Ukrayna uduzduğunu etiraf edir - Sensasion detallar

2022-06-10 17:14:00

Ukrayna uduzduğunu etiraf edir - Sensasion detallar

Ukrayna rəsmiləri son bir neçə gündə bizim “real vəziyyət”, rusların “etiraf” deyə biləcəyi açıqlamalar verir:

- Bizə Avropada istənilən ordu ilə döyüşmək üçün kifayət qədər silah bəs edərdi, amma Rusiya ordusu ilə yox;

- Hər gün 100-ə qədər hərbçi itiririk, yaralılıların sayı gündəlik 1500-ə qədər çata bilər;

- Donbasda gedən artilleriya müharibəsində Rusiyaya uduzuruq;

- Severodonetsk bölgəsindəki bəzi ərazilərdə düşmən qüvvələri Ukrayna qüvvələrini 10 dəfə üstələyir...

Və bu qəbildən olan açıqlamalar Zelenki, Reznikov, Skibitski kimi yüksək səviyyəli rəsmilərin dilindən səsləndirilir.

100 gündən çoxdur davam edən müharibənin ilk aylarında “Rusiyanın məğlub olduğu” və “müharibənin Rusiyanın məhvi ilə nəticələnəcəyi” fikirləri beynəlxalq mediada geniş şəkildə tirajlanırdı. Bəzən, hətta bir çox halda cəbhədəki real vəziyyətlə uzlaşmayan bu informasiyaların yayılmasında Qərbin öz, Ukraynanın öz marağının olduğu bəllidir:

- Qərb bununla digər ölkələrə “məğlub olan” və “dağılması qaçılmaz olacaq Rusiya cəbhəsində yer almayın” mesajını çatdırırdı;

- Ukrayna həm xalqı, həm də ordunu “ayaqda saxlamaq” üçün informasiya cəbhəsində döyüşürdü.

Müharibənin yazılmamış qaydaları fonunda anlaşılan idi də. Hərçənd, rəsmi Kiyevin son açıqlamaları iki istiqamətdə diqqət çəkir.

İnformasiya və reallıq arasındakı fərqlər:

- Qərbdən verilən, yaxud verildiyi deyilən silahlar hardadır?

Misal üçün, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyir ki, Ukraynanın bir artilleriyasına qarşı Rusiyanın 10-15 artilleriyası var, gün ərzində 5-6 min mərmi istifadə edirik. Balansımızda olan bütün sursatlarımızı istifadə etmişik.

Necə olur, 100 gündür silahlandırılan Ukraynanın balansındakı bütün sursatlar bitir?!

- ABŞ-ın II Dünya müharibəsindən sonra ilk dəfə qəbul etdiyi “Lend-liz” qanunu və 40 milyardlıq yardım paketi niyə işə yaramır?

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyir ki, ABŞ-dan “Lend-liz” çərçivəsində ilk hərbi texnika təxminən 2-3 həftəyə çatmalıdır.

Hesab etmək olar ki, 3 həftədən sonra Ukraynanın əli güclənəcək, lakin indiyə qədər mediada göndərildiyi yayımlanan “silah partiyaları” rəsmi Kiyevin ən azı indiki kimi danışmamasına səbəb olmalı idi.

Açıqlamalar və cavabsız qalan suallar Ukrayna cəbhəsində müəmmaların olduğunu deməyə əsas verir, həm də artıq tədricən aydın olur ki, döyüşlərdə real vəziyyətlə mediada yazılanlar arasındakı fərq informasiya savaşında lazım olandan daha artıq şişirdilirmiş, yaxud buna Qərbin döyüşlər başa çatmadan Ukraynanı artıq qalib etdiyi kimi də baxa bilərik.

Siyasi manevrlər, geosiyasi şərtlərin dəyişməsi:

- Ukrayna rəsmiləri rusların “etiraf” olaraq qəbul etdiyi açıqlamaları niyə verir?

Birincisi, rəsmi Kiyev daha çox dəstəyin əldə edilməsi məqsədilə “vəziyyət çətindir” görüntüsü yaratmaq istəyir: müharibənin başlanmasından etibarən zaman-zaman belə manevrlər edilib və nəticəsi də olub; hərçənd, Ukrayna 100 gün sonra da eyni manevrə əl atmaq məcburiyyətindədirsə, bunun özü belə proseslərin yolunda getmədiyinə işarədir;

İkincisi, Rusiyaya qarşı növbəti “tələ”: müharibə başlayanda Ukrayna “tam müdafiəsiz” taktikasından istifadə edərək, rus ordusunun Kiyevə qədər gəlişinə şərait yaratdı, ardınca şəhər döyüşlərində düşmənə ciddi zərbələr vurdu; eyni taktikanın yenidən işə salındığı ehtimalı mümkündür, hərçənd, Donbası böyük ölçüdə işğal edən rus ordusunun eyni “tələyə” ikinci dəfə düşəcəyi də inandırıcı deyil; hazırda rusların artilleriya və raket zərbələrinə üstünlük verdiyi də bunu deməyə əsas verir;

Üçüncüsü, geosiyasi şərtlər dəyişir, rəsmi Kiyev ordunu və ictimaiyyəti “mövqe döyüşünə” hazırlayır.

Enerji və taxıl böhranı fonunda Qərbdə “Ukrayna müharibəsinin necə bitməsi” üzərində fikir ayrılığını dərinləşdirib. Hətta Ukraynaya dəstək verən ABŞ-Britaniya cəbhəsində belə “səngimələr” müşahidə olunur. Baydenin “Sülh üçün Ukrayna Rusiyaya torpaq verməlidirmi” sualına cavabında “Qərarı Ukrayna verməlidir, lakin sülh üçün torpaq məsələsində güzəştə gedib masaya əyləşməsi lazım ola bilər” açıqlaması da bu kontekstdə diqqət çəkir.

Mümkündür ki, Qərbin Rusiyanın Donbası işğal etməsi ilə “mövqe müharibəsi” mərhələsinə keçid planı var. Hadisələrin bu cür inkişafı – “mövqe müharibəsi” ilə döyüşlərin səngiməsi və əsas mübarizənin danışıqlar masasında aparılması enerji və taxıl böhranının da müəyyən qədər həllinə imkan versin. Ukrayna rəsmilərinin “real vəziyyət” haqda açıqlamaları da müharibənin növbəti mərhələsinə hazırlıq məqsədi daşıya bilər.Axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya