Saat:03:50
Haqqımızda

“UKRAYNANIN MƏHVİ ÜZRƏ İRƏVAN KONFRANSI...” - “Azərbaycan çoxdan NATO-dadır, Ermənistan isə...”

2022-11-25 17:25:00

“UKRAYNANIN MƏHVİ ÜZRƏ İRƏVAN KONFRANSI...” - “Azərbaycan çoxdan NATO-dadır, Ermənistan isə...”

“Putin Peskovun və Lukaşenkonun dililə nəhayət ki, Ukraynada apardığı müharibənin məqsəd və hədəflərini dəqiq bəyan etdi. O, elan etdi ki, ya Ukrayna xalqı Ukrayna dövlətçiliyinin məhv edilməsilə razılaşmalıdır və biz onun əzablarını dayandırırıq, ya da Ukrayna xalqı məhv edilir. İndiyə qədər məqsədlər bu cür aşkar şəkildə və dəhşətli sözlərlə ifadə edilməmişdi. Bu dəhşətli sözlərli Lukaşenko fiziki olaraq Putindən bir neçə metr məsafədə ikən, İrəvanda keçirilən KTMT sammitində işlətdi”.

Hurriyyet.az xəbər verir ki, bunları ABŞ-da yaşayan tanınmış rusiyalı politoloq və publisist Andrey Piontkovski İrəvandakı son KTMT sammitini şərh edərkən bildirib.

Xatırladaq ki, həmin sammitdə jurnalistlərin suallarına cavab verən Aleksandr Lukaşenko deyib: “Hər şey Ukraynanın əlindədir... Bunu(müharibəni) dayandırmaq lazımdır. Çünki bunun ardınca Ukrayna tam məhv ediləcək. Bu, Putinin əməliyyatdan əvvəl dediyi kimi, sadəcə Ukrayna dövlətçiliyinin məhvi təhlükəsi olmayacaq. Bu, Ukraynanın məhvi olacaq!”

Eyni mövqedən Putinin sözçüsü Dmitri Peskov da çıxış edərək, bəyan edib ki, Ukrayna xalqının əzablarına son qoymaq üçün Ukrayna hakimiyyəti danışıqlara getməlidir. Bununla da etiraf edib ki, Rusiyanın məqsədi öz imperiya, işğalçılıq istəyinə nail olana qədər Ukrayna xalqına əzab verməkdir.

Piontkovski İrəvandakı sammiti faşist Almaniyasının 1942-ci ildə keçirdiyi Vanze konfransı ilə müqayisə edərək, onu “Ukraynanın məhvi üzrə İrəvan konfransı” adlandırıb: “Dünya birliyi seçim qarşısındadır. O, şüurlu şəkildə bütöv bir xalqın məhv olunmasına seyrçi qalacaqmı? Sonuncu dəfə bunu Hitler yəhudilərə qarşı etmişdi. 1942-ci ilin yanvarında məşhur Vanze konfransında Hitler bu qərarı qəbul etmişdi. Bəs, dünya Ukrayna xalqının məhvi üzrə İrəvan konfransına necə reaksiya verəcək?”

Politoloq Rusiyanın NATO Parlament Assambleyası və Avropa Parlamentində terrorçuluğa dəstək verən ölkə kimi tanınmasının təsirsiz ötüşməyəcəyini bildirib. 

Qeyd edib ki, artıq Qərbdə indiyə qədər Putinə qarşı loyal olanlar da kəskin mövqe tutmağa başlayıblar. Bu isə nəticədə özünü Ukrayna cəbhəsində daha güclü silah-sursat, uzaq məsafələrə atıla biləcək raketlər və Hava Hücumundan Müdafiə sistemlərinin artması formasında göstərəcək.

O, qeyd edib ki, Qərb Ukraynaya ağır hərbi texnika, tanklar, təyyarələr verməlidir ki, müharibə daha tez başa çatsın və Ukrayna xalqı bu əzablardan qurtulsun.

Daha sonra İrəvandakı KTMT sammiti barədə danışan Piontkovski deyib ki, bu tədbir rus imperiyasının dağılmasının, Rusiyanın postsovet məkanına təsir imkanlarının tükənməsinin bariz göstəricisi olub. Çünki artıq Ermənistan kimi Rusiyanın vassalı olan dövlət belə Kremlə etiraz etməyə, onunla hesablaşmamağa başlayıb: “Ermənistan ən sonuncudur. Azərbaycan artıq çoxdan Türkiyə ilə faktiki birgə orduya malikdir və faktiki olaraq NATO-dadır. Ermənistan isə dünən (Kremlə qarşı) üsyan etdi”.

Piontkovski hesab edir ki, Qərb Rusiyanın məğlub olmasının və bütün postsovet məkanına təsirinin yoxa çıxmasının əleyhinə deyil. Lakin Qərb bu prosesin nəzarət olunan, nizamlı şəkildə reallaşmasına, bir növ “Rusiyanın idarə olunan, yumşaq kapitulyasiyasına” nail olmağa çalışır.

Lakin onun fikrincə, Putin artıq öz hərəkətlərilə, yəni Ukrayna xalqını qışın soyuğunda işıqsız, istiliksiz, susuz qoymaqla və onu məhv etmək istəyini açıq bəyan etməklə Qərbin bu ssenarisini mümkünsüz edir. Ona görə də yeganə yol tezliklə Rusiyanın tam və qəti məğlubiyyətinə nail olmaqdır.

azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR