Saat:02:05
Haqqımızda

Ukrayna–Rusiya münasibətləri: tarixin yükü, bu günün reallığı

2025-11-24 22:28:44

Ukrayna–Rusiya münasibətləri: tarixin yükü, bu günün reallığı

Ukrayna ilə Rusiya arasındakı gərginlik nə bir günün, nə də bir siyasətçinin qərarının nəticəsidir. Bu münasibətlərin kökləri minilliklərə uzanır: bir vaxtlar ortaq dövlət olan Kiyev Rus dövlətinin mirası zaman keçdikcə iki ayrı xalqın iki fərqli tarixi hekayəsinə çevrildi.

Rus imperiyası və sovet dövrü boyunca Ukrayna davamlı şəkildə tabeetmə, basqı və mədəni assimilyasiya cəhdləri ilə üz-üzə qaldı. Ukrayna dili qadağan edildi, ziyalılar repressiyaya məruz qaldı, milyonlarla insan Holodomor kimi faciələrdə həyatını itirdi. Buna görə də 1991-ci ildə qazandığı müstəqillik Ukrayna xalqı üçün sadəcə siyasi qərar deyildi, həmçinin əsrlərlə gözlənilən bir nəfəs, azadlıq idi.

2014-cü ildə Krımın ilhaqı və Donbasda qızışdırılan separatizm Ukrayna–Rusiya münasibətlərini qırılma nöqtəsinə gətirdi. Ukrayna Avropa Birliyi ilə inteqrasiyanı prioritetə çevirmişdi, Rusiya isə bunu öz təsir dairəsinə açıq meydan oxuma kimi görürdü.

2022-ci ilin fevralında başlayan genişmiqyaslı işğal isə artıq təkcə iki ölkənin deyil, bütün Avropanın təhlükəsizlik arxitekturasını sarsıtdı. Ukrayna şəhərləri yerlə-yeksan edildi, milyonlarla insan qaçqın həyatı yaşamağa məcbur qaldı. Bu müharibə artıq sadəcə xəritədəki sərhəd xətti uğrunda mübarizə deyildi, həm də kimlik və azadlıq uğrunda savaş idi.

Trampın gündəmə gətirdiyi yeni sülh modeli

ABŞ-da siyasi ssenarinin dəyişməsi Ukrayna müharibəsi ilə bağlı yeni “sərt realizm” yanaşmasını gündəmə gətirdi. Donald Tramp müharibəni tez bitirəcəyini iddia edir və onun ətrafından sızan sülh planı təxminən aşağıdakı konturları ehtiva edir:

- Ukrayna NATO üzvlüyündən imtina etməyə məcbur edilir. Tramp hesab edir ki, bu addım Rusiyanın əsas “qorxu səbəbini” aradan qaldıracaq.

- Krım və Donbasın böyük hissəsi “faktiki vəziyyət” kimi qəbul edilir. Bu isə Rusiya üçün açıq üstünlük, Ukrayna üçün isə ərazi itkisini rəsmiləşdirmək anlamına gəlir.

- Ukrayna Qərbdən müəyyən təhlükəsizlik təminatı alır, lakin NATO səviyyəsində deyil. Bu, ölkənin gələcəkdə Rusiyaya qarşı tam müdafiə mexanizmlərindən məhrum qalması deməkdir.

- Müharibədən dağılan Ukrayna üçün ABŞ və Avropadan böyük maliyyə dəstəyi nəzərdə tutulur. Bu element Kiyevi razılaşmaya cəlb etmək üçün “şirinləşdirici” vasitə kimi görünür. Bu planı bir çox analitik “müharibəni dayandıran, amma ədaləti öldürən sülh” kimi xarakterizə edir. Çünki Ukraynanın ən böyük prinsipi olan ərazi bütövlüyü və suverenlik bu modeldə arxa plana keçir.

Ukrayna xalqı ərazi itkisi ilə barışmır və bu, təkcə emosional reaksiya deyil, habelə siyasi reallığın sərt çərçivəsidir. Heç bir demokratik hökumət xalqın iradəsinə zidd olaraq belə bir sənədi imzalamağa risk etməz. Bu cür addım yalnız daxili sabitliyi sarsıtmaz, həm də Ukraynanın gələcək siyasi kursunu sual altına qoyar.

Digər tərəfdə isə Rusiya üçün təhlükəli bir presedent yaranır, belə ki, işğal etdiyi əraziləri əlində saxlaya bilirsə, bu, sabah başqa regionlarda da oxşar addımlara cəsarət verə bilər. Beləliklə, problem yalnız Ukraynanın deyil, bütövlükdə regionun təhlükəsizliyinə çevrilir.

Bu çərçivədə təqdim edilən sülh modeli dayanıqlı görünmür. Ukraynanın neytral statusu zahirən kompromis təsiri bağışlasa da, əslində onu gələcəkdə Rusiyanın təzyiqlərinə daha açıq buraxır. Üstəlik, Avropanın təhlükəsizlik arxitekturası da zədələnir, çünki kollektiv təhlükəsizlik anlayışı işğal faktını legitimləşdirən qərarlarla uyğunlaşmır.

Bu halda əsas sual budur: sülh necə bərqərar ola bilər?

Ekspertlərin böyük əksəriyyəti razıdır ki, istənilən sülh masası yalnız iki tərəfin də minimal, bir-birinə zidd olmayan tələbləri üzərində qurula bilər. Lakin bu gün Rusiyanın tələb etdiyi maksimumla Ukraynanın geri çəkilə biləcəyi minimum arasında dərin uçurum var. Elə bu uçurum danışıqları faktiki olaraq mümkünsüzləşdirir.

Trampın təklif etdiyi plan isə bu fərqi azaltmaq əvəzinə, daha da genişləndirir. Çünki plan Ukraynanı açıq şəkildə daha zəif mövqedən kompromisə məcbur edir və bu, nə ədalətli, nə də uzunmüddətli sabitliyə xidmət edir.

Ümumiyyətlə, ərazilərdən əl çəkmək referendum yolu ilə xalqa sorşularaq atılan addımdır. Təkcə bir imza ilə iş bitmir. Tramp isə məzuniyyətə çıxan konqresmenlərin olmamasından istifadə edərək, məsləni yeni iş həftəsinə kimi bağlamağı fikirləşir. Amma bu fikri onun özü qədər dayazdır…

Ukrayna–Rusiya münasibətlərinin əsrlərdən gələn ağır yükü var və bu gün yaşanan müharibə həmin yükün ən təhlükəli nöqtəsidir. Trampın sülh planı müharibəni “tez bitirmək” kimi üzdə cazibədar görünən məqsədə yönəlsə də, ədalətli və davamlı həll üçün yetərli deyil. Ukrayna azadlıq uğrunda mübarizəni davam etdirir, Rusiya isə tarixi imperiya iddialarını bərpa etməyə çalışır.

Əlbəttə, sülh mümkündür. Lakin bu sülh Ukraynanın deyil, Rusiyanın şərtləri üzərində qurularsa, o zaman yalnız növbəti müharibənin başlanğıc nöqtəsinə çevriləcək.

Kamran NƏSİRLİ