Saat:01:58
Haqqımızda

“Uşaqlıqda peraşki, su satdı, sonra da ayaqqabı sexində işləyib bizi dolandırırdı” - FOTOLAR

2021-09-27 13:16:00

“Uşaqlıqda peraşki, su satdı, sonra da ayaqqabı sexində işləyib bizi dolandırırdı” - FOTOLAR

Xəbər verdiyimiz kimi 44 günlük Vətən müharibəmizdə döyüşərək qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də əsgər İsmayılov Veys Əflatun oğludur. Veysin atası Əflatun kişini yəqin ki, yaxşı xatırlayırsınız. Hər gün Zabrat dairəvi yolunun yanında şəhid oğlunun plakatının ətrafını süpürən, həm də "mən oğluma şeir yazdım" deyərək ağrılı bayatılar qoşan şəhid atasıdır. 

Moderator.az-ın əməkdaşı Zabrat qəsəbəsində kirayədə yaşayan şəhid ailəsinin evinə yollanıb. Beləliklə, həmin yazını təqdim edirik:

Veysin Zabrat dairəvi yolunun qırağında, ailəsinin kirayə yaşadığı küçənin girişində plakatı vurulub. Ona görə də şəhid ailəsinin evini sakinlərdən soruşub yaşadıqları evi tapdıq. Bizi Veysin anası Zeynəb xanım və bibisi Mehriban xanım qarşıladı. Şəhid anası deyir ki, indi Veysi ziyarətdən qayıdıblar, amma atası gəlməyib, oturub məzarının başında Veyslə söhbət edir. 

 

Şəhid anası deyir ki, onlar əslən Yevlax rayonundandırlar və Veys 6-cı sinifdə oxuyanda Bakıya köçüblər:

“Ailədə iki oğlum və bir qızım var. Veys evin kiçik oğlu idi. Amma övladlarımın başı idi, onunla nəfəs alırdım. Qardaşı Hüseynlə aralarında iki yaş fərqləri var. Uşaqlar 6-cı sinifdə oxuyanda Bakıya köçdük və elə Zabratda yaşamağa başladıq. Veys 1996-cı il fevralın 23-də Yevlaxda anadan olub. Yevlaxda 1-nömrəli məktəbdə təhsil alıb. Daha sonra isə Zabratda 307 saylı orta məktəbdə təhsilini davam etdirib”. 

 

Zeynəb xanım deyir ki, Hüseyn və Veys dərslərini yaxşı oxusalar da, maddi imkanları olmadığından onlar ali təhsil ala bilməyiblər:

“İki qardaş Bakıya gələndən sonra peraşki, su satıb ailəni dolandırırdılar. Atası da fəhləçilik edirdi. Veys 2014-cü ildə əsgər getdi və hərbi xidmətini Qazaxın Kəmərli kəndində başa vurdu. Daha sonra iki qardaş Zabratda ayaqqabı sexində işləməyə başladılar. Bakıda kirayə yaşayırdım, amma elə bilirdim bəxtəvərəm. Övladlarım məni işləməyə qoymurdu. Hər şeyi özləri edirdi. Amma Veys şəhid olandan sonra çox çətinlik çəkirik. Hər şey indi Hüseynin  üstünə düşüb. Qızımın həyat yoldaşı həbsxanada cəza çəkir və onu da iki uşaqla mən saxlayıram. Onların da kirayə pulunu oğlanlarım verirdi. Gördüyünüz bu evdə yeddi ildir ki, kirayədə yaşayırıq”.

Kirayə demişkən, doğrusu, şəhid ailəsinin bu təmirsiz, nimdaş evdə kirayədə yaşadığını onlar deyəndən sonra bildim. Bir az da təəccüb etdim, bəs görən niyə görə şəhid ailəsini aidiyyatı qurumlar mənzillə təmin etməyiblər? İki otaqlı təmirsiz evin bir otağını Veysin xatirə şəkilləri ilə bəzəyiblər. Anası deyir ki, gecə-gündüz bu otağın işığını yandırıram ki, oğlum qaranlığa qalmasın. O biri otaq isə ailənin yataq otağıdır. Şəhid ailəsi bu evə 150 manat kirayə pulu və 80 manat isə kommunal ödəyir. Bu problemə də qayıdacağıq. 

Anası deyir ki, Veys onu ömründə bir dəfə aldadıb və o da müharibəyə gedəndə. Sentyabrın 27-də cəbhəyə yola düşüb, amma anasına müharibəyə getdiyini deməyib. Amma cəbhədə də olsa, anasıyla tez-tez əlaqə saxlayıb. Oktyabrın 12-də isə anasıyla bir neçə dəfə telefonla danışıb və deyib ki, posta gedirik və ola bilsin ki, orda səninlə danışmağa imkan olmadı, narahat olmazsan. Zeynəb xanım da arxayın olub. Ondan sonra isə Veyslə əlaqə kəsilib və düz noyabrın 17-də Veysin nəşini tapıblar. Şəhid anası çəkdiyi o dəhşətli 35 günü belə xatırlayır:

“Növbəti dəfə yenə yuxuma girdi və gördüm ki, oğlum evlənib...”

“Veyslə əlaqə kəsiləndən sonra oğlum Hüseynlə onu axtarmağa başladıq, amma tapmadıq. Bir dəfə yuxuma girdi və dedi ki, “ana, nə olar məni burdan çıxar” (Ağlayır). Həmin gün durub prezidentə məktub yazdırdım ki, Veysi tapsınlar. Sonra yenə yuxuma girdi və gördüm ki, evə gəlib. Evdə onu qucaqlayıb öpəndə dedi ki, “ana boynumda yara var”. Növbəti dəfə yenə yuxuma girdi və gördüm ki, oğlum evlənib. Çox sevindim. Çünki həqiqətən istədiyi qız var idi, iş yoldaşını sevirdi və mən də ailə qurmasına razı idim”. 

“Küçəyə çıxıb çalğısız elə oynadım ki, qonşular başıma yığışdı...”

“Elə oldu ki, yenə Veys tapılmadı. 35 gün mən yollarda balamı axtardım. Bir dəfə Yevlaxda qohumlardan biri zəng vurub dedi ki, Veysi tapmışıq, Füzulidədir, sağdır. Küçəyə çıxıb çalğısız elə oynadım ki, qonşular başıma yığışdı. Dedim ki, balam tapılıb, sağdır. Amma sonradan məlum oldu ki, məni aldadıblar. 9 noyabrda qələbə günü insanlar küçələrdə siqnal verib yürüş edəndə ürəyim partlayırdı, Veysdən hələ də xəbər yox idi. Gedib küçədə dizlərimi yerə atıb qışqırdım ki, siz toy-bayram edirsiniz, amma mənim balamdan xəbər yoxdur. (Ağlayır) Onda adamlar gəlib məni yerdən qaldırdılar. Kirayədə yaşayanda o qədər xoşbəxt idim ki, elə bilirdim ki, beşmərtəbəli binada yaşayıram. Sanki Hüseynlə Veys vəzifədə işləyirdi. Amma indi neynirəm dünya malını”. 

Şəhid anası deyir ki, noyabrın 17-də Veysin nəşi neytral ərazidən götürülüb və onların istəyi ilə Bakı şəhərində Bakıxanov qəsəbəsində dəfn edilib. Məlum olur ki, Veys oktyabrın 14-də Suqovuşan istiqamətində gedən döyüşlərdə 12 nəfər şəhid yoldaşını döyüş meydanından çıxarır və sonuncu şəhidi ərazidən çıxaranda kürəyindən vurulur və elə ordaca şəhid olur. 

Bibisi Mehriban xanım da pərişandır. Qardaşının ocağının söndüyünü deyən bibi Veysin qeyri-adi bir uşaq olduğunu deyir:

“Onun ən istəkli bibisi mən olmuşam. Zəhmətkeş uşaq idi Veys. Ailəsini dolandırmaq üçün nə iş olsa, işləyirdi. Ata-anasına bu qədər can yandıran, cavab qaytarmayan ikinci bir uşaq mən tanımıram. Allah ona sanki qeyri-adi istedad vermişdi. Qohum-əqrabanın hamısına baş çəkirdi, onlarla maraqlanırdı. Bizi indi elə bir vəziyyətə qoyub ki, qalmışıq çarəsiz”. (Ağlayır) 

Söhbətimizin bu yerində şəhidimizin atası Əflatun kişi qapıdan girir. Yenə elə həyəcanlıdır, öz-özünə Veyslə danışır. Bizimlə görüşüb masa axrasında oturur və yenə Veysin şəkillərinə baxıb bir siqaret yandırır:

“O qədər çətinliklərlə bu uşaqları böyütdüm ki, günəbaxan tumu sata-sata, ora-bura qaça-qaça gəldik bu yerə çatdıq. Bala böyütdüm, amma barın görmədim. 

Deyir bizə fələk elədi,

Bala, oxu lələk elədi.

İraq Hüseynin canından,

Girib güllü bağımı 

Ələk-vələk elədi”.

Həyat yoldaşı Zeynəb və bacısı Mehriban xanım deyir ki, Veysdən sonra atası Əflatun hər gün ağı deyir.

Qayıdaq şəhidimizin mənzil probleminə. Belə ki, şəhid anası Zeynəb xanım deyir ki, Veysin arzusu Zabratda yaşamaq olub. Elə ona görə də Veys şəhid olandan sonra ailəyə verilən sığorta puluyla torpaq və tikinti materialları alıblar. Amma indi evi tikmək üçün usta işlətməyə ailənin maddi imkanı yoxdur. Veysin adına bulaq da tikilib, amma maddi vəsait olmadığından bulağın təmiri yarımçıq qalıb. Şəhid ailəsi bu problemlərinin aidiyyatı qurumlar tərəfindən həll edilməsini istəyir. Ümid edirik ki, bu yazımızdan sonra şəhid ailəsinin qeyd etdiyimiz iki problemi həll olunar və onlar kirayələrdə yaşamaqdan xilas olarlar.

Veys döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR