Saat:23:28
Haqqımızda

“Ulu öndərin mənə verdiyi YAP-ın vəsiqəsini paketə qoyaraq ilham Əliyevə göndərdim” – ZƏRDAB SAKİNİ MƏMURLARDAN ŞİKAYƏTÇİDİR

2023-02-10 12:35:00

“Ulu öndərin mənə verdiyi YAP-ın vəsiqəsini paketə qoyaraq  ilham Əliyevə göndərdim” – ZƏRDAB SAKİNİ MƏMURLARDAN ŞİKAYƏTÇİDİR

Zərdab rayonu, Gəlmə kənd sakini İsmayılov Hüseyn Şahlar oğlu tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçi yazır: “Mən, İsmayılov Hüseyn Şahlar oğlu, 1972-ci ildə Zərdab rayon Gəlmə kəndində anadan olmuşam. Qarabağ iştirakçısıyam, Yeni Azərbaycan Partiyasının üzvüyəm.

51 yaşım olmasına baxmayaraq, heç vaxtı cinayət etməmişəm ki, dövlət orqanlarına düşəm.

2017-ci ildə Zərdab Rayon Maliyyə Şöbəsinin Müdiri məni dostu və həmkəndlisi olan Quliyev Asif Səhrab oğlunun yanına Ukraynanın İvano Frankovski şəhərinə aşbaz və kababçı işləməyə göndərmişdir. Bütün yüklərimi Hacıyev Etibar öz üzərinə götürərək, tanımadığım şəxsin yanına göndərmişdir. Hər ay 600 dollar müqabilində məni yola saldılar. Həmin şəxs 7 ay 18 gün ərzində məni kölə kimi işlətdi və pulumu vermədi. Bu insanın mənə 2400 dollar borcu yığıldı.

Pulumu ala bilmədiyim üçün Azərbaycana geri qayıtmağı fikirləşirdim. Oradakı Azərbaycanlıların köməyi nəticəsində ondan sənədlərimi güc-bəla ilə alaraq, məni Azərbaycana yola saldılar. Getdiyimi bildiyi halda belə, mənə heç bir köməklik etmədi.

Vətənə qayıtdıqdan sonra mənə yol göstərən Hacıyev Etibarın yanına gedərək, başıma gələnləri danışdım, haqqımı tələb etdim. Mənə bildirdi ki, kimə, hara istəyirsən get şikayət et, bizə gücün çatmaz. Dərhal Daxili İşlər Nazirliyinin Yanında İnsan Alverinə Qarşı Baş İdarəsinə ərizə ilə müraciət etdim. Şikayətimi müstəntiq Eldar Qədimov araşdırırdı. O mənə bildirdi ki, Yeni Azərbaycan Partiyasının üzvüsən, Qarabağ iştirakçısısan, bunları nəzərə alaraq sənə köməklik göstərəcəm, dəymiş ziyanı ödətdirəcəm.

Mən o illər ərzində öz ana dilimizdə oxuyub yaza bilmiridim. Polisə inanaraq onların mənə verdikləri sənədə imza atdım. Və kiril əlifbası ilə  yazdım ki, şikayətimdən narazıçılığım yoxdur. Qərarın bir surətini mənə verdi və yaxın günlərdə tədbir görüləcəyini bildirdi. Hətta Asif Quliyevlə məni görüşdürdü, o, mənə müəyyən məbləğdə pul təklif etdi, mən isə onunla razılaşmadım.

Evə gəldikdən sonra qərarı həyat yoldaşıma oxutdurdum və onda bildim ki, Müstəntiq Hacıyev Etibarın və Asif Quliyevin yalan ifadələrini qəbul edərək, qərarı onların xeyrinə çıxarmışdır. Və onda bildim ki, dövlətimizin hüquq mühafizə orqanlarında belə şəxslər işləyir. Bizi də bu vasitə ilə ölkə Prezidentimizdən küskün salmağa çalışırlar.

Baş prokurorluğa çoxsaylı müraciətlər etsəm də, heç bir tədbir görülmür. Qazancımın bir hissəsini poçt xidmətlərinə ödəməkdən yorulmuşam. Həmin illərdə Hacıyev Etibarın oğlu Ağır Cinayətlər Məhkəməsində operator işləyirdi. Asif Quliyevin dayısı oğlu Baş Prokurorluqda işləyirdi, ona görə də şikayətimizə baxan olmamışdır. Asif Quliyev onların köməkliyindən istifadə etmişdir.

Çoxsaylı məktublarla Maliyyə Nazirliyinə müraciət etdim və Rumiyyə Ağdamskaya adlı xanım məktubumuza cavab olaraq bildirdi ki, Hacıyev Etibarın vəzifədən kənar etdiyi dələduzluğun vəzifəsinə adiyyatı yoxdur. Deməli, belə çıxır ki, ölkə Prezidentimizin məmurlar haqqında olan çıxışlarından Rumiyyə xanımın xəbəri yoxdur. Məktub vasitəsilə Prezidentimizə, Mehriban xanıma, Fuad Ələsgərova çoxsaylı müraciət etdim. Sonra isə cənab Prezidentimizə sosial şəbəkə vasitəsilə müraciət etdim, lakin heç bir tədbir görülmədi.

Və ondan sonra Hacıyev Etibar çoxsaylı müraciətlərimdən qorxaraq Zərdab rayon məhkəməsinə şərəf və ləyaqətinin pozulması ilə bağlı şikayət etdi. Lakin onun şikayəti Ədliyyə Nazirliyində araşdırılaraq bildirilmişdir ki, mənim sosial şəbəkə vasitəsilə etdiyim müraciətimdə onun şərəf və ləyaqətinə toxunulası təhqiredici sözlər yoxdur.

Məni Ukraynada işlədən Asif Quliyev də məhkəməyə verdi. Asif Quliyevin özü kimi saxta olduğu şikayətinə Tahir Qubadov baxmadı və sənədlərinin qaydaya salınmasını ona bildirərkən Asif Quliyev yoxa çıxdı. Onu da nəzərinizə çatdırım ki, Hacıyev Etibarın oğlu Ağır Cinayətlər Məhkəməsində işləyərkən 12 fevral 2021-ci il tarixində ümumilikdə 80 min manat məbləğində pul vəsaitini alıb və  şəxsi ehtiyaclarına sərf edərək, dələduzluq etmişdir. Beləliklə, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Necə olur ki, oğlu həbsdə olan Hacıyev Etibar Maliyyə Şöbəsinin müdiri işləyir?

Hal-hazırda şikayətimi davam elətdirirəm. Daxili İşlər naziri Vilayət Eyvazova sosial şəbəkə vasitəsilə müraciət etdikdən sonra “İnsan Alveri”nin rəisi Həzi Aslanov məni çağırtdırdı. Lakin o da müstəntiq Eldar Qədimovdan geri qalmadı.

Yazılası çox sözlərim var, mənim şikayətimə baxılmır. Xahiş edirəm mənim bu şikayətimi saytınız vasitəsilə işıqlandırın. Bu haqsızlıqdan sonra dövlətin bu şikayətimi yenidən araşdırılmasına gücü çatmadığı üçün, Ulu öndərin mənə verdiyi Yeni Azərbaycan Partiyası vəsiqəsini paketə qoyaraq oğlu ilham Əliyevə göndərdim. Bu Partiya mənim ona qarşı olan hörmətimi doğrulda bilmədi və ona qarşı olan hörmətimi nifrətə çevirdi. Dövlətimdən nə iş istəmirəm, nə də sosial yardım istəmirəm, istədiyim yalnız tapdalanmis hüquqlarımın bərpa edilməsi idi, onu da doğrulda bilmədilər.

Jalə FAMİLQIZI

Redaksiyadan: Bu bir iddiadır. İddianın nə qədər doğru və yanlış olduğunu biz deyə bilmərik. Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR