Üzeyir Hacıbəyli festivalı haqda qeydlər

2022-09-27 15:14:00

Üzeyir Hacıbəyli festivalı haqda qeydlər

Artıq on dördüncü ildir ki, ölkəmizdə Üzeyir Hacıbəyli festivalı keçirilir və hər il musiqi həyatımızda yeni mövsümün açılışını edir. 18-26 sentyabr tarixində baş tutan mədəni olay çərçivəsində üç musiqi gecəsini işıqlandırmağa çalışacam.

Festivalın ikinci günü, sentyabrın 19-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında toplaşan musiqisevərlərin qarşısında dirijor Orxan Həşimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış etdi. Konsertin proqramına Türkər Qasımzadənin “Zühur”, Ayaz Qəmbərlinin “Sentyabr buludları”, Tahir İbişovun Piano və kamera orkestri üçün Konsert, Qara Qarayevin “Klassik süita”, Fərəc Qarayevin Piano və Kamera orkestri üçün Konsert əsərləri daxil idi. Dirijor Orxan Həşimovun ifadan öncə çıxış edərək texniki səbəblərə görə Qara Qarayevin “Klassik süita”sının və Fərəc Qarayevin Konsertinin ifa edilməyəcəyini elan etməsi məni və inanıram ki, bütün dinləyiciləri məyus etdi. Fərəc Qarayevin Piano Konsertinin ifaçısı Eldəniz Ələkbərzadəyə o “texniki səbəbi” sorduqda, solist bunu orkestrə dəvət olunmalı olan nəfəs alətləri ifaçılarının məşğul olmaları ilə izah etdi. Bəs “Klassik süita”?..

İlk olaraq Ayaz Qəmbərlinin “Sentyabr buludları” səsləndi. Qeyd edim ki, bu, əsərin ilk ifası idi.

Türkər Qasımzadənin səs (soprano) və orkestr üçün “Zühur” əsərinin solisti Əməkdar artist Fəridə Məmmədova oldu. Müğənninin ifasını orkestrdən savayı təbil və sinc müşayət edirdi ki, onların ifası da solistə həvalə edilmişdi. Fəridə xanımın əsərin yarısından səhnəni tərk etməsi, daha sonrakı səsləndirməni səhnə arxasından etməsi kimi detallar və ümumilikdə əsərin mahiyyəti onu performans janrına yaxınlaşdırırdı.

Tahir İbişovun piano və kamera orkestri üçün konserti də ilk dəfə ifa olunan əsərlər sırasına aiddi. Royal arxasında Fəqan Həsənli idi. Əsəri dinlədikdə istedadlı bəstəkarın yaradıcı axtarışda olduğu diqqətdən yayınmırdı.

Bütün konserti “qapı çırpınışları” müşayət etdi...

***

Festivalın dördüncü günü, sentyabrın 21-i Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Zalında fortepiano musiqisi gecəsi baş tutdu. Azərbaycan Respublikasının Əməkdar artisti İslam Manafov dinləyici qarşısına böyük proqramla çıxdı. Proqrama daxildi: Qara Qarayev – 7 nömrəli prelüd A-dur, Adil Bəbirov – Tokkata, Domeniko Skarlatti – Dörd Sonata, Modest Musorqski “Sərgidən şəkillər”, İohan Sebastian Bax – Ferruçço Buzoni – Çakona d-moll, Frederik Şopen – “Andante spianato” və “Grande Polonaise Brillante” (op.22), Aleksandr Skryabin – 9 saylı Sonata (op.68) və Sergey Prokofyev – 7 nömrəli Sonata (op.83).

Konsert ifaçının təşəbbüsü ilə cəbhədə döyüşərək həlak olan şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükutla başladı. Daha sonra söz musiqiyə verildi.

İlk olaraq Q.Qarayevin 7 saylı A-dur Prelüdunu dinlədik. Məşhur əsərdən sonra məmləkətimizdə az-az səslənən D.Skarlattinin Sonataları ifa olundu. Konsertə yeni köklənən dinləyicinin fikrini mobil telefon səsi (ki, bu, konsertlərdə tez-tez baş verən qüsurdur), ən əsası isə ona olan gözlənilməz təpki dağıtdı. Solist anidən musiqini yarıda kəsdi. Bununla yetinməyib dinləyicini bir neçə dəqiqə içində maarifləndirdi də. Hörmətdənmi, heyrətdənmi, zala sükut çökdü.

İfasına qaldığı yerdən davam edən pianoçu növbəti əsər – rus bəstəkarı M.Musorqskinin “Sərgidən şəkillər” silsiləsini ifa edərkən bir daha musiqini yarıda kəsdi. Zəng çalan növbəti telefonun sahibi pianoçunun israrı ilə zalı tərk etməli oldu. “Ya zaldan çıxın, ya da konsert davam etməyəcək” deyən pianoçu qaldığı yerdən ifasına davam etdi. Zala sükut çökdü...

Dinləyiciləri bilmirəm, amma mən bundan sonra nə İ.S.Baxın “Çakona”sına, nə də rus bəstəkarları A.Skryabin və S.Prokofyevin sonatalarına odaqlana bildim. Hərçənd ki, Şopenin “Grand Polonaise Brilliante”sinin heç zaman duyulmamış sürətlə ifa olunmasının, habelə bundan cuşa gələn dinləyicilərin gurultulu alqışlarının diqqətdən yayınması imkansızdı...

Proqramda adı həkk olunan Adil Bəbirovun “Tokkata”sı konsertdə ifa olunmadı.

***

Festivalın səkkizinci günü – sentyabrın 25-i Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Zalında “İlk ifalar” adlı konsert baş tutdu. Azərbaycan Dövlət Simli Kvartetinin ifasında Röya Hüseynovanın Simli Kvarteti, Elnarə Dadaşovanın “Ötəri an” (“Çeşmə başında”) Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosunun ifasında Elmir Mirzəyevin Trio və səs yazısı üçün “Epitaf”, Vüqar Məmmədzadənin Trio üçün Pyes, Azər Hacıəsgərlinin Trio üçün “3 havanın rəqsi”, eləcə də pianoçular Leyla Əliyeva və Aynur Xəlilovanın ifasında Lalə Cəfərovanın “Xatirələr” və “Laçın” (məşhur mahnının işlənməsi) pyesləri səsləndi.

Kvartet və triolar yüksək səviyyədə ifa edildi.

L.Cəfərovanın əsəri proqramda “İspansayağı” kimi qeyd edilmiş, R.Hüseynovanın Simli Kvartetinin proqramda qeyd edilmədiyi halda yalnız ll və lll hissələri ifa edildi. Proqramda olan Sərdar Fərəcovun “Azərbaycan rəqsi” konsertdə səslənmədi.

***

Üzeyir bəyin adını daşıyan önəmli festivalın gedişatında olan boşluqları bağışlanmaz hesab edirəm. İştirakçısı olduğum hər üç musiqi gecəsində proqramda qeyd edilmiş bəzi əsərlər nədənsə ifa olunmadı, bəzi çıxışların adları isə səhv və ya natamam idi. Konsertlərin proqram tərtibatında da uyğunsuzluqlar vardı. Bunlara “Xatirələr” kimi primitiv əsərin ciddi olayda yer alması, eyni zamanda önəmli bəstəkarlarımızdan olan Elnarə Dadaşovanın Kvartetindən cəmi bir hissənin səslənməsini misal gətirmək olar.

Bir-iki diqqətsizlik uğruna dinləyiciyə tərbiyə vermək istəyərkən isə unutmamalıyıq ki, qarşısında baş əydiyimiz xalqa marifçiliyimiz deyil, xidmətimiz olar ancaq.

Leyla Həmid Əhməd Xan


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.124784