Saat:03:41
Haqqımızda

USTAD - Əhsən Rəhmanlı yazır

2024-04-24 10:52:51

USTAD - Əhsən Rəhmanlı yazır

Azərbaycan ritm sənətinin ustalarından biri odur, uşaqlıq və gənclikdən başlayaraq bütün ömrünü bu işə həsr etmişdir. Əbəs deyil ki, artıq çoxdandır onu nağara sənətində ustad sayırlar. Bəli, tamamilə doğru anlam, düz fikir və bitkin yanaşmadır. Ustad necə olur ki? Onun yetirmələri sayagəlməz qədərdir, istər keçən əsrin 70-ci-90-cı illərində, istərsə də yaşadığımız bu əsrdə ən yaxşı nağara ifaçılarının əksəriyyəti onun tələbələri olub. Sənətə vurğunluq, öz işini sevmək, pedaqoji sahədə məhsuldar çalışmaq belə olur. Həm ifaçılıqda və həm də müəllim kimi fəaliyyətdə onun adı həmişə birincilər sırasında çəkilir. Ritm, nağara sənəti onun qismətinə yazılıb, bəxtinə düşüb.

Şirzad Əlisəftər oğlu Həsənov 1946-cı il avqustun 13-də Bakının Əhmədli kəndində dünyaya göz açıb. 1953-cü ildə kənd məktəbinin I sinfinə daxil olub və burada 9-cu sinfi bitirib. Sonra orta məktəb təhsilini Hacı Zeynal Abdin Tağıyev adına kombinatın ətrafındakı yaşayış sahəsində 63 saylı məktəbdə davam etdirib və buranı 1964-cü ildə başa vurub. 1959-1963-cü illərdə 13 saylı uşaq musiqi məktəbinin nağara sinfində oxuyub, ritm sənətinin ilk qaydalarını ixtisas üzrə müəllim Fikrət Mirzəbəyovdan layiqincə öyrənib.

Ş.Həsənov 1963-cü ildə Respublika üzrə uşaq musiqi məktəbləri arasında keçirilən baxış-müsabiqədə birincilik qazanıb. Münsiflər heyətinin sədri ustad Əhməd Bakıxanov və üzvlər ölkənin tanımlı sənət adamları idi. Onların fikri belə idi ki, bu şagird çox istedadlıdır və davam etsə musiqimizə yeni yaxşı nağara ifaçısı daxil olacaq.

Sənətə güclü həvəs Şirzadı oxuduğu musiqi məktəbinin yaxınlığındakı Aşıq Ələsgər adına Mədəniyyət Sarayına da istiqamətləndirib. Burada tarzən S.İxizgilovun rəhbərlik etdiyi özfəaliyyət xalq çalğı alətləri ansamblının fəal üzvü olaraq xeyli konsertlərdə çalıb. O, sarayda Adil Rəhimovun rəhbəri olduğu özfəaliyyət rəqs ansamblının nağaraçalanı da olub.

Deməliyik ki, şəhər daxilində yerləşən bu nəhəng və məşhur mədəniyyət sarayının özfəaliyyət kollektivlərindən peşəkar sənətə qədəm qoyanlar çox idi.

Şirzadın əmisi oğlu Yaşar Həsənov Azərbaycanın ən yaxşı klarnet ifaçılarından biri olub. O, Azırbaycan Dövlət Filarmoniyasının ansambllarında çalışıb və korifey müğənniləri müşayiət edib. Şirzadın musiqiyə gəlməsində, dərin həvəs göstərməsində, tədricən formalaşmasında təbii ki, bu amil də müsbət təsir edib.

Şirzad 1963-1968-ci illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin axşam şöbəsində nağara sinfi üzrə təhsil alıb və burada 5 il oxuyub. İxtisas müəllimi Azər Əliyev olub.

Musiqi aləmində yaxşı ifaçı kimi erkən ad çıxaran Şirzadı nəinki tələbə yoldaşları, yaşıdları, hətta özündən böyük sənətkarlar da özlərilə tədbirlərə, konsertlərə aparırdılar. Axı artıq çoxdan idi ki, nağara sənəti üçün yetişib formalaşan bu oğlanın ifasından peşəkarlıq ətri duyulurdu.

Ş.Həsənov 1964-1965-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində çalışaraq xalq rəqsləri şöbəsinin siniflərinin müşayiətçisi kimi də özünü doğruldub.

Ş.Həsənov 1967-1968-ci illərdə Filarmoniyanın kollektivlərindən biri, Dövlət Mahnı və Rəqs Ansamblında da çalışıb.

Rəqs ansambllarında hər nağaraçalan baş çıxara, işin öhtəsindən gələ bilməz. Burada dəqiq ritm, ölçü, nizam və qaydalar var və yaxşı musiqi yaddaşı tələb olunur. Şirzadın işindən çox razı idilər. Lakin işinin çoxluğu onu rəqs müşayiətçiliyindən uzaqlaşdırıb.

Ali məkəbdə o, başqa sahə üzrə oxuyub. 1966-1972-ci illərdə Ümumittifaq Yeyinti Sənayesi İnstitutununda qiyabi təhsil alaraq “alkoqolsuz içkilər üzrə mühəndis-texnoloq” ixtisasına yiyələnib. Az da olsa bu ixtisas üzrə işləyib də. Bütün hallarda o, musiqidən bir an da olsa kənar düşməyib.

Şirzad 1967-1978-ci illərdə Suraxanı Mədəniyyət Sarayının musiqi kurslarının nağara sinfində dərs deyərək öz işiylə böyük ad-san qazanmışdı. Həmin dövrdə musiqi üzrə təhsilə, kurslara, dərnəklərə axın var idi, nağara siniflərinə də həmçinin. Şirzadın sinfində də nağara sənətinə həvəs göstərən uşaqlar çox idi.

O, dərslərdən başqa öz şagirdlərindən və əlavə olaraq kənardan gələn həvəskar uşaqlardan ibarət “Abşeron ritimləri” adlı nağaraçalanlar ansamblı yaratmışdı. Repertuardakı mühtəşəm Azərbaycan ritmləri ansambl şəklində və hər kəsin ayrı-ayrı solo ifası ilə təqdim olunurdu. Maraqlı idi, hər yerdə onların çıxışı alqışlara bürünürdü. Konsertlərdə tamaşaçıılar “Abşeron ritmləri” ansamblını alıqışlarla dəfələrlə səhnəyə çağırırdılar. Ansamblın on beşdən çox istedadlı, həvəsli, hünərli, güc-qüvvətli üzvü vardı. Yaddaşımızda adları qalanları qeyd edirik: Hüseyn Həmzəyev (konsertmeyster), Arif Bağırov, Fərhad Eyvazov, Qulam Süleymanov, Qulam Mirzəyev, Murtuz Qəhrəmanov, Şamil Həşimzadə, Balaəli Rzaquliyev, Vasif Abdullayev, Xəyyam Mirqədirov, Murtuz, Turan, Bəxtiyar Əliyev, Fərhad Rəhimov, Əfqan və başqaları. Onların arasından sonrakı dövrlər üçün ifaçılar, nağara sinfinin müəllimləri yetişərək bu sənətin daha da sevilməsi və inkişafına xidmət etdilər.

“Abşeron ritmləri” bayram günlərində dövlət tədbirlərində Suraxanı Mədəniyyət Sarayının özündə, digər mədəniyyət müəssisələrində və istirahət parklarında çıxış edirdi. Ansambl 1975-ci ildə Sovetlər Birliyinin mərkəz şəhəri Moskvada komsomolun XVIII qurultayı ilə bağlı konsertlərdə çıxış etmişdi. Həmçinin Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində və bir neçə mədəniyyət mərkəzində uğurlu konsertlərə imza atmışdı. Həmin zaman Moskva konsertlərində Aşıq Pənah və Zeynəb Xanlarova da Azərbaycan milli musiqisini layiqincə təmsil etmişdilər.

Şirzad müəllimin xatirələrindən: “1977-ci ildə nağaraçalanlar ansamblı ilə Moskvada idik, dövlət konsertində çıxış edirdik. Salyan Mədəniyyət Evinin “Cəngi” zurnaçalanlar ansamblı da həmin səfərdə idi. Bizim Mədəniyyət Nazirlyinin rəhbər işçilərinin tapşırığı ilə zurnaçılar ansamblı ilə birgə proqram qurmalı oldum. Baxıb bəyəndilər, Beləliklə, Kremlin Qurultaylar Sarayında üç gün ardıcıl maraqlı konsertlər verdik”.

“Abşeron ritmləri” 1978-ci ildə doqquz nəfər üzvlə Kuba Sosialist Respublikasının Havana şəhərində Tələbə və Gənclərin XI Ümumdünya festivalında çıxış edərək diplom və medallarla qayıtmışdı. Onlar Odessa şəhərindən yola düşüb gəmi ilə gedib qayıtdıqları üçün səfər 3 ay çəkmişdi. Bizim nağaraçalanların ifası başlayan kimi kubalılar ortaya düşüb rəqs edirdilər. Hər dəfə ansamblın çıxışı şənliyə çevrilirdi.

Şirzad müəllimin sevimli yetirməsi Fərhad Eyvazov da sonralar Suraxanı Mədəniyyət Sarayının nağara sinfində dərs demiş və nağaraçalanlar ansamblı yaradaraq “Abşeron ritmləri” adı ilə şagirdləri məşqlərlə, konsertlərlə pərvazlandırmışdır.

Yenə Ş.Həsənovun ifaçılığına səyahət edək. O, 1969-cu ildən 1976-cı ilə qədər Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində ustad tarzən Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında calışıb. Şirzad bu ansamblın tərkibində ölkənin ən ünlü müğənnilərinin radio və televiziya çıxışlarını müşayiət edib.

Şirzad xalq artisti Hacı Məmmədovun filarmoniyada yaratdığı ansamblda da çalıb. Bu ansambl ilə İrəvan filarmoniyasının səhnəsində, başqa şəhərlər və qəsəbələrdə bizim korifey sənətkarlarla birlikdə sənət sərgıləyib.

Əlbəttə, zəngin, samballı, məhsuldar sənət illəri daim onu qanadlandırıb, ruhlandırıb və bu günə qədər cəsarətlə addımlamasına imkan yaradıb.

1988-ci ildə Dövlət Muğam Teatrı yaradılarkən xaql çalğı alətləri qrupunda çalışmaq üçün Ş.Həsənov da dəvət olunur və o, burada üç il çalışır. Əyalətlərdə verilən konsert-tamaşalarda, 1989-cu ildə Türkiyə və Rumıniya səfərlərində çıxış edir.Yaradıcı kollektivlərdə, konsert müəssisələrində çalşdığı illərdə o, pedaqoji işdə də fəaliyyət göstərir, uşaq musiqi məktəblərinin nağara siniflərində dərs deyir. Həmin zaman 1 il T. İsmayılov adına uşaq və gənclərin yaradıcılıq mərkəzində nağara dərnəyinə rəhbərlik edir.

Ş.Həsənov pedaqoji fəaliyyəti zamanı ardıcıl olaraq 7, 12, 35, 3, 20 saylı uşaq musiqi, 2 saylı uşaq incəsənət məktəbində nağara ixtisası üzrə dərs deyərkən onun sayagəlməz qədər yetirmələri olub. 66 yaşında pensiyaya çıxandan sonra da təcrübli müəllim, ustad olaraq yenə onu musiqi məktəblərinə dəvət ediblər.

Doğrudan da daim həm ifaçılıqda, həm də müəllim kimi nağara sənətində daim öndə gedənlərdən, tərifə layiqlilərdən, usdadlığa yetişənlərdən biri kimi Şirzad Həsənovun adı həmişə çəkilib və ondan daim öyrənilib. Elə əslində indi də belədir, Azərbaycan nağara sənətindən, ustadlıqdan söz düşəndə birincilər sırasnda onun adı çəkilir.

Əvvəlki illərdə onun hazırladığı tələbələr öndə gedənlər idi, sonrakı dövrlərdə də yetirmələri tanınanaq musiqi aləmində ad-san qazandılar. Adlarını qeyd etmək yerinə düşər:-Fatmayılı Rasim, Nadir Yusubov, Məhəmməd Haqverdiyev, Ağakərim Abbasov, Nahid Abbasov, Əkbər, Kamran Əliyev, Nurlan Şahbazov, Hüseyn İslamov, Kamran Rəsullu, Cavid Nəcəfov.

Ş.Həsənov Mədəniyyət İşçilərinin Təkmilləşdirmə İnstitutunda uşaq musiqi məktəblərinin nağara sinfinin müəllimlərinə təcrübə dərsləri keçmişdir. O, 20 il burada çalışıb.

Şirzad müəllimə müraciət edənlər, həqiqi sənət öyrənmək istəyənlər onun evinə gələrək fərdi qaydada dərs alırlar.

O, əksər xalq musiqiçiləri kimi toylarımızda da xalqa, adət-ənənəmizə əsl xidmət göstərib. Onun nağarasının səsi ölkəmizin hər yerindən gəlib, Qərbi Azərbaycanda, Dərbənddə, Borçalı, Qarayazı, Başkeçid, Qaraçöp ellərində və Tiflisdə səslənib. Şirzad daim Bakı toyxanalarında da, xüsusilə Binə kəndində 16 il çalıb-çağırıb. Burada yerli klarnet ifaçıları Şükür Ağayev və Firdovsi Əsədulayevlə birlikdə çalışıb. Payız-qış aylarnda restoranlarda keçirilən toylarda Hüseynağa Hadıyev və Akif İslamzadəni müşayiət edib.

Qəhrəmanlıq salnaməmiz olan “Babək” filmi 1974-cü ildə çəkilib. Filmdə istifadə olunan müsiqi Moskvada “Mosfilm”in səsyazma sdudiyasında lentə alınıb. Burada bəzi musiqi nümunələrinin ifaçıları Fərhad Hüseynov, Elşad Cabbarov, Yasəf Eyvazov və Şirzad Həsənovdur. Şirzad tələbə uyğun ayrı-ayrı səhnələrdə nağara, çomaq-çubuqla çalınan nağara və dümbək (zərb) çalıb. Filmdə ziyafət səhnəsi var, musiqiçilərimiz həmin səhnə üçün yaxşı ifa göstərərək gözəl səslənmə yaradıblar.

Bir daha Şirzad müəllimin pedaqoji sahədə nümunəvi işinə qayıdaq. O, ilk dəfə olaraq tədris üçün nağara və fortepiano konsertini hazırlayaraq uğurla tətbiq edib. Bu işi məharətlə Ü.Hacıbəyli, F.Əmirov, A.Məlikov, C.Çahangirov, V.Adıgözəlov və H.Rzayevin əsərləri üzərində qurub. O, 20 saylı uşaq musiqi məktəbində çalışarkən bu qaydada işləməyə başlayıb və sonralar 1979-cu ildə 7 saylı məktəbdə daha da inkişaf etdirib. Həmin zaman Şizad müəllimin bu üsulla dərs keçməsi diqqəti cəlb edib və AMK tərkibində Musiqi Kollecinin nağara siniflərində də not tədrisi belə aparılıb.

Bu ustad, qocaman sənətkar ömrün 78 yaşında da musiqimizlə nəfəs alır, ürəyi milli ritmlərimizlə döyünür. Çox yaxşı. Elə isə ona ömür və sağlam can arzulayaq.

Əhsən RƏHMANLI

TƏDQİQATÇI, SƏNƏTŞÜNASLIQ ÜZRƏ FƏLSƏDƏ DOKTORU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.247879