Saat:06:38
Haqqımızda

Ümumtürk ədəbi dilinin yaradılması strateji milli məsələdir - ŞAPUR QASİMİZİ YAZIR

2024-05-06 15:11:52

Ümumtürk ədəbi dilinin yaradılması strateji milli məsələdir - ŞAPUR QASİMİZİ YAZIR

Bu gün dünyada mənə məlum olan 28 türk dialekti mövcuddur. Bu günə mövcud olan altı müstəqil türk dövlətində - Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstanda - xeyli sayda türk sözləri kənara atılaraq ərəb, fars və s. dillərdən çoxlu sayda sözlər daxil edilib. Bununla, «ədəbi dil» tərtib edilərək, rəsmi dövlət dili statusunda işlədilməkdədir.

Bu türk toplumlarının yüz illərlə başqa millətlərin inzibati, mədəni, ideoloji əsarətində olduqlarını və onların dillərinin təbii təkamül prosseslərinin də bu səbəbdən müxtəlif istiqamətlərə yönəliməsi, bundan əlavə, bir çox böyük türk toplumlarının hələ də başqa milli dövlətlərin tərkibində rəsmən «mədəni muxtariyyət» statusunda mövcud olsa da, öz dilində təhsil alması mümkündür. Lakin xalqlar onun tətbiq sahəsinin mövcud olmaması səbəbindən assimilyasiyaya uğrayaraq öz dilini ən yaxşı halda ancaq məhdud məişət səviyyəsində bilməyə məhkum olur.

Bu gün İran adlanan ölkədə hətta türk dilinin tədrisi sərt qadağan edilərək, ölkə əhalisinin 60 (altımış) faizindən çoxunu təşkil edən türkləri qonşu uşaqlarına ictimai əsaslarla ana dilini öyrədənləri «fars dilinə qarşı üsyan» adlı ilə zindanlarda uzun illər işkəncələrə məruz qoyur, Üskülü Mərziyyə xanım kimi edam edirlər. Böyük türk toplumlarının bu gün belə bir şəraitdə mövcud olmasını, eləcə də nəinki bu toplumlarda, hətta müstəqil türk dövlətlərinin müxtəlif ərazilərində insanların ayrı-ayrı ləhcə və şivədə danışması da nəinki müxtəlif türk dövlətlərindən olan, hətta eyni toplumun müxtəlif ərazilərindən olan türk insanlarının biri-birini məişət səviyyəsində belə, başa düşməsini xeyli əngəlləyir.

Belə ki, dünya türklərinin vahid, monolit millətə çevrilməsinin əsas və həlledici şərti ilk növbədə türk insanlarının bir-birini nəinki məişət səviyyəsində, akademik səviyyədə başa düşməsi üçün vahid türk dili olmalıdır. Çünki dil və millət anlayışları eyni medalın iki üzüdür. Bu anlayışların hər birinə hansı nəzər bucağından yanaşılmasından asılı olmayaraq, dil anlayışı son nəticə olaraq insanın hansı millətə mənsubluğunu, millət anlayışı isə onun hansı dilə mənsubluğunu ehtiva və ifadə edir. Günümüzdə bir çoxları vahid türk dili olaraq bütün türk dövlətləri və toplumlarında bu günə Türkiyədə olan ədəbi dilin hamı tərəfindən qəbul edilib tədris və təbliğ edilməsini təklif edirlər. Əgər biz bütün dünya türklərinin son nəticə olaraq vahid, monolit millətə və dövlətə çevrilərək dünyanın böyük, nəhəng millətlərindən, dövlətlərindən biri olmasını istəyiriksə, onun dili də zəngin və təkmil bir dil olmalıdır.

Türkiyədəki ədəbi türk dilinin özü də başqa türkcələrdə olduğu kimi yad sözlərlə doludur, xüsusilə ərəb və fars sözlərilə. Bundan başqa, Türkiyə türkcəsində xüsusilə iki söz birləşməsindən yaranan sözlərin həm qramatik qaydalar, həm də nəzərdə tutulan təyinatı düzgün ifadə etməməsi baxımından naqis olan xeyli sözlər mövcuddur. Məsələn, ÖYRƏTMƏN (müəllim, öyrədən) sözündə bütün türk dialektlərinin əsas qaydası olan isim-xəbər ardıcıllığını pozub, isim (mən) sonda, öyrət (xəbər) isə öndə gəlir. Bu kimi və digər naqisliklər səbəbindən ahəng qanunu da əsaslı şəkildə pozulur.

Azərbaycan türkcəsində eyni sözün bir-biri ilə məzmun və mahiyyət etibarilə tamamilə uyğun gəlməyən fikirlərin ifadə edilməsi də mövcuddur. Məsələn at (nəyisə atmaq), at (canlı heyvan), tut (giləmeyvə), tut (kimisə, nəyisə tutmaq), gül (bitki), gül (gülmək) və s. Hansı ki, digər türk dialektlərində onları əvəz edəcək xeyli sözlər mövcuddur. Bundan başqa, mövcud türk dialektlərində eyni fikri ifadə edən müxtəlif sözlər də var ki, bunları sistemləşdirərək həmin fikrin müxtəlif durumlarını ifadə etmək üçün istifadə edilə bilər.

Türkün nəhəng, vahid, monolit millətə çevrilməsinin yeganə səmərəli yolu bütün türk toplumlarının ədəbi və ya qeyri-ədəbi türkcəsində (senzuradan kənar sözlər də daxil olmaqla) olan heç bir sözü kənara atmadan yığaraq vahid türk sözləri fondu yaradıb, sonradan bu sözləri təyinatı, funksiyası, halları və s. üzrə qruplaşdırıb sistemləşdirərək ÜMUMTÜRK ƏDƏBİ DİLİ yaradıla bilər. Bu, bütün türk toplumlarında heç olmasa 15 (on beş) il ana dili statusunda tədris və təbliğ edildikdən sonra bütün türk dövlətlərində rəsmi dövlət dili elan edilərək istifadə edilməlidir. Cəmi on beş il ərzində bir neçə nəsillər ümumtürk ədəbi dilini akademik səviyyədə mənimsəyə biləcəklər. Ona görə ki, bu dilin bütün parametrləri onların doğma dialektində olan sözlərdən ibarət olub, onların dialektinə uyğun ən yaxın söz, yazı qaydaları olacaq.

Ümumtürk ədəbi dilinin zənginləşməsinin bu günə mövcud olan türk ədəbi dillərində və digər türk dialektlərində olan sözlərdən başqa iki böyük potensial mənbəi də mövcuddur.

Mən ötən əsrin altmışıncı illərinin ortalarında kitab maqazasından «Şəki lətifələri», ya da «Şəki gülüşləri» adlı bir kiçik kitabça almışdım. Kitabın sonunda 3-4 səhifədən ibarət Şəki rayonuna işlədilib, 1936-cı ildə Azərbaycan ədəbi dilinə daxil edilməyən türk sözlərinin siyahısı verilmişdi. Bu vəziyyət nəinki təkcə Şəki rayonunda, Azərbaycana aiddir, bütün türk dövlətlərində, xüsusilə keçmiş Sovet respublikalarında bu yerdədir. Bu mənbə ümumtürk ədəbi dilinin zənginliyinin təmin edilməsi üçün böyük potensiala malikdir

Digər bir mənbə isə yeni texniki vasitə, məişət əşyaları, yeni iqtisadi-ictimai münasibətləri ifadə etmək üçün inkişafın keçmiş dövründə bu sahələrdə mövcud olan, lakin bu gün işlədilməyib yadaşlardan silinən və silinməkdəolan sözlərin məzmununa, mahiyyətinə, funksiyasına və s. xüsusiyyətlərinə uyğun olaraq tətbiq edilərək işlədilməsidir. Ümumtürk dilinin zənginliyini artıra biləcək daha bir mənbə də fars və erməni dilləridir. Məqsədli şəkildə fars və ermənilər bizim xeyli sözlərimizi özəlləşdirərək bizə yadlaşdırılmışdır ki, biz bu gün həmin sözləri fars erməni sözləri kimi qəbul edirik. Fars dili tarixində görkəmli dilçi alim olan Məhəmməd Moinin 6 (altı) cilddən ibarət olan «Fərhənge Moin (fars dilinin izahlı lüğətidir)» (Ş.Q.) kitabına baxdıqda fars dilində olan sözlərin 35 (otuz beş) faizinin türk sözlərindən ibarət olduğunu görürük.

Erməni akademik Raqiya Açaryan yazır ki, – «Erməni dilində 4200-dən çox türk sözündən istifadə edilir».

Türk dili məsələsində mövcud olan böyük problemlərdən biri də odur ki, milli kimliyimizi müəyyən edən bu məsələdə bolşevik rus imperiyasının türkü türkə yadlaşdırmaq üçün onu Azərbaycan dili, Özbək dili, Türkmən dili, Qazax dili, Tatar dili və s. adlandırıb, bu dar çərçivələrdə zehnimizə vurduğu qandalı hələ də qıra bilmirik.

(Ardı var)

Şapur QASİMİ

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.194144