Saat:17:45
Haqqımızda

Ukrayna Xəzərdəki neft platformasını yenə vurdu - 20-dən çox quyuda neft hasilatı dayanıb

2025-12-13 12:34:29

Ukrayna Xəzərdəki neft platformasını yenə vurdu - 20-dən çox quyuda neft hasilatı dayanıb

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) hücum dronları Xəzər dənizindəki “Lukoil”-in neft hasilatı platformalarına ikinci hücumunu həyata keçirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Ukrainska Pravda" və "Unian" nəşrləri SBU-ya istinadla məlumat yayıb.

Məlumata görə, "Alfa" Xüsusi Əməliyyatlar Mərkəzinin uzaqmənzilli dronları artıq 11 dekabrda bir dəfə zərbə endirilmiş Xəzərdəki Filanovski yatağındakı neft hasilatı platformasına ikinci hücumunu həyata keçirib. SBU bildirir ki, Korçagin yatağındakı ikinci platforma da zərbə alıb.

Hücum nəticəsində hər iki buza davamlı platformadakı vacib avadanlıqlara ziyan dəyib və onlarda istehsal prosesləri dayandırılıb. Hər iki obyekt "Lukoil-Nijnevoljskneft"ə məxsusdur.

2000-ci ildə kəşf edilən Yuri Korçagin neft və qaz kondensat yatağı Xəzər dənizi şelfinin şimal hissəsində, Həştərxandan 180 kilometr aralıda yerləşir. Açıq mənbələrə görə, yataqda çıxarıla bilən ehtiyatlar 28,8 milyon ton neft və 63,3 milyard kubmetr qaz həcmində qiymətləndirilir. Orta hesabla, yataq gündə 223.000 tondan çox neft hasil edir.

SBU Filanovski yatağının Rusiyada və Xəzər dənizinin Rusiya sektorunda ən böyük kəşfiyyat olunmuş yataqlardan biri olduğunu vurğulayıb.

“Bloomberg”-in məlumatına görə, uzun mənzilli dronlar yataqda fəaliyyət göstərən platformaya ən azı dörd dəfə zərbə endirib. Yataqdan neft Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə ixrac olunur. Agentlik mənbəyi hücum nəticəsində yataqdakı 20-dən çox quyuda hasilatın dayandırıldığını bildirir.

AzPolitika.info