"Ukraynanın bizim icazəmizə ehtiyacı yoxdur" - ABŞ-dan yeni bəyanat
Ukraynaya Rusiya ərazisindəki hədəfləri vurmaq üçün ABŞ-dan icazə almağa ehtiyac yoxdur və bunun üçün öz silahlarından uğurla istifadə edə bilər.
Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller brifinqdə bildirib.
"Ukraynanın Rusiya hədəflərinə cavab vermək üçün bizim icazəmizə ehtiyacı yoxdur. Onlar suveren bir ölkədir və öz yaratdıqları silahlardan istifadə edə bilirlər. Keçən il onlara verdiyimiz silahlara nəzər salsanız, biz aydın bildirdik ki, onlardan sərhəddən keçən Rusiya hədəflərinə cavab vermək üçün istifadə edə bilərlər”, - o qeyd edib.
Miller vurğulayıb ki, Ukrayna "özünümüdafiə üçün çoxlu miqdarda materiala malikdir”.
Ukraynaya niyə Amerika silahları ilə cavab verməyə icazə verməmək barədə birbaşa suala cavab verən Miller qeyd edib ki, Birləşmiş Ştatlar "bütün imkanlara, bütün taktikalara və Ukraynaya göstərdiyi bütün dəstəyə ümumilikdə baxır”.
"Biz hər hansı yeni silah sistemini və ya hər hansı yeni taktikanı təsdiqləyəndə bunun bütün döyüş meydanına və Ukraynanın bütün strategiyasına necə təsir edəcəyinə baxırıq”, - o deyib.
Daha əvvəl Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirmişdi ki, Qərbin uzaqmənzilli silahlarını Rusiyanın dərinliklərinə atmaq üçün alınan icazədən ilk olaraq ruslar xəbər tutacaq. Bundan sonra rəsmi açıqlama veriləcək.
Eyni zamanda, "The New York Times" yazıb ki, Amerika kəşfiyyatına görə, ABŞ və tərəfdaşları Ukraynaya Rusiya Federasiyasına uzaq məsafədən zərbələr endirməyə icazə verərsə, Kreml "daha güclü cavab tədbirləri” tətbiq edə bilər. Xüsusilə Rusiya Avropadakı hədəflərin təxribatını artıra və ABŞ və Avropa hərbi bazalarına potensial ölümcül hücumlar həyata keçirə bilər./qaynarinfo.az/