“Ukraynaya hərbi yardımı əngəlləyən Trampdır” – Bayden rəqibini ittiham edib
ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı bildirib ki, immiqrasiya islahatlarını Ukrayna, İsrail və Tayvana hərbi yardımla əlaqələndirən qanun layihəsi Donald Trampın siyasi təzyiqi altında dağılır.
Hurriyyet.az xəbər verir ki, Konqresi sərhəd təhlükəsizliyini gücləndirmək və Ukraynaya yardım göstərmək üçün qanun qəbul etməyə çağıran Prezident, çıxışında qanunvericilərə səbirli olmağı tövsiyə edib. "Hər şey onu göstərir ki, bu qanun layihəsi hətta baxılmaq üçün Senata təqdim edilməyəcək. Niyə? Sadə bir səbəbdən: Donald Tramp!", - deyə Bayden vurğulayıb.
"Çünki Donald Tramp hesab edir ki, bu qanunun qəbulu siyasi baxımdan onun üçün pisdir", - Ağ Ev rəhbəri əlavə edib.
Bayden Ukraynaya hərbi dəstək və ABŞ arsenallarının artırılması üçün 61,4 milyard dollar əlavə maliyyə istəyib. Onun administrasiyası keçən bazar günü təqdim edilən qanun layihəsi üzərində Senatdakı demokratlar və respublikaçılarla uzun müddət işləyib. Qanun layihəsi Ukrayna, İsrail və ABŞ-nin Hind-Sakit Okean regionundakı tərəfdaşlarına təcili yardım və immiqrasiya islahatlarının maliyyələşdirilməsi ilə bağlıdır.
Nümayəndələr Palatasının respublikaçı liderləri bir neçə gün əvvəl ikipartiyalı Senatın qanun layihəsini rədd edəcəyini və yalnız İsrailə yardım göstərəcək qanun layihəsini səsverməyə çıxaracaqlarını bildiriblər. Bayden administrasiyası bazar ertəsi Prezidentin qanun layihəsinin bu versiyasına veto qoyacağını bildirib.
azpolitika.info