Saat:04:57
Haqqımızda

UMUD ÇİÇƏKLƏRİ

2024-02-26 17:54:20

UMUD ÇİÇƏKLƏRİ

Bu aralar Bakının göy üzü Adil Mirseyidin tablolarındakı boz-mavi çalarlara boyanmışdı. Boz-mavi deyib bədbinliyə qapılmayın. Bu elə boz, elə mavidir ki, ardından sapsarı umud çiçəkləri (!) açır... Qara buludların arxasından görünən günəş, qatı dumandan sonra gələn isti, qışdan sonra gələn yaz kimi... Adil Mirseyidin şeirləri də, tabloları da belədir – hüznlü mavilərin arasındakı işıq və ümid.

Fevralın 19-u Bakıda mərhum şair və rəssamımız Adil Mirseyidə ithaf olunmuş “Umud çiçəkləri” adlı konsert-sərgi baş tutdu. Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq Kafedrasının rəhbəri, professor Aydın K.Azimin özünün və yetirmələrinin əsərləri səsləndi, gecə boyu Mərkəzin foyesində Adil Mirseyidin rəsmləri və kitabları sərgiləndi. İki hissədən ibarət konsertdə müxtəlif janrda və həcmdə əsərlər təqdim olundu.

Konsert Aydın K.Azimin xor üçün “Bismillah” duası ilə başladı, Ülkər Aşurbəylinin “Çərpələng” türküsü (solist – Elnarə Xəlilova), “Sorma bu dünyanın harasındayam” (solist – Ərəstun Quliyev) çağırqısı, Azər Hacıəsgərlinin “Bəyaz güldan” (solist – Nazim Mahmudov) və “Mən yoxam” (solist – Vüsal Rzasoy) mahnıları, Rəbiyə İmanquliyevanın “Röyalar içində” (solist – Atlas Mehdiyeva) mahnısı, Türkər Qasımzadənin “A.Mirseyidin sözlərinə iki nəğmə”si (solist – Nigar Əskərova) ifa olundu. Adı keçən mahnı, çağırqı, türkü və nəğmələr Adil Mirseyidin sözlərinə yazılmışdır. İri həcmli vokal əsərlərdən Aysel Əzizovanın İmadəddin Nəsiminin rübailərinə yazdığı xanəndə, qiraətçi, xor, arfa, zərb alətləri üçün oratoriyasının I, II hissələri (xanəndə - Rauf Cəfərov, qiraət – Elgün Həmid) və Röya Hüseynovanın səs, fleyta, vibrafon, arfa, iki çello üçün bəstələdiyi “Masalların masalı” (solist – Kənan Rəhmanzadə, söz – Nazim Hikmət) əsərləri ifa olundu. Polifonik üslubda yazılmış fortepiano əsərləri proqramın önəmli hissəsini tuturdu: Aydın K.Azim - “Axar su” ilmə ardınca toxusu (Divan makamı, solist – Leyla Həmid Əhməd Xan), Natiq Muradxanlı – “İlmə ardınca toxu 1” (Çahargah makamı, solist – Vurğun Vəkilov), “İlmə ardınca toxu 2” (Şur makamı, solist – Humay Qasımzadə), Ülkər Aşurbəyli – Polifonik dəftər (solist – Atabala Manafzadə). Rüzgar Əhmədzadənin “Bitiq” (I hissə) nəfəsli kvinteti və Sara Dilrubanın çello üçün 2 hissəli Sonatası (solist – Əyyub Əliyev) da konsertin mühüm əsərlərindən oldu. Proqramı Aydın K.Azimin xor, iki balaban və zərb alətləri üçün “Ana dilim” halayı yekunlaşdırdı. Əsərlərin bir çoxunda Milli Konservatoriyanın tələbələrindən ibarət “Şəms Qəmər” Kamera Xoru iştirak etdi. Xorun bədii rəhbəri Leyla Zalıyeva, dirijoru Xanımana Məmmədzadədir. Konsert boyu musiqi nömrələri arasında Dövlət “YUĞ” Teatrının və Dövlət Kukla Teatrının aktyoru Elgün Həmid mərhum şairin şeirlərini səsləndirdi.

Bir pianoçu olaraq iştirakçısı olduğum konserti bu dəfə kulisdən “seyr etmək” qismətim oldu və, etiraf etməli ki, səhnə arxasından çıxışlara şərh vermək çox çətindir. Kulisdə duranlar üçün tədbirin axarı da, zaman anlayışı da ayrı olur: həyəcan, gərginlik, hərəkət, təşviş... Ən əsası isə bütün bunlar səssiz film kimi ötüb keçməli... Məhz bu səbəbdən ifalar haqqında az, fəqət tədbirin mahiyyəti barədə deyiləcək çox sözüm var.

“Umud çiçəkləri” sadəcə ad deyil

Konsert ərəfəsində mütəmadi əlaqə saxladığım və tədbirdə iştirakından dərin məmnunluq duyduğum Adil Mirseyidin qızı Ayan xanımla söhbət edərkən çox təsirli bir hekayəni anlatdı mənə. Səbəbi konsertimizin adı - “Umud çiçəkləri” ilə bağlıdır. Ayan xanım bir zamanlar atasının səhhəti ilə bağlı narahatlıqların yarandığını dedi. Ömrünün sonuna az qaldığını öyrəndiyi günün gecəsi səhərə qədər dualar etmiş Allaha atası sağalsın deyə... Evlərində bitən bir dibçək həmin mövsümdə heç çiçək açmamalı halda sapsarı çiçəklər açmağa başlamış... Şair Mirseyid çiçəyin adını “umud çiçəyi” qoymuş, rəssam Mirseyid rəsmini yapmış... Adil Mirseyidin ömrü il-il uzanmış...

Konsertin adını da Aydın K.Azim seçmişdi. Mərhum Adil Mirseyidlə qəlb dostu olduğu üçün əminəm ki, adı keçən isim təsadüfi deyildir...

Musiqimizdə də belə umud çiçəkləri cücərsin, açsın... Cücərəcək. Açacaq.

Hər üslubda musiqi

Proqramda gözə dəyən ən mühüm cəhət əsərlərin üslub və janrlarındakı rəngarənglik oldu. Burada həm akademik, həm populyar, həm dini musiqi nümunələri, həm instrumental, həm də vokal əsərlər vardı. Dövrümüzdə səs üçün az yazaraq instrumental musiqiyə meyil edən bəstəkarlarımızın çoxlu mahnı, çağırqı və digər havalar yazmaları sevindirici haldır. Bu xüsusiyyət həm də yeni xanəndə və muğənnilərin yetişməsində önəmli yer tutur. Dəstgahların, türkülərin və təkrar-təkrar oxunan məşhur bəstəkar mahnılarının ifasından savayı yeni layihələrdə iştirakdan məhrum qalan xanəndələrimizin Aysel Əzizovanın müəllifi olduğu “Rübailər” kimi orijinal əsərdə iştirak etmələri çox müsbətdir. Bu sıraya konsertdə olan milli çalğıçılarımız – ud, balaban, dümbək, nağara və s. ifaçılarını da əlavə etmək olar.

Kiminsə duyğularını əsərlərimdə tirajlamaq mənim işim deyil” (Aydın K.Azim)

Bəstəkarların musiqi dili və üslubu baxımından da bir-birindən fərqlənmələri diqqətdən yayınmadı və əslində bu, onların hər birinin fərdiliyinin qorunmasıdır ki, bu xüsusda Aydın K.Azimin bir müəllim kimi rolu əvəzsizdir.

Musiqi hələ bitməyib!

XXI əsrin klassik musiqi (xüsusən Avropa musiqisi) qarşısına qoyduğu ən yayılmış “Musiqi bitibmi?” “Yaxşı musiqi tükənibmi?” kimi suallar hələ təhsil aldığım illərdə Bakı Musiqi Akademiyasının qalın divarları arasındakı dəhlizlərdə az səslənmirdi. Gənc bəstəkarların (əslində bu ifadəni sevmirəm, çoxluq adından yazıram) çoxunun yazdıqlarını dinləyərkən bu sual məni də narahat etmədi deyil. Üstəlik populyar kültürümüzdə mövcud kültürsüz, “plastik” və “birdəfəlik” mahnıları nəzərə alsaq... haqsız sual deyil. Lakin sözügedən konsertdə səslənən əksər musiqinin özü bu məsələyə cavab oldu deyə düşünürəm. Və bu cavabın müsbət olması zalda əyləşən bir çox musiqiçini çaşdırmış da ola bilər.

Yeni janrlar, yeni üfüqlər

Konsertin proqramında yeni terminlər də diqqətdən yayınmadı – dua, ilmə ardınca toxu, bitiq, halay və s. Əslində bunların heç biri “göydən düşmə” deyil. Hər biri dilimizdən, mədəniyyətimizdən gəlir və nəzəri altyapısı vardır. Belə ki, ilmə ardınca toxu polifonik (çoxsəsli) əsər olan fuqanın böyük Üzeyir bəyin üsulu ilə yazılmasıdır (bu, geniş elmi mövzudur). Konsertin nöqtəsini qoyan “Ana dilim” əsəri isə halay janrının bəstəkarların yaradıcılığına bir milli janr kimi daxil olmasından dolayı önəmlidir. Qeyd edim ki, əsərin sözü Aydın K.Azimə məxsusdur.

“Söz və musiqi əslində əkizdir” (Aydın K.Azim)

Sözmü daha qədimdir, musiqimi? Məqaləmdə bu sualın cavabını axtarmayacam, amma.., əsrlər boyu böyük musiqişünasların da diqqət yetirdikləri kimi, hər ikisinin bir-birindən ayrılmaz olması qətidir. Sözlü musiqidə isə öncəlik sözdədir. Haqqında yazdığım tədbirdə bəstəkarların özəlliklə hazır şeirlərə musiqi yazmaları mühüm göstəricidir. Çünki illərlə bəstəkarlığımızda rast gəldiyimiz mənfi cəhət var. O da bəzi mahnıların öncə havasının bəstələnməsi, daha sonra sözünün yazılmasıdır. Bunun yanlış olduğunu, musiqini süniləşdirdiyini düşünürəm. Zatən işin yaradıcı tərəfinə də boylansaq, bəstəkarda mahnı yazmaq istəyinin şeirlə yaranması, məhz təsirləndiyi sözə musiqi qoşmaq üçün həvəslənməsi daha təbii haldır.

Ümumilikdə tədbir müsbət ab-havada keçdi. Konsertin baş tutmasında müstəsna əməyi olan və təşkilati məsələləri çiyinlərinə götürən musiqişünas, bəstəkar Rüzgar Əhmədzadəyə böyük təşəkkür və alqış düşür. Rüzgar xanımın da dediyi kimi, əgər iş varsa, mütləq ki, qüsurlar vardır. Bəzi dinləyicilərin qeydinə görə qüsurlardan biri Muğam Mərkəzinin səhnəsinin texniki imkanlarının bir qədər qısıtlı olması və bununla da konsertdə nömrələr arası texniki operativliyi tam təmin edə bilməməsidir. Bunları da aşacağımıza ümid edirəm. Şəxsən mənim diqqətimdən yayınmayan detal dinləyicilər arasında musiqi camiyəmizin, ali musiqi təhsil ocaqlarımızın önəmli simalarının çox az hissəsinin konsertə təşrif buyurması idi.

Başda Aydın K.Azim olmaqla tədbirdə əməyi olan bütün yaradıcı heyətə təşəkkür edirəm. Məxsusi təşəkkür konsertin dirijoru Xanımana Məmmədzadəyə düşür. Yuxarıdakı təhlilim zamanı adlarını çəkməyə fürsət tapmadığım musiqiçilərə - Fəridə Ələkbərliyə (arfa), Səyyar Teymurova (zərb alətləri), Humay Qədimovaya (ud), Nicat Aslanova (piano), Fuad Cəfərə (bas gitara), Həsən Bilalova (zərb alətləri), Kamran Talıblıya (fleyta), Murad Tağıyevə (qoboy), Şərif Bağırova (klarnet), Kamran Quliyevə (valtorna), Azər Səfərzadəyə (vibrafon), Ərol Rzayevə (çello), Pərviz Quliyevə (balaban), Cavid Ələkbərliyə (gitara), Şamil Məmmədova (gitara), Araz Fətəliyevə (balaban), Mustafa Mirzəyevə (balaban) və Lazım Ağayevə (zərb alətləri) minnətdarlığımı bildirirəm. Yazımı böyük şairin “Umud çiçəkləri” ilə bitirmək istəyirəm.

Mənim başım bəlada mənim ürəyim dərddə

Umud çiçəklərimiz solur açmadan solur

Könül get buralardan dərviş ol Səmərqənddə

Aynalarda umudsuz bir xəyal dəli olur

 

Tanrının üzümüzə açdığı qapılardan

Lailahəillallah deyib baş əyib keçdik

Hər gün günəş doğarkən hər gün sökülüncə dan

Yola çıxdıq yenə də müqəddəs yolu keçdik

 

Könüllərə ölümsüz altın ağac əkdik

Fani dünya dediyin sənə dar gələr bir gün

Şairin çəkəcəyi hər çiləni biz çəkdik

Ölüm aynadan çıxıb səssizcə gülər bir gün

 

Ah müşki ənbər süslü qərib pəmbə axşamlar

Mavi ənginliklərdə bəyaz bir qanad izi

Müqəddəs bayramlarda yandırdığımız şamlar

Yalan dünya içində hələ qoruyur bizi

 

Umud çiçəklərimiz solmasın...

Leyla Həmid Əhməd Xan

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.187965