“Ukraynalıların 99.9 faizi Putinin ölümünü arzulayır” – DANİLOV
Bir sıra Rusiya “Teleqram” kanalları Vladimir Putinin guya oktyabrın 26-dan 27-nə keçən gecə öldüyü barədə məlumatlar yayıb.
Hurriyyet.az xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov “Fokus” nəşrinə açıqlamasında bütün Ukrayna əhalisinin bu xəbərin tezliklə həqiqətə çevrilməsini arzuladığını deyib: “Gec və ya tez hamı o dünyaya yollanacaq. Putin də həmçinin. Bizim əhalinin 99.9 faizi arzulayır ki, bu, mümkün qədər tez baş versin”.
Danilov hesab edir ki, hətta Putinin ölümü belə Rusiyanın Ukraynaya münasibətdə siyasətini dəyişməyəcək. Rusiyanın dövlət və cəmiyyət olaraq insanlıqdan məhrum olduğunu deyən Danilov qeyd edib ki, Putin hələ Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlayanda əqli cəhətdən sağlam olmadığını göstərib: “Sağlamlığa gəlincə, o, heç zaman sağlam olmayıb. İlahinin onu nə zaman götürəcəyi isə zaman məsələsidir”.
Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov bu gün Putinin ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib. Bundan öncə isə Peskov Putinin dublyorlarının olduğu barədə məlumatları yalanlamışdı.
“AzPolitika.info”