tarixi göstəriciləri, 1912-ci ildə çap edilmiş “Qafqaz təqvimi”nin şərhi xüsusilə əhəmiyyətlidir. Qeyd edilən məlumatlar bir daha təsdiq edir ki, bütün Vedibasar mahalı Müsəlman-Türk əhalisinin tarixi, əski yurd-ocağıdır, yer adları ellikcə doğma Ana dilimizd-qədim Oğuz türkcəsində yaranmışdır. Adı çəkilən rəsmi mənbələrdə bu yaşayış məntəqələrində bütünlüklə Müsəlman-Türk mənşəli qövmün yaşadığlı (Avşar kəndində 1127 nəfər, Vedi Sofuluda 693 nəfər, Dəvəlidə 207 nəfər, Şirazlıda 150 nəfər, Qaralar kəndində 443 nəfər, Yenikənd kəndində 244 nəfər, Reyhanlı kəndində 405 nəfər...) qeyd edilmişdir.

Yaşı minilliklərlə ölçülən Vedibasar mahalında əski Alban yaşayış məskənlərindən biri Zimmi Vedisi kəndinin adı orta əsr ərəb mənbələrində “xristian əhalisinin ocağı” mənasında işlədilmiş, 1728-ci il yazılı aktlarda, nəşrlərdə “Zimmi Qışlaq”, “Zimmi” kimi də qeyd olunmuşdur. 1828-1832-cu illərdə Yaxın Şərq ölkələrindən köçürülən hay sürüsü bu kənddə yerləşdirilmişdir. İbtidai insan-hay sürüsünün bu ərazilərə (ümumilikdə Qərbi Azərbaycana) əsasən XIX-XX əsrlərdə Cənubi Azərbaycandan, Yaxın Şərq ölkələrindən, Anadolu yaylasından köçürülməsini Böyük Vedi nahiyəsinin Nor Kyank kənd sakini, 117 yaşlı Faranq Baqdasaryan 01 fevral 2018-ci ildə jurnalistlərə (“Sputnik Armeniya” portalına) bildirmişdir.

Vedibasar hövzəsinin təbii-maddi zənginliyi sırasında Xosrov meşəliyi xüsusi yer tutur. Gəyən dağının qərb yamacları, Qarabağ, İlanlı dağ, Böyük və Kiçik Əttiçuxur, Zarıncı dağlarını, Vedi, Əzət, Milli, Dərbənd, Dəvəgözü və Xosrov çaylarının yuxarı hövzələrini, Vedioba, Gilanlar Sufla, Gilanlar Ulya, Bayburt, Ellicə... kəndləri arasını, hündür və orta hündürlüklü parçalanmış dağlıq landşafq qurşaqları daxilində meşə, meşə-kol, kserofit bitki örtüyünü əhatə etməklə 29 min hektar sahəni tutur.

Bütöv Azərbaycanın Sasani imperiyası dövründə (226-632-ci illər) II Xosrov Pərvizin (Şeyx Nizami Gəncəvinin (1141-1209) “Xosrov və Şirin”, Əbülqasim Həsən bin Əli Tusinin-Firdovsinin (935-1020) “Şahnamə” poemalarının qəhrəmanı) istirahət etdiyi, ov ovladığı məkanlardan, qonaqlarını qarşıladığı əsrarəngiz təbiət guşələrindən biri olan Zəngi çayı hövzəsini  və Gərni dağı silsilələrini tutan və yaşı 3 min ildən çox olan bu meşəlik el arasında “Xosrov meşəliyi” adlanmış və 1958-ci ildə qoruq kimi ayrılmışdır.

Müsəlman-Türk dünyasının tarixi-coğrafi, maddi-mədəni abidəsi olan “Kitabi-Dədə Qorqud dastanı”nda (“Oğuznamə”, X-XI əsrlər) nəql edilən Oğuz bəylərinin və ərənlərinin ov ovladığı, uca dağların yaylaqlarında şahin uçurtduğu, obalar-düşərgələr qurduğu, yalçın qayalarında sapand atdığı, dibigörünməz dağlarından düşməni tulladığı-düşmənlə cəng tutduğu... səhnələrinin bir ünvanı da “Xosrov meşəliyi” olmuşdur.

Xosrov kəndi eyni adlı çayın uzun, gen və dərin dərəsində - “Xosrov dərəsi”ndə yerləşirdi. 1949-cu ildə hay kilsəsinin mürtəce siyasəti nəticəsində bu kəndin Müsəlman-Türk əhalisi zorla Azərbaycana köçürülmüş və kənd yer üzündən silinərək, bütün tikililəri kürünərək dərəyə tökülmüşdür. Kəndin ətarfı palıd meşəliyi idi, bu ağacların əksəriyyəti III əsr yadigarıydı. Bundan başqa ağcaqayın, göyrüş, ardıc, badamça, söyüd, qarağac, qələmə, cır armud, cır alma, bahaq, ayqarası... ağacları da bürümüşdü meşəni.

Kəndin ətrafında məhsuldar, bərəkətli qoz, ərik, şaftalı, armud bağları salınmışdı. Xosrov çayı kəndin ortasından keşirdi, ayaq tərəfdə Dəhnaz kəndindən başlayan Çığın çayı ilə birləşirdi.

Xosrov çayı qızılı-ala və qara balıqlarla zəngin idi, qışda çayın sysu donanda da balıq tuturdular, bu dövrdə hər gün hər ev 5-10 kq balıq tuturdu. Quzey tərəf isə sıra dağlarla əhatələnmişdir, bu sıranın bir hissəsini (1 km uzunluqda, 80 m hündürlükdə) tutan “sal, sıldırım, yalçın qayalıq” - “Quş qayası” adlanırdı. Qayanın qarşısı  xırda daşlıq, şınqıllıq, üstü isə geniş, hamar yaylaq-örüş yeri idi. Buraya qışda 1-1,5 m qalınlığında qar düşürdü, yazda əriyəndə qayadan “Quş qayası  şəlaləsi” süzülürdü.

Dağın  günbatanında “Quşxana meşəliyi” uzanırdı, sıx meşəlikdə ağacların yarpaqları sanı müxtəlif növ quşlar yuva salmışdır.

Xosrov kəndindən Hənd kəndinə (“həndəvər, ətraf yer” mənasındadır) gedən yolun üstündəki zağaya 1000 baş qoyun sığırdı, 1918-1920-ci illərdə rus-hay quldurları bu kəndlərə hücum edəndə amansız qətliamlardan qurtulan dinc sakinlər bu zağaya sığınmışdılar (qapısı pəncərə boyda idi).

Dərbənd dağından başlayan Xırdaçay çayı Xosrov kəndinin cənub hissəsindən axırdı və suvarmada istifadə edilirdi, həmin dağdan uzunluğu 20 km-ə çatan suvarma kanalı Ağkənd kəndindən də keçirdi. Böyükçay çayı Xosrov kəndinin ətrafında sel yaradanda  qədim yurd-ocaq yerləri, küp, saxsı qab qalıqları, paslı-çürümüş əmək alətləri üzə çıxırdı.

Vedibasar mahalının bir çox dağ kəndlərinə (Ağacbəylər, Çimənkənd (1948-ci ilədək rayon mərkəzi-600 evi olub, başqa adı Qarabağlardır), Zimmi, Çığın, Hənd, Kotuz, Novçalı, Qaladibi, Ağkənd...) və Göyçə gölünə Xosrov kəndindən yol gedirdi.

P.S. Hay kilsəsi Ağrıdağ vadisindəki Böyük Vedi kəndini (1922-ci ildən rayon mərkəzi olub) 1968-ci ildən “Ararat”, nahiyənin Qədirli kəndini də həmin ildən “Lancanist”, Qaralar kəndini 1935-ci ildən ”Sevkar”, 1978-ci ildən isə “Aralez”, Reyhanlı kəndini 1991-ci ildən-“Ayqavan”, Vedi Sofulu kəndini - 1991-ci ildən “Pokr Vedi”, Şirazlı kəndini 1991-ci ildən-“Vosketap”, Dəvəli kəndini 1935-ci ildən-“Ararat”, Yenikənd kəndi 1946-cı ildən-Qoravan”, Daşlı kəndini 1968-ci ildən -“Daştakar”... adlandırır.  

Qismət  YUNUSOĞLU,

Bakı Dövlət Universitetinin müəllimi

Qeyd: Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Böyük Vedi nahiyəsinin Körpükənd kənd sakini Ələmqulu Əziz oğlu Cəfərovun (1930-2017) və Qaralar kənd sakini Bəhmən Həmzə oğlu Əkbərovun (1933)  məlumatlarından istifadə edilmişdir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.211661