Ukrayna tezliklə Krımı da İŞĞALDAN AZAD EDƏ BİLƏR

2022-09-13 10:46:00

Ukrayna tezliklə Krımı da İŞĞALDAN AZAD EDƏ BİLƏR

"Rusiyanın məğlubiyyəti Putinin hərbi-kəşfiyyat tərəfindən hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnə bilər"

Məhəmməd Əsədullazadə: "Rusiya ordusunun keyfiyyəti və döyüş qabiliyyəti kifayət qədər zəifləyib, odur ki, Kreml üçün yolun sonu görünür"

Ərəstun Oruclu: "Rusiya 90-ların birinci yarısında Azərbaycana, Gürcüstana və Moldovaya yaşatdığı aqibəti yaşamağa məhkumdur"

Son günlər Rusiya-Ukrayna cəbhəsində yaşananları incələdikdə aydın şəkildə görünür ki, artıq rus ordusunun gücü tükənib və bu səbəbdən də Ukrayna qoşunlarının sürətli əks-hücumlarına duruş gətirə bilmir. Bununla bağlı Ukrayna Müdafiə Nazirliyinin yaydığı informasiyada deyilir ki, Rusiya hərbçiləri cənub istiqamətində silahı yerə qoymaqla bağlı Ukrayna ordusu ilə danışıqlar aparırlar. Bildirilri ki, rus hərbçiləri silahlarını yerə qoymaq və beynəlxalq humanitar hüququn himayəsi altına girəcəkləri ilə bağlı şərtləri müzakirə etməyə çalışırlar.

ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun dəyərləndirməsində isə qeyd olunur ki, Ukrayna qoşunları sürətli əks-hücumla demək olar ki, bütün Xarkov vilayətini geri alaraq Rusiyanı böyük məğlubiyyətə uğratdı: "Ukrayna rəhbərliyi cənubdakı zərbələri müzakirə edərək Xarkov bölgəsindəki niyyətləri barədə rusları çaşdırdı. Ukrayna müharibənin gedişatını öz xeyrinə çevirdi. Kiyev böyük hərbi əməliyyatın yerini və xarakterini getdikcə daha çox diktə edəcək və Rusiya Ukraynanın artan fiziki və psixoloji təzyiqinə getdikcə qeyri-adekvat cavab verəcək". Britaniya Müdafiə Nazirliyinin məlumatında siə deyilir ki, rus işğalçı qüvvələri yalnız müdafiəyə keçmək məcburiyyətindədirlər: "Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki uğurları rus əsgərlərinin Rusiyanın ali hərbi rəhbərliyinə inamını daha da sarsıdacaq. Ukraynanın uğurlu hücumuna görə Rusiya qoşunlarını Oskol çayının qərbindəki Xarkov vilayətindən çıxarmaq əmri verib. Bu sektorda rusların müqaviməti qalır, lakin çərşənbə günündən bəri Ukrayna Böyük London meydanından ən azı iki dəfə böyük olan ərazini geri alıb. Rusiya Xerson yaxınlığında ehtiyat əsgərlərini Dnepr çayı üzərindən cəbhə xəttinə daşımağa çalışır. Rusiyanın iki həftə əvvəl başladığı körpü tikintisi hələ də yarımçıq qalıb. Ukraynanın uzaqmənzilli artilleriyası Dnepr keçidlərini o qədər sürətlə vurur ki, Rusiya zədələnmiş yol körpülərini təmir edə bilmir. Ukraynanın cəbhədəki sürətli uğuru Rusiyanın ümumi əməliyyat sxeminə ciddi təsir göstərir".

"Rusiyanın Ukraynada məğlubiyyəti Cənubi Qafqazda sülhün əldə edilməsi ilə nəticələnəcək"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ukraynanın avqustun axırı, sentyabrın əvvəlindən əks-hücum əməliyyatlarına başlayacağı gözlənilirdi: "Xarkov vilayətinin şəhər və qəsəbələrinin, Liman kimi strateji şəhərlərin işğaldan azad edilməsi Ukrayna Silahlı Qüvvələrinin psixoloji döyüş üstünlüyünü artıracaq. Görünür, döyüşən birliklər ABŞ və Böyük Britaniyanın hazırladığı elit qüvvələrdən ibarətdir. Rusiya İzyum və Xarkov ətrafı digər ərazilərdən çəkildiyini etiraf edir. Rusiyanın çağırışçılardan formalaşdırdığı birliklərə gəldikdə isə bu qüvvələr döyüşə bilmir və əraziləri tərk edir. Ukrayna eyni hücumu Zaparojiyə edəcək. Bu istiqamətdə ərazilər azad edildikdən sonra növbə Mariupol olacaq. Ondan sonra Xersona hücum əməliyytaları həyata keçiriləcək. Çünki Mariupolu azad etməklə Xersonla quru yolu kəsəcəklər. Bu da öz növbəsində, Rusiyanın Xerson və Krımla quru əlaqəsinin kəsilməsidir".

Operativ-taktiki olaraq üstünlüyün Ukrayna Silahlı Qüvvələrinin əlinə keçdiyini qeyd edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Ukraynanın artan hücumları fonunda rus qüvvələrinin hücumları effektli olmayacaq: "Ukraynanın uğurlu hücumları nəticəsində Rusiyanın geri çəkilməsi tərəflər arasında bir neçə aydan sonra danışıqlar prosesinin başlanması ilə nəticələnə bilər. İki ölkə arasında əsas vasitəçinin isə Türkiyə olacağı şübhəsizdir. Hazırda Ankara Ukraynanın təşəbbüsü ələ alıb Rusiya qüvvələrinin çıxarılmasını gözləyir. Bundan sonra Ankara Rusiyanın Kiyevin şərtləri ilə razılaşmağa məcbur olacağı danışıqlarda vasitəçilik edəcək. Düşünürəm ki, əgər proseslər bu cür davam edərsə, onda Ukrayna Krımı da işğaldan azad edə bilər. Çünki Rusiya bu gün də İkinci Dünya müharibəsinin taktikası ilə əməliyyat aparır. Rusiyanın silahlı qüvvələrinin keyfiyyəti və döyüş qabiliyyəti kifayət qədər zəifləyib. Odur ki, Kreml üçün yolun sonu görünür. Şübhəsiz ki, Rusiyanın Ukraynada məğlubiyyəti Vladimir Putinin hərbi-kəşfiyyat tərəfindən hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnə bilər. Bundan başqa, Rusiya Ukraynada məğlubiyyəti fonunda Avropaya qaz verilişini bərpa edəcək. Çünki maliyyə itkiləri sosial-iqtisadi vəziyyəti ağırlaşdıracaq. Ona görə də daxili sosial vəziyyəti stabil saxlamaq üçün Rusiyaya maliyyə lazımdır. Həmçinin, qeyd edim ki, Vladimir Putinin nüvə silahına əl atması mümkün deyil. Ordunun yuxarı eşalonunda təmsil olunanlar məğlubiyyətin fərqindədirlər. Odur ki, hərbi-kəşfiyyat sistemi Rusiyanın nüvə silahını işə salmasına imkan verməz".

Politoloqun fikrincə, Rusiyanın Ukraynada məğlubiyyəti Cənubi Qafqazda sülhün əldə edilməsi ilə nəticələnəcək: "Üç ildən sonra Rusiya sülhməramlı qüvvələrinin çıxarılmasını reallaşdırmalıyıq. Həmçinin, Ermənistandakı "102-ci" rus hərbi bazasının bağlanması da gündəmə gələcək. Yeni dünya nizamı qurulur. Rusiya yeni dünya nizamında yer almayacaq. Prosesi ABŞ aparır və bu səbəbdən də Azərbaycan yeni dünya nizamı fonunda ABŞ-la əlaqələri inkişaf etdirməlidir".

"Putinin hərbi komandanlığın nümayəndələri ilə görüşünün təxirə salınması, Kadırovun ziddiyyətli açıqlamaları da göstərir ki, artıq savaş Kremlin daxilinə keçir"

Rusiyanın Ukraynadakı fəlakətinin davam etdiyini vurğulayan siyasi şərhçi Ərəstun Oruclu isə qeyd edir ki, artıq Kreml təbliğatçılarının ritorikası dəyişib: "Təkcə son 3 gün ərzində rus ordusunun fiziki itkiləri bir yana, psixoloji məğlubiyyəti artıq ortadadır. Dünyanın "ikinci ordusunun" əsgər və zabitləri döyüş meydanından kütləvi şəkildə qaçmaqdadır. Kreml təbliğatçılarının ritorikası dəyişib. İndi onlar təkcə Rusiya daxilində deyil, nə qədər əcaib görünsə də, ruslarla ukraynalıları - dünən hikkəli şəkildə "məhv etmək lazımdır!" dedikləri Ukrayna "nasistlərini" - birliyə çağırırlar. Putinin hərbi komandanlığın nümayəndələri ilə görüşünün təxirə salınması, onun təlxəyi Kadırovun ziddiyyətli açıqlamaları da göstərir ki, artıq savaş Rusiyanın daxilinə, daha doğrusu Kremlin daxilinə keçir. İndi Rusiyada müharibə nəinki Kiyevi və ya heç olmazsa Donbası tam götürmək uğrunda deyil, Kremlə sahiblənmək uğrunda gedəcək. Biz bu mərhələni 90-ların birinci yarısında keçmişik və yaxşı bilirik ki, döyüş meydanında məğlubiyyət siyasi hakimiyyət uğrunda döyüşlərə yol açır. Həmin dövrdə Azərbaycana, Gürcüstana, Moldovaya bunu yaşatmış Rusiya indi özü eyni aqibəti yaşamağa məhkumdur".

Siyasi şərhçinin qənaətincə, bu, Azərbaycana yaxşı heç nə vəd etmir: "Çünki Kreml uğrunda mübarizə aparan qrupların Azərbaycandakı uzantılarının da paralel olaraq fəallaşması baş verir. Bu da sovet dövründən gələn bir növ siyasi hakimiyyət uğrunda mübarizənin ənənəsidir: öncə əyalətdə güclənmək, ardınca da Kremli ələ keçirmək. Moskvada hakimiyyət uğrunda savaşlarda iştirak edən qruplar isə təəssüf ki, bizim ölkəni də məhz əyalət kimi qəbul edirlər və ona görə də Azərbaycandakı əlaltılarına müvafiq komandalar verirlər. Bu mənada, Azərbaycanda son günlər baş verənlər Kreml uğrunda mübarizə aparan əsas qrupun - Nikolay Patruşevin başçılıq etdiyi Təhlükəsizlik Şurasının yerli şəbəkəsinin əməllərinin təzahürüdür".

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.066065