Saat:08:01
Haqqımızda

"Ümid edirəm ki, Gəncədə dostbazlıq və qohumbazlıq oyunları bitəcək" - İNGİLİS DİLİ MÜƏLLİMİ TƏHSİLDƏKİ ÖZBAŞINALIQLARDAN YAZIR

2024-03-26 11:46:04

Gəncə şəhər sakini Zeynalova Elvira Oruc qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə İngilis dili müəllimi kimi fəaliyyət göstərən E.Zeynalovanın məktubunu olduğu kimi oxuculara təqdim edirik:
"Ölkələrin və xalqların inkişafı elm və təhsildən əhəmiyyətli dərəcədə asılıdır. O ölkələr, o xalqlar irəli gedir ki, orada elm və təhsil daim inkişafdadır. Ulu öndər Heydər Əliyev yeni əsr və üçüncü minillik münasibəti ilə xalqımıza müraciətində təhsil sahəsində görülən işləri yüksək dəyərləndirərək deyirdi: “Xalqımızın tarixi taleyi elə imkan yaratmışdır ki, ötən yüzillikdə Azərbaycan köhnə dünyadan sürətlə qopmuş, elm, mədəniyyət, təhsil, intibah yolunu tutmuşdur. Kütləvi surətdə savadlanmaq, elmə, mədəniyyətə, təhsilə can atmaq Azərbaycan xalqının mənəviyyatını, həyat tərzini dəyişmiş, onu inkişaf edən dünyaya qovuşdurmuşdur”. 
“Hər kəs öz tərcümeyi-halı, öz həyat yolu ilə məktəbin, müəllimin insanın həyatında nə kimi rolu olduğunu bilir və qiymətləndirir. Mən isə həmişə həyatımda bütün varlığımla keçdiyim həyat yolu ilə məktəbə borcluyam, müəllimə borcluyam”.
Bu vacib sahəyə üstün istiqamət verən ulu öndərimiz “Təhsil millətin gələcəyidir” deyirdisə, bu yolu davam etdirən ölkə rəhbəri cənab İlham Əliyev təhsilə “ Azərbaycanın gələcəyini müəyyən edən prioritet sahə” kimi yüksək dəyər verərək, iqtisadi potensialın insan kapitalına çevrilməsini bir vəzifə olaraq qarşıya qoydu. Bütün bunlar isə təhsilə yeni texnologiyaları çevik mənimsəmək, əmək bazarında və şəxsi həyatda layiqli yer tutmaq, cəmiyyətdə gedən proseslərə münasibətdə düzgün mövqe seçmək imkanı yaratdı.
Nəzərinizə çatdırıram ki, mən 18 ildən artıqdır Gəncə şəhər, İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə ingilis dili müəllimi işləyirəm. 2022-ci ilin oktyabr ayından başlayaraq Gəncə-Daşkəsən Regional Təhsil şöbəsinin müdiri Anar Qədiməliyev qohumbazlıq və dostbazlıq prinsiplərinə əsasən işləyir. Belə ki,  Gəncə-Daşkəsən Regional Təhsil şöbəsinin müdiri Anar Qədiməliyev Ümumtəhsil məktəblərinin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin  “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 5 sentyabr tarixli, 156 nömrəli Fərmanının 1.22-ci bəndinin icrasının təmin etmək məqsədi ilə qəbul edilmiş qərarın 2.6 və 2.7-ci bəndlərinin tələblərini pozmaqla, mənim sinif rəhbəri olduğum sinifi bağlayaraq, qanun pozuntusuna yol vermişdir. 

Qeyd edim ki, mənim sinif rəhbəri olduğum sinifi bağlamaq məqsədi ilə şagird sayının süni şəkildə azaldılmasına görə keçmiş məktəb rəhbərliyi haqqında etdiyim şikayəti araşdırmadan cavab məktubu göndərmişdir. Mən bu vəzifəli şəxsə izah edə bilmədim ki, Ümumtəhsil məktəblərinin Nümunəvi Nizamnaməsinə əsasən, məktəbdə şagird sayı bərabər olaraq hər sinifdə 20 nəfər olmaqla bölünməlidir və şagird sayı 30 və daha artıq olarsa paralel sinif təşkil edilməlidir.
Tədris ilinin əvvəlində 10 "e" sinfinin sinif rəhbərliyi dərs bölgüsü zamanı mənə həvalə olundu. Sinif şagirdlərinin sayı 21 nəfər idi. Məktəbdə 10-cu sinifdə rus bölməsində təhsil alan şagirdlər saylarına görə 3 sinif arasında rus bölməsində tədris işləri üzrə müdir müavini vəzifəsində işləyən İmamverdiyeva Səbinə Arif qızı tərəfindən qeyri-bərabər şəkildə bölünmüşdür. 10 "ç" sinfinə Pişnamazzadə Esmira, 10 "e" sinfinə Mən Zeynalova Elvira və 10 "d" sinfinə isə faktiki olaraq İmamverdiyeva Səbinə sinif rəhbərliyi vəzifəsini yerinə yetirirdik. Sinifdə şagird saylarının qeyri-bərabər olmasına etiraz etməyimə baxmayaraq, dərs hissə müdiri tərəfindən hec bir tədbir görülməmişdir. Hətta məktəbə yeni gələn şagirdlərin təhsili İmamverdiyeva Səbinənin sinif rəhbəri olduğu sinifə yönəldilmişdir. Bu isə öz növbəsində müasir təhsil metodikasına ziddir. Belə ki, bir sinifdə şagird sayının 25-30 nəfər olması müasir kurikulum tədris metodikasına uyğun deyil. Çünki dərs prosesi zamanı müasir tədris metodikasına uyğun olaraq müəllim sinifdə olan şagirdlərin hər birinin aktiv olmasını təmin etməlidir, hətta bəzi fənnlər üzrə bu metodikanın uğurlu tətbiqi üçün siniflər ayrı-ayrı iki qrup şəklində bölünürlər. İnformatika fənni, xarici dil fənni, fiziki tərbiyyə fənni və s. Bundan başqa, məktəbdə siniflərin təşkili və şagirdlərin siniflər üzrə qruplaşdırılması tədris ili başlayana qədər qanuna uyğun şəkildə həll olunmalıdır.

Onu da nəzərə almalıyıq ki, məktəbin rus bölməsində tədris işləri üzrə direktor müavini İmamverdiyeva Səbinə Arif qızının sinif rəhbəri vəzifəsini yerinə yetirməsi qanunsuz olardı, sadəcə bu işin qanuni qeydiyyatı başqa müəllimin adındadır, lakin faktiki olaraq işi İmamverdiyeva Səbinə Arif qızı aparır. Səbəb olaraq o göstərilir ki, İmamverdiyeva Səbinə Arif qızının öz oğlu həmin 10 "d"  sinifində təhsil alır. Heç bir səbəb olmadan 10 "ç" sinfinin 3 şagirdi şagird sayının cox olmasına baxmayaraq, 10 "d" sinfinə keçirilmişdir və yenə də heç bir səbəb olmadan mənim sinif rəhbəri olduğum 10 "e" sinifinin 3 şagirdi də 10 "ç" sinfinə keçirilmişdir. Bu edilən "əməliyyat"ların məqsədi mənə məlum deyil.

İndi isə hal-hazırda tədris ilinin yarsında məlum olur ki, guya 10 "e" sinifinin açılması qanuna uyğun deyilmiş və bu deyilənlərin heç birinə hüquqi əsas gətirilmir. Belə görünür ki, sayı 60 dan cox olan şagird kontingenti 2 sinifə - hər birində 30-35 dən cox olmaqa bölünəcəkdir. Bu isə öz növbəsində keyfiyyətsiz dərs prosesi keyfiyətli təhsildən kənar qalmış şagird və nəzarəti mümkün olmayan sinif deməkdir.

Bu əməlləri törədən vəzifəli şəxslərə bildirmək lazımdır ki, cənab Prezidentin daxili siyasətə yönləndirilmiş bir tövsiyəsini nəzərə alsınlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bir neçə il əvvəl Dünya Azərbaycanlılarının III qurultayındakı nitqində demişdir: “Biz neft kapitalını insan kapitalına çevirməliyik”.
İlham Əliyevin keyfiyyətli təhsil haqqında: “Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir”.
Tədris müəssiəsində baş vermiş bu hadisələr fərdi xarakter daşıyır. Bu işlərin törədilməsi məktəbin idarə olunması həvalə edilmiş vəzifəli şəxslərin özbaşınalığından başqa bir şey deyil. Belə görünür ki, məktəb dövlət qanunları, dövlət siyasəti, Elm və Təhsil Nazirliyinin tövsiyələri və təlimatları əsasında deyil, şəxsi qərarlarla idarə olunur. Nəzərinizə catdırım ki, yuxarıda göstərilən hərəkətlərdə heç bir dövlət və xalq mənafeyindən və təhsilin keyfiyyətli təşkil edilməsindən söz gedə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş 
Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

2. Ümumtəhsil məktəbinin strukturu
2.6. Ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir.
2.6-1. Ümumtəhsil məktəbi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir.
2.6-2. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.
2.6-3. Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən siniflərdə şagirdlərin sayı azaldıqda və ya artdıqda, siniflər bu Nizamnamənin müvafiq olaraq 2.6-cı-2.6-2-ci bəndləri ilə müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir.
Müvafiq qanunlarla edilən hərəkətlət ziddiyyət təşkil edir. 
Bununla bağlı mən Azərbaycan Respublikası Baş Prokurorluğuna etdiyim şikayət ərizəm araşdırılması üçün Gəncə şəhər Prokurorluğuna, prokuror köməkçisi Ramiz Nəbiyevə verildi. Şikayət ərizəsi 13.02.2024-cü il tarixdə araşdırmaya verilməsinə baxmayaraq, prokuror köməkçisi Ramiz Nəbiyev tərəfindən heç bir araşdırma aparılmadı. Mən 19.02.2024 tarixdə şikayət ərizəsi ilə bağli Gəncə şəhər Prokurorluğuna getdim və prokuror köməkçisi Ramiz Nəbiyev məni qəbul etmək istəməsə də, mən təkidlə onun qəbulunda oldum, işlə bağlı hərəkətsizliyə görə öz iradımı bildirdim. Prokuror köməkçisi Ramiz Nəbiyev mənim izahatımı 19.02.2024 tarixdə aldıqdan sonra 13.03.2024 il tarixdə bildirdi ki, şikayət etdiyim qurum barədə araşdırma aparılması həmin qurumun rəhbəri Anar Qədiməliyevə həvalə edilmiş və qanun pozuntusuna yol vermiş idarənin işçilərindən ibarət komissiya təşkil edilərək, şikayətdə göstərilən halların araşdırılması onlara həvalə edilmişdir. Çox maraqlı bir hal yaranmışdır ki, hərəkətlərindən şikayət etdiyim quruma şikayətim araşdırılması üçün göndərilir. Bu azmış kimi, qeyd edilən pozuntu ilə bağlı məktəbdə prokurorluq tərəfindən heç bir araşdırma aparılmadı.

Əslində, tərəfimdən Ramiz Nəbiyevə sübut və dəlillər təqdim edilmişdi. Gəncə şəhər prokurorluğunun prokuror köməkçisi Ramiz Nəbiyev məni qəbul etmir və şikayətimlə bağlı heç bir tədbir görülmür. Bu hərəkətlər Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanununun 7.13 bəndinin pozulması deməkdir.
Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikası Qanunu 
Maddə 7. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası;
7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.
Prokuror köməkçisi Ramiz Nəbiyev hansısa səbəbdən Təhsil İdarəsi haqqında şikayəti qanuna zidd şəkildə həmin idarənin rəhbər və sıravi işçilərinə həvalə edir. Görəsən, bu vəzifəli şəxs özü nə işlə məşğuldur?! Cənab Ramiz Nəbiyevin nəzərinə Azərbaycan Raspublikasının Prezidenti İlham Əliyevin tövsiyəsini çatdırmaq lazımdır: “Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir. Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir. Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız”.

Onu da qeyd edim ki, 22.10.2023-cü ildə və 29.02.2024-cü ildə Mehriban xanımın qəbulunda olmuşam. Bu qəbullarda olduğum üçün Anar Qədiməliyev tərəfindən başıma bu oyunlar gətirilir.
Məktəbin direktor müavinləri onlardan zavuç İmamverdiyeva Səbinə Arif qızı kimilərə arxalanıb, məktəbdə bu qədər maliyyə pozuntusu edirlər? Onlar bu əməllərindən çəkinmirlər. 
Azərbaycan bölməsinin müəllimləri necə rus bölməsində sinif rəhbərliyi, dərs  və ev dərsləri aparir? Bunlar hamısı tədrisdə maliyyə pozuntusudur. Güman edirəm ki, yeni teyin olunmuş müdir Gulbəniz müəllimə bunlara yol verməyəcək, dostbazlıq və qohumbazlıq oyunları bitəcək. 

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR