"Ukrayna təminatçı dövlət kimi Hindistana da ümid edir" - ELXAN ŞAHİNOĞLU

2022-06-16 11:24:00

"Kiyev həmçinin, təminatçı dövlətlər arasında Böyük Britaniya, Polşa və Türkiyəni görmək istəyir"

"Ukraynada ağır döyüşlər davam edir, hər iki tərəf itki verir. Buna baxmayaraq, rəsmi Kiyev gələcəkdə Ukraynanın təhlükəsizliyinə təminat verə biləcək dövlətlər barədə də düşünür, təklfilər irəli sürür. Dehlidə nəşr olunan “The Hindu” dərgisinin yazdığına görə, Ukrayna rəsmiləri təminatçı dövlətlər arasında Hindistanın da adını çəkiblər. Rusiyanın Hindistanla yaxşı əlaqələri olduğu nəzərə alınaraq Kremlin Kiyevin təklifinə qarşı çıxmayacağı ehtimal edilir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Politoloq qeyd edib ki, Kiyev Hindistanla yanaşı, təminatçı dövlətlər arasında Böyük Britaniya, Polşa və Türkiyəni görmək istəyir: "Rusiya birinci ikisini çıxmaqla Türkiyənin təminatçı olması əleyhinə çıxmayacaq. Kiyevin Hindistanı təklif etməsi bu ölkənin dünyada və bölgədə oynadığı rolla əlaqəlidir. Dehlinin hən Moskva, həm də Kiyevlə yaxşı münasibətləri var. Başqa sözlə, Hindistan siyasi baxımdan Rusiya və Ukraynaya eyni məsafədədir. Digər tərəfdən, Hindistanın Çinlə gərgin münasibətləri fonunda ABŞ-la strateji əlaqələrini genişləndirməsi də Ukrayna üçün faydalıdır. Ukrayna Hindistanın maliyyə və humanitar yardımına da ehtiyac duyur. Hindistanın özəl şirkətləri bu günə qədər Ukraynaya 230 ton humanitar yardım göndəriblər".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, Ukrayna təminatçı dövlətlər axtararkən Rusiyanın bu ölkəyə qarşı işğalçı müharibəsinin nə zaman bitəcəyi sual altındadır: "Kreml Ukraynanın şərqini tam işğal etmədən müharibəni bitirmək istəmir. Ukrayna isə şərqinin işğalıyla barışmadığından müharibənin uzun müddət davam edəcəyini proqnozlaşdırmaq olar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya